Türkiyənin Azərbaycan siyasəti dəyişəcəkmi? (TƏHLİL)

Türkiyənin Azərbaycan siyasəti dəyişəcəkmi? (TƏHLİL)
Bütün Xəbərlər
12:00 20.09.2011
1639
Türkiyə Azərbaycana yönəlik siyasətini dəyişəcəkmi? Son günlər siyasi analitiklərin ən çox diqqət yetirdiyi mövzulardan biri Türkiyənin ərəb baharını dəstəkləməsi, baş nazir Ərdoğanın Misirdə, Tunisdə, Liviyada verdiyi açıq mesajlardır. 
Ərdoğan, prezident Gül birmənalı şəkildə «rejimlərin yox, xalqların yanındayıq» deyir. 
Türkiyə rəhbərliyinin yeni siyasi xətti Bakıda kəskin narazılıq doğurur. “Wikileaks” saytının açıqladığı məxfi teleqramlarda da iktərəfli münasibətlərin pərdəaraxasının dostluq və qardaşlığa uyğun olmadığını görünür. 
Rəsmi Ankaranın Azərbaycanda müxalifətin demokratiya tələblərini dəstəkləyib-dəstəkləməyəcəyi ciddi sual doğurur. 
Politoloq Qabil Hüseynli hesab edir ki, Ərdoğan Azərbaycanla bağlı ənənəvi siyasətindən kənara çıxmayacaq: “Azərbaycandakı vəziyyətlə, eləcə də ölkəmizin strateji mövqeyi ilə “ərəb baharı” ölkələrindəki vəziyyət oxşar deyil. Üstəlik yavaş-yavaş olsa da, Azərbaycan müəyyən islahatlara gedir. Qərbin irəli sürdüyü təklif və tövsiyələri həyata keçirməyə çalışır. Həmçinin Azərbaycanın neftdən başqa böyük qaz ehtiyatları var. Qərbin fonunda Türkiyənin burada hansı missiyanı həyata keçirə biləcəyini təsəvvür edə bilmirəm. Üstəlik qaz məsələsində Türkiyə tranzit rolunu oynayır. Bu saat Azərbaycana qarşı çevrilən maraqlar siyasi deyil, iqtisