Qənirə Paşayeva Nevşəhər Bələdiyyə başçısı Hasan Üneverə Nevşəhərdə mərkəzi küçə və parklardan birinə Azərbaycanın gözəl guşəsi olan Qarabağın adının verilməsini təklif edib.
AZXEBER.COM xəbər verir ki, millət vəkili Nevşəhərə səfər zamanı Nevşəhər bələdiyyə başçısı Hasan Ünever ilə görüşüb.Türkiyənin gözəl bölgələrindən olan Nevşəhərdə olmaqdan məmnun olduğunu deyən millət vəkili Qənirə Paşayeva bələdiyyə başçısına ölkələrimiz arasındakı əlaqələrdən və bu əlaqələrin günbəgün daha da sıxlaşmasından bəhs edib.“Türkiyə-Azərbaycan, bir millət, iki dövlətdir. Ümummilli lider Heydər Əliyevin bu sözləri hər iki ölkənin gəncləri üçün örnək olmalıdır. Türkiyənin uğuru Azərbaycanın və türk dünyasının, Azərbaycanın uğuru Türkiyənin və bütün türk dünyasının uğurudur. Ölkələrimiz arasındakı əlaqələr günbəgün möhkəmləndiyi kimi həmin əlaqələri Azərbaycan və Türkiyənin bölgələri arasında daha da möhkəmləndirməliyik. Elə Nevşəhərin Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşdırılması bu əlaqələrin daha da sıxlaşmasına gətirib çıxara bilər və bu istiqamətdə səylərimizi artırmağımız daha da vacibdir. Mən çox istərdim ki, yaxın zamanlarda Nevşəhərlə Azərbaycanın gözəl bölgələrindən biri arasında qardaş bələdiyyə sənədi imzalansın və gözəl əməkdaşlıq qurulsun”.Q.Paşayevanın bu fikrini bəyənən və dəstəkləyən Nevşəhər bələdiyyə başçısı Hasan Ünever qardaş ölkələrin bölgələrinin də qardaşlaşdırılması fikrini yüksək qiymətləndirdiyini və bu addımın birlikdə xeyli iş görmək üçün zəmin yaradacağını dilə gətirib. Və bu istiqamətdə özünün də səylərini artıracağını deyib.Hasan Ünever Q.Paşayevaya Nevşəhərin küçələrinə yeni adların veriləcəyini söyləyib. Millət vəkili bələdiyyə başçısının bu addımını yüksək qiymətləndirərək Nevşəhərdə mərkəzi küçələrdən və parklardan birinə Azərbaycanın gözəl guşəsi olan Qarabağın, digərinə isə əslən Qarabağdan olan çağdaş türk poeziyasının görkəmli nümayəndəsi ustad Yavuz Bülent Bakilərin adının verilməsini təklif edib.Qeyd edək ki, görüşdə Yavuz Bülent Bakilər də iştirak edib. Təkliflə razılaşan Hasan Ünever tezliklə millət vəkili Qənirə Paşayevaya Nevşəhərin fəxri vətəndaşı statusunun veriləcəyini bildirib.