Türk Dünyasının media birliyi

Türk Dünyasının media birliyi
MEDİA
14:02 29.10.2014
1506

“Dildə, fikirdə, əməldə birlik” fikrini şüardan real həyata çevirmək zamanıdır

İnsan daima nəsə öyrənməyə, nədənsə xəbər tutmağa can atır. O, eyni zamanda bildiklərini də başqaları ilə bölüşmək istəyir. Həm də çalışır ki, informasiya alma və ötürmə prosesi mümkün qədər tez baş versin. Tarix boyu informasiyanın növündən asılı olaraq onun əldə edilməsi və digərinə çatdırılması vasitələri də müxtəlif olub, elm və texnikanın inkişafı ilə dəyişərək getdikcə təkmilləşib. Hələ qədim dövrlərdə ölkə daxilində baş verən yeniliklər, ölkə başçısının əmr və göstərişləri şəhərin baş meydanına yığışan əhaliyə adətən carçılar vasitəsilə çatdırılırdı. Bir-birindən müəyyən məsafədə yerləşən şəhərlərə xəbər ötürülməsində isə çaparlardan istifadə olunurdu. Hərdən bu çaparları əhliləşdirilmiş poçt göyərçinləri də əvəz edirdi. Təbii ki, bütün bunlar ehtiyacın cüzi hissəsi miqdarında idi. İnsanlar hər gün, hər saat məsafədən asılı olmayaraq baş verənlərdən dərhal xəbər tutmaq, başqaları ilə qısa müddətdə əlaqə yaratmaq arzusundaydılar.

Müasir dünyada medianın rolu

Qatarın, daha sonra elektrik enerjisinin, bunun ardınca Morze əlifbasının və aparatının kəşfi informasiyanın yayılma sürətini əhəmiyyətli dərəcədə artırdı. Ötən əsrdə bu sahədə çox böyük uğurlar qazanıldı, hətta XX əsri "informasiya əsri" adlandıranlar da oldu. Qloballaşma prosesinin getdiyi bir zamanda cəmiyyət həyatında informasiyanın yeri və rolu daha da artıb. Müasir dünyada informasiya ən bahalı məhsullardan sayılır. İnformasiya işini və siyasətini düzgün quranlar başqalarını qabaqlayır, daha böyük nailiyyətlərə imza atırlar.

Müasir dünyanın inkişaf tendensiyasını şərtləndirən qloballaşma və inteqrasiya proseslərinin əsasında bir çox amillərlə yanaşı həm də KİV və onların yaradılmasını, eləcə də yayılmasını təmin edən texnologiyalar və müvafiq infrastrukturlar durur. İnsanların işdə və ya istirahətdə olmasından asılı olmayaraq fasiləsiz olaraq müraciət və istifadə etdikləri qəzetlər, jurnallar, kitablar, radio, televiziya, İnternet və s. kimi informasiya mənbələri və kommunikasiya vasitələri – başqa sözlə mediasistem müasir cəmiyyətin ən aparıcı və mühüm sahəsindən birinə çevrilmişdir.

Cəmiyyətin mühüm fəaliyyət sahələrindən biri olan hazırkı media sistemi İnformasiya cəmiyyəti şəraitində xüsusi rola malikdir. Belə ki, biliklərin rolunun, informasiya sektorunda çalışanların sayının, ümumi daxili məhsulun tərkibində informasiya sektorunun payının artması cəmiyyətin informasiyalaşdırılması ilə xarakterizə olunur. Bu baxımdan, kütləvi media müasir cəmiyyətdə ilkin informasiya istehsalçısı kimi mühüm yer tutmaqla, informasiya cəmiyyətinin formalaşmasında xüsusi rol oynayır.

Müasir mediasistemin strukturuna və əsas tərkib elementlərinə həm ənənəvi periodik və qeyri-periodik nəşrləri, elektron nəşrləri, audio-video xidmətləri və məhsulları, radio-televiziya verilişlərini hazırlayan müəssisələr, həmin xidmətləri təqdim edən infrastruktur, həm də İKT-in, İnternetin geniş yayılması ilə əlaqədar olaraq digər elektron vasitələr, texniki sistemlər, şəbəkələr və texnologiyalar daxildir. Ona görə də hesab etmək olar ki, müasir mediasistem və ona müvafiq olan mediaiqtisadiyyat formalaşmaqda olan İnformasiya Cəmiyyətinin mühüm sektorudur.

