Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında qardaşlıq, qarşılıqlı etimad və həmrəylik əsasında qurulan əməkdaşlıq əlaqələri Türk dünyasının gələcəyinə ümidlə baxmağa əsas verir. Müasir dövrdə qlobal və regional təhlükəsizlik çağırışları fonunda siyasi koordinasiya və birgə fəaliyyət TDT-nin potensialını daha aydın şəkildə ortaya qoyur.
Bu gün Türk Dövlətləri Təşkilatı yalnız əməkdaşlıq platforması kimi deyil, beynəlxalq münasibətlər sistemində getdikcə daha çox diqqət çəkən siyasi və iqtisadi əməkdaşlıq formatı kimi çıxış edir. Ortaq tarix, dil, mədəniyyət və milli-mənəvi dəyərlər türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırır.
Türk dövlətlərinin yerləşdiyi geniş coğrafiya da bu əməkdaşlığın əhəmiyyətini artırır. Qafqazdan Mərkəzi Asiyaya, Anadoludan Xəzərin şərq sahillərinə qədər uzanan məkan nəqliyyat, enerji, logistika və ticarət əlaqələrinin inkişafı üçün böyük imkanlar yaradır. Bu baxımdan türk dövlətlərinin Avropa ilə Asiya arasında mühüm bağlantı rolunu oynaması xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə səsləndirdiyi fikirlər də Türk dünyası ilə strateji münasibətlərin əhəmiyyətini bir daha göstərir. Dövlət başçısı TDT-nin beynəlxalq nüfuzunun artdığını və təşkilat çərçivəsində müzakirə olunan məsələlərin beynəlxalq gündəlik, təhlükəsizlik, ticarət, nəqliyyat və humanitar əməkdaşlıq kimi geniş sahələri əhatə etdiyini vurğulayıb.
Türk Dövlətləri Təşkilatının formalaşmasında 2009-cu ildə imzalanmış Naxçıvan Sazişinin xüsusi rolu var. Həmin sənədlə türkdilli dövlətlər arasında əməkdaşlığın institusional əsasları möhkəmləndirildi. Qarşılıqlı etimadın artırılması, sülhün və sabitliyin təşviqi, xarici siyasət məsələlərinə ortaq yanaşmaların formalaşdırılması və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirildi.
Naxçıvandan başlanan bu yol sonrakı illərdə qarşılıqlı səfərlər, müxtəlif formatlarda görüşlər və birgə layihələrlə daha da inkişaf etdi. Bu gün TDT-nin beynəlxalq müstəvidə rolunun artmasında üzv ölkələrin geostrateji mövqeyi, iqtisadi potensialı, nəqliyyat-logistika imkanları və enerji resursları mühüm amillər sırasındadır.
Nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində xüsusi strateji əhəmiyyət daşıyır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı kimi bu prosesdə mühüm rol oynayır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və digər regional layihələr türk dövlətləri arasında iqtisadi və nəqliyyat əlaqələrinin inkişafına imkan yaradır.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ümumi təhlükəsizlik məsələləri ilə birbaşa əlaqəlidir. Bu baxımdan Türk dünyasının malik olduğu nəqliyyat, enerji və kommunikasiya imkanlarının səmərəli şəkildə əlaqələndirilməsi həm üzv dövlətlərin, həm də daha geniş regionun maraqlarına xidmət edə bilər.
Türk xalqlarını birləşdirən əsas amillərdən biri də ortaq tarix və milli-mənəvi dəyərlərdir. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələr son illərdə daha da genişlənib.
Azərbaycanın türk dövlətləri ilə münasibətləri də xarici siyasətin mühüm istiqamətlərindən biridir. Qarşılıqlı səfərlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmləri, iqtisadi layihələr və investisiya təşəbbüsləri bu əlaqələrin praktiki müstəvidə inkişaf etdiyini göstərir.
Türk Dövlətləri Təşkilatının gündəliyində təhlükəsizlik, müdafiə, nəqliyyat, enerji və sərhəd sabitliyi kimi məsələlərin də yer alması təşkilatın fəaliyyət istiqamətlərinin genişləndiyini göstərir. Üzv dövlətlər arasında siyasi dialoqun və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi Türk dünyasının beynəlxalq platformalarda daha sıx əlaqələndirilmiş fəaliyyətinə imkan yaradır.
Prezident İlham Əliyevin "Türk dünyası bizim ailəmizdir” fikri də Azərbaycanın Türk dünyası ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti ifadə edir.
Bu gün ortaq tarix və mənəvi bağlar üzərində qurulan əməkdaşlığın daha geniş siyasi, iqtisadi və humanitar əlaqələrə çevrildiyini müşahidə edirik. Türk dövlətləri arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmlənməsi gələcəkdə də regional sabitlik, iqtisadi inkişaf və qarşılıqlı tərəfdaşlıq baxımından mühüm rol oynaya bilər.
Türk dünyasının birliyi yalnız keçmişə bağlı ortaq dəyərlərlə deyil, gələcəyə dair ortaq maraqlarla da möhkəmlənir. Bu baxımdan TDT çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi türk dövlətləri arasında əlaqələrin yeni mərhələyə yüksəlməsi üçün mühüm zəmin yaradır.
Müəllif: Akif Rəfiyev
Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri











































