Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq konsert “Heydər Əliyev və Türk Dünyası” adı ilə təşkil olunub və ümummilli liderin 90 illik yubileyinə həsr edilib.
Türkiyədən görkəmli sənətçi Həsən Sağındık, Azərbaycandan əməkdar artistlər Nuriyyə Hüseynova və Ağalar Bayramovun səhnə alacağı konsert “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) növbəti mədəniyyət layihəsi çərçivəsində gerçəkləşdirilir.
Tədbirdə respublikamızın və Türkiyənin ictimai-siyasi xadimləri, diplomatlar, QHT və KİV təmsilçiləri, sənətçilər, sənətsevərlər iştirak edəcəklər. (Giriş sər¬bəstdir.)
Konsert proqramı əsasən Türk Dünyası ünvanlı, vətənpərvər mövzulu mahnılarla süslənəcək.
Millət vəkili, ABAİ İB sədri dr. Qənirə Paşayevanın verdiyi məlumata görə, konsert may ayının 2-də (saat 19.00) baş tutacaq. Bir gün sonra isə Türkiyədən gələn qonaqlar (Həsən Sağındık, Mustafa Toyqar) və ABAİ İB rəhbərliyi Heydər Əliyevin 90 illiyi və 3 may – Türkçülük Günü münasibəti ilə Salyan rayon İcra Hakimiyyəti və ATXƏM-in birgə təşkilatçılığı ilə Salyanda təşkil olunacaq mədəni-kütləvi tədbirlərə qatılacaqlar.
4 may tarixdə isə yenə eyni səbəblə, ABAİ İB və Tovuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tovuzda – Qalaönündə möhtəşəm konsert təşkil olunacaq.
Arzu edənlər mayın 2 saat 19.00-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq konsert proqramında iştirak edə bilərlər. Giriş pulsuzdur.