“ATİeconomy”nin yayadığı açıqlamada bildirilir ki, ATİ-də problemlərlə bağlı 300-dən çox tələbənin sosial şəbəkə qrupunda apardığı müzakirələrin şok nəticələri üzə çıxıb. Məlum olub ki, institutun tələbələrindən təqribən 40 faizi təhsilini bitirərkən diplom ala bilməyib: “Belə ki, institutda tədrisin qeyri-kafi təşkili nəticəsində 2010-cu il buraxılışında 150 tələbədən 70-i, bu il isə 60-dan çoxu diplom ala bilməyib. Belə nəticə alınır ki, tələbə 4 il ərzində təhsil almaq üçün pul ödəyir, lakin tələb olunan səviyyədə bilik verilmir, axırda da tələbə diplom ala bilmir. Hazırda təqribən 1250 əyani, 350 qiyabi, cəmi 1600 tələbəsi olan Turizm İnstitutunda 7000-dən çox kəsir var. Yəni orta hesabla hər tələbənin 4-5 kəsiri var. Tələbələrin tam çoxluğu bunun səbəbini özlərinin dərslərə məsuliyyətsiz yanaşması, qabiliyyətsiz olmaqla bilik alma potensiallarının olmaması ilə əlaqələndirmir. ATİ-də yaranmış neqativ vəziyyətin başlıca səbəbinin keçirilən fənlərin keyfiyyətsiz tədrisi ilə bağlı olması müəyyən edilib”.
Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov “Yeni Müsavat”a açıqlamasında deyib ki, tələbələrin səsləndirdikləri fikirlər reallıqları əks etdirmir: “Biz etiraf edirik ki, Azərbaycan Turizm İnstitutunda kəsilən tələbələr var. Bu fəxr ediləsi bir şey deyil. Ancaq orada göstərilən faktlar reallığı əks etdirmir. Əgər tələbə imtahandan kəsilirsə, bu onun özünün məsuliyyətsizliyi ucbatından olur. Bununla bərabər oxumayan tələbələr də var. Belələri institutu tərk edirlər. Burada kəsr səbəbindən tələbə xaric olunmur. Boloniya sisteminin qaydası belədir, müxtəlif ixtisaslardan asılı olaraq krediti (dərs saatları) doldurmaq lazımdır. İndi bitirə bilmirlərsə, 5 il, 6,10 ilə bitirə bilərlər. İmtahanların nəticələrini peşəkar kadrlar qiymətləndirirlər. Əgər buna kiminsə şübhəsi varsa, gəlib nəticələrlə tanış ola bilər. Biz imtahan nəticələrini maksimum obyektiv qiymətləndiririk”. E.Aslanov tələbələrin belə bir açıqlama ilə mətbuata müraciət etmələrini normal qarşıladığını söylədi: “Biz həmin tələbələrlə institutda müzakirələr apardıq. Görünür, bizim izahatlarımızla kifayətlənməyib bu məsələni mətbuata çıxardılar. Buna normal yanaşırıq. Ancaq bu müraciət institutun korporativ nüfuzuna və reputasiyasına mənfi təsir edir. Təəssüf ki, Azərbaycanda təhsil sahəsində aparılan uğurlu işləri qəbul etmək istəməyən qüvvələrə xidmət edən bəzi şəxslər öz şəxsi və qərəzli mövqelərindən çıxış edərək, ATİ-nin ünvanına bəzi internet saytlarında həqiqətə uyğun olmayan məlumatlar yaymağa çalışırlar”.
Qeyd edək ki, açıqlamanı yayan qrup üzvləri müraciətdə vəziyyətdən çıxış yolları da göstəriblər. Onların təklifləri bunlardır: “240 kredit toplayan hər bir tələbəyə diplom verilməli, yekun imtahanda bal limiti 31 yox, 17 olmalı, qayib limiti 10% yox, 30 % olmalı, tələbə kəsildisə növbəti dəfə imtahana girə bilmək şansını itirməməli, gecə və yay məktəblərinin qiyməti 50% endirilməli, ya da aşağı kurslarda kəsirdə oturmaq pulsuz olmalı, tələbəyə müəllim seçimində tam şərait yaradılmalıdır. Bunların hamısı milliləşdirilmiş boloniyada var, ancaq ATİ-də yoxdur”. E.Aslanov tələbələrin təkliflərinin də müzakirə edildiyini bildirdi: “Bu təkliflərin bəzisinə baxılacaq. Ancaq onların bir neçəsi mövcud təhsil qanunvericiliyinə ziddir. Biz bu məsələ ilə bağlı günün sonunda mətbuata daha geniş açıqlama verəcəyik”.
Günay Musayeva
Yeni Müsavat