Qloballaşan maraqlar və Türk Dünyasının birlik zərurəti

İnformasiya əsrində və qloballaşmanın çağırışları şəraitində türk xalqlarının və cəmiyyətlərinin mədəni və siyasi müstəvidə inteqrasiyası üçün olduqca böyük zəmin yaranıb. Bu inteqrasiyanı sürətləndirə və daha çevik hala gətirə biləcək əsas amillərdən biri isə mediadır. Bu baxımdan türk ölkələrinin media zəminində inteqrasiyası, onların informasiya mübadiləsini, bir-birilərini daha yaxından tanımalarını, bir-birindən operativ xəbərdar olmalarını, həmçinin dünyada baş verən proseslərə daha çevik və birgə mənafedən reaksiya vermələrini təmin etmiş olacaq. Həmçinin, türk toplumlarının media sahəsində ortaq layihələri, iş birlikləri sözügedən sahədə təcrübə və bilik mübadiləsini təmin edəcək ki, bu da mediada yeni texnologiyaların, standartların türk ölkələrində tətbiqinə geniş imkanlar yaradacaq. Bu gün medianın dünyada təsir gücündən danışarkən, yeni medianın, sosial şəbəkələrin rolunu qeyd etməmək olmaz. Bu baxımdan türk cəmiyyətlərinin media müstəvisində iş birliyi, xeyli dərəcədə yeni media sahəsində əməkdaşlıqdan, inteqrasiyadan asılıdır.

Fərqli coğrafiyalara dağılmış türk xalqları arasında sosial media vasitəsi ilə yeni bir bağ qurmaq, dövrümüzün inkişaf prosesləri baxımından çox mühümdür. Yaxud belə bir bağlılığın, türkdilli xalqlar arasında bir əsr öncə var olan müştərək mədəni bağın - Təbriz, Səmərqənd, Kazan və Urumçidə oxuna bilən, İstanbulda çap edilən bir qəzetin və ya çağdaş dövrə uyğun bənzər media vasitələrinin yenidən qurulması da mühümdür. Siyasi olaraq bəzən pərakəndə bir halda olan türk xalqlarının, mədəni birləşməsinə yol açacaq bənzər təşəbbüslər iqtisadi və sosial paralellər üçün də bir canlanmaya səbəb olacaq. Xüsusilə, ortaq dil və əlifba məsələlərinin aşılmasında, bu cür təşəbbüslərin müsbət nəticələri olacaq. Yeni mediada iş birliyi sayəsində bir-birilərini daha real təqib edə bilən türk xalqları, aralarında yaradılan süni fərqliliklərin əslində nə dərəcədə bəsit olduğunu bir daha görə biləcəklər. Yeni media sosiologiyası baxımından da bu cür təşəbbüslərin önəmli ictimai sonuclara hamilə olduğunu ifadə etmək istərdim.

Atatürk və Heydər Əliyevin tarixi vəsiyyəti

XX əsr Türk Dünyasının toparlanması və tarixi zərbələrdən silkinərək özünə qayıdışı kimi yadda qaldı. Ötən yüzilin iki böyük şəxsiyyətinin göstərdiyi yol bütün türkdili xalqlar üçün örnək oldu. Hələ Sovetlər dönəmində onlarla türk qövmlərinin əsarət altında olduğu bir zamanda Böyük Türk Lideri Mustafa Kamal Atatürk “bir gün sovetlər birliyi dağılacaq və bu dəmir qalpağın altından müstəqil türk dövlətləri çıxacaq. Türkiyə indidən həmin günə hazır olmalıdır” demişdi. İllər keçdi, Atatürkün dediyi zaman çatdı və o zamanda Türk Dünyasının birliyini Ümummilli Lider Heydər Əliyev daha qəti ifadə etdi: “Türkiyə və Azərbaycan bir millət iki dövlətdir”. Bu gün artıq bir millətin iki dövlətdən daa çox sayda dövlətlərin sahibinə çevrilməsinin ideoloji, siyasi və iqtisadi əsasları məhz bu iki liderin vəsiyyəti əsasında qurulub.

Qeyd edək ki, çağdaş dövrdə türkdilli ölkələrin və toplumların media birliyini formalaşdırmaq yolunda atılan ən önəmli addımlar sırasında Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin yaradılmasını, Türkdilli Ölkələrin və Toplumların Media forumlarının keçirilməsini xüsusi vurğulamaq lazımdır. Adıçəkilən Birliyin Nizamnaməsində də türk xalqlarının və toplumlarının mediada inteqrasiyası üçün vacib nüanslar öz əksini tapıb. Məsələn, sənəddə beynəlxalq arenada türkdilli ölkələr arasındakı əlaqələrin sağlam təməllər üzərində qurulması prinsipi, həmçinin bu ölkələrdə yaşayan millətlərin qarşılıqlı anlayış və dialoq, mədəni yaxınlıq kimi ortaq dəyərlərə sadiqliyi əsas tutulmaqla, qarşılıqlı fəaliyyət aspektləri müəyyənləşdirilib. Burada medianın katalizator rolu önə çəkilir, birgə tarixi köklər, mədəniyyət, dil, adət-ənənə, məişət yaxınlığının təbliğindəki əməkdaşlıq istiqamətləri əksini tapır. Nizamnamədə dünyaya inteqrasiya üçün peşəkarlıq vərdişlərinə yiyələnmə, təcrübə mübadiləsinin gücləndirilməsi də vacib amillərdən biri kimi qeyd edilir.

Ortaq türk media qurluşlarına doğru

Müasir dövrdə qaynar qazanı xatırladan dünyada bir sıra Türksoylu xalqlar ictimai və siyasi səbəblər üzündən beynəlxalq ictimaiyyət qarşısında haqsızlığa məruz qalır, onların əsas insan hüquq və azadlıqları pozulur. Türk xalqlarının üzləşdikləri bu cür problem və aktual məsələlər təəssüf ki, beynəlxalq KİV-də, eləcə də yaşadıqları ölkə mətbuatında obyektiv işıqlandırılmır ya da təhrif edilir. Bu səbəbdən də Türk xalqlarının öz vətənlərində media vasitəsi ilə deyə bilmədiyi fikirlər və mövzular məhz ölkədən kənarda kütləvi informasiya vasitələrinin yaranmasını zəruri edir və bu cür dərgi, sayt, radio və TV-lər meydana gəlir. Bu fəaliyyət öz növbəsində Türk xalqları diaspor mətbuatının formalaşmasına da şərait yaradır.Türksoylu xalqların arasında informasiya şəbəkəsinin qurulması və toplumların bir-birinə daha yaxın olması üçün medianın üzərinə bir sıra vəzifələr düşür. Bildirək ki, bu istiqamətdə artıq xeyli işlər görülmüşdür. 2010-ci ilin dekabrında Ankarada, 2011-ci ilin oktyabrında Bakıda, 2013-cü il noyabrında Bişkekdə Türkdilli Ölkələrin və Toplumların forumları təşkil olunub, Türkdilli Ölkələrin Media Birliyi yaradılıb. Adət-ənənə, dil, din birliyinə, məişət yaxınlığına əsaslanan, ortaq maraqlara söykənən bu cür qarşılıqlı media əməkdaşlığı hər bir türk toplumunun qloballaşan dünyaya inteqrasiyasını sürətləndirir. Türkdilli xalqların bir-biriləri barədə daha çox informasiyaya malik olmaları həmin maraqlara bilməyərəkdən zərər gətirilməsinin qarşısını alır. Digər tərəfdən, türkdilli ölkələrin jurnalistləri arasında şəxsi və peşə münasibətləri formalaşır. Bütün bunlar gələcəkdə ölkələrin vahid informasiya məkanında təmsilçiliyi üçün münbit zəmin yaradır. Hesab edirəm ki, əlaqələrin genişlənməsi onların milli-mənəvi ənənələrini daha da inkişaf və təbliğ etdirmək yönündəki fəaliyyətini əsaslı şəkildə gücləndirəcək.

P.S. Bu yazı “Türkdilli ölkələrin media birliyi: tarixi zərurətin doğurduğu reallıq” mövzusunda Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşavirliyi, Azərbaycan Mətbuat Şurası və Türkiyə Nazirlər Kabinetinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin keçirdiyi yazı müsabiqəsinə təqdim edilmək üçün hazırlanmışdır.

Əlişir Əhəd

ali_ahad@mail.ru

Tia.az saytının rəhbəri

OXŞAR XƏBƏRLƏR