“Azərbaycan təsirli addımlar atmalıdır”
Tahir Abbaslı: “Senatda qəbulolunan qanun türk-müsəlman dünyasına qarşı uzun illərdən bəri həyata keçirilən böyük planın bir hissəsidir”
AZXEBER.COM-un məlumatına görə, Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı Fransa senatında qondarma erməni soyqırımını tanımayanların cəzalandırılmasına dair qanun layihəsinin qəbl olunması ilə bağlı partiyanın mətbuat xidmətinə müsahibə verib. Müsahibəni diqqətinizə çatdırırıq.
- Tahir bəy Fransa Senatının “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul etməsini necə qiymətləndirirsiniz?
- Əvalla qeyd edim ki, bu qanun Milli Assambleyada qəbul olunandan sonra senatda da qəbul olunacağı gözlənilən idi. Biz bunu proqnozlaşdırmışdıq və baş verdi. Əlbəttə ki, belə bir qanunun qəbulu yol verilməz idi. Hesab edirəm ki, bütövlükdə Avropa Fransanın bu addımından əziyyət çəkəcək. Təsadüfi deyildi ki, həm Fransa cəmiyyətində, həm də senatda bu layihənin əleyhinə çıxanlar vardı. Onlar bunu başa düşürdülər. Sual oluna bilər: məgər digərləri başa düşmürdü? Əlbətdə başa düşürdülər. Sadəcə məsələ başqadır. Baxın, əksəriyyət, bizdə də, Türkiyədə də hesab edir ki, bu plan erməni lobbisinə məxsusdur və onların “əməyi” sayasində senatda qəbul olundu. Mən belə düşünmürəm. Fransanın Türkiyə kimi böyük dövləti qarşısına alması, dünya ictimaiyyətinin etirazlarına məhəl qoymaması ermənilərin xoş gələcəyi üçün deyil. Bu türk-müsəlman dünyasına qarşı uzun illərdən bəri həyata keçirilən böyük planın bir hissəsidir. Vaxtilə xristian dünyasının baş bilənləri müsəlman dünyasını zəiflətmək, sarsıtmaq, yox etmək üçün onlarla birgə yaşayışa imkan yaradırdılar. Hesab edirdilər ki, qarışıq yaşayış nəticəsində müsəlmanları öz təsirlərinə salacaq, onlara məxsus dəyərləri sıradan çıxaracaqlar. Başında elə Fransanın durduğu müstəmləkəçilik siyasətinin əsas prinsiplərindən biri də bu idi. Milyonlarla müsəlmanın Avropaya köç etməsinin səbəblərindən biri də elə bu idi. Amma nəticə onların istədiyi kimi olmadı. Xüsusilə də Avropaya köç edən müsəlmanlar nə dəyərlərini itirdilər, nə də azaldılar. Əksinə artım baş verdi. Xüsusilə də türklərin Avropaya təsiri daha güclü oldu. İndi xristian dünyası bu “səhvi” düzəltməyə çalışır. Yəni müsəlmanları, xüsusilə də türkləri Avropadan çıxarmağa çalışır. Fransa senatında ermənilərin xeyrinə qəbul olunan bu qanun də məhz bu missiyaya xidmət edir. Müsəlman, türk dünyası bütövlükdə bu planı, xristianlaşdırmanın həyata keçirildiyini, bu yolda ermənilərdən istifadə edildiyini dərk etməlidir. Xatırladım ki, 1915-1918-ci illərdə ermənilər türkləri məhz Fransanın göndərdiyi silahlarla qırmışdılar. Bütövlükdə Ermənistanın yaradılması türk dünyasına arxadan zərbə vurmaq üçündür. Məhz bu səbəbdən bu ölkənin işğalçılıq siyasətinə dəstək verilir.
- Bəzi ekspertlər Sarkozinin bu addımının may ayında keçiriləcək prezident seçkisinə hesablandığını deyirlər...
- Mən bu fikirləri bölüşürəm. Ola bilər. Hətta bu yoldan daxili siyasi-iqtisadi çətinlikləri ört-basdır etmək məqsədilə də istifadə olunması mümkündür. Amma bütövlükdə yuxarıda söylədiyim məqamın daha üstün olduğunu düşünürəm. Ola bilsin ki, Fransa Konstitusiya Məhkəməsi bu mərhələdə sözügedən qanunun əleyhinə qərar çıxarsın. Amma bir müddət sonra bu plan yenidən gündəmə gətiriləcək, növbəti addım atılacaq.
- Sizcə Türkiyə hansı addımları atmalıdır?
- Türkiyə dərin köklərə malik dövlətçilik ənənəsiolan böyük dövlətdir və bu mənada Fransanın bu addımı onu sarsıda bilməyəcək. O ki qaldı atılacaq addımlara, artıq qardaş ölkənin konkret iqtisadi-siyasi planı var. Hesab edirəm ki, Türkiyə bu planı reallaşdırmaq imkanlarına malikdir və reallaşdıracaq. Tarixi təcrübə göstərir ki, türklər belə məqamlarda geri çəkilmirlər. Nəzərinizə çatdırım ki, Türkiyə həm siyasi, həm də iqtisadi nöqteyi-nəzərdən Avropa üçün mühüm dövlətdir. Təkcə Fransa ilə Türkiyə arasında 30 milyard avroluq ticarət dövriyyəsi var. Fransanın Türkiyədə yatırımları mövcuddur. Bu mənada həm Avropa, həm də Fransa çətinliklərlə üzləşə bilər.
- Qardaş ölkənin üzləşdiyi durumda Azərbaycanın nümayiş etdirdiyi mövqe sizi qane edirmi?
- Qane etmir. Azərbaycan belə demək mümkündürsə mövqe nümayiş etdirmir. Bütövlükdə cəmiyyət qardaş Tütkiyənin yanındadır. Azərbaycan ziyalısı, fəhləsi, müəllimi, gənci qardaş ölkəni dəstəkləyir və əlindən gələni etməyə hazırdı. Amma bu dəstəyin böyük mənada ifadəsi üzə çıxmır, təsiri hiss olunmur. Bunun səbəbi Fransaya etirazın, Türkiyəyə dəstəyin təşkil olunmaması ilə bağlıdır. YAP nümayəndəsinin, Milli Məclis rəhbərliyinin, Prezident Apratının şöbə müdirinin dişsiz açıqlamaları bunu özündə ifadə etmir. Türkiyə ictimaiyyətinin bizdən umacağı böyükdür. Türk mediası ictimaiyyətin nə umduğunu açıq şəkildə dilə gətirir. Sadəcə izləmək lazımdır. Türk mediası Azərbaycanın Fransadan alınan orden və medallardan imtina etməsini, Fransanın ATƏT-in Minsk qrupundan çıxarılması məsələsində Türkiyəni dəstəkləməsini arzu edir. Mən şəxsən bu arzulara qoşuluram və hesab edirəm ki, Azərbaycan da təsirli addımlar atmalıdır. Hətta Azərbaycan hökuməti Fransanın ən iri vergi ödəyicilərindən olan “Total” şirkəti ilə müqaviləyə yenidən baxılması məsələsini gündəmə gətirməlidir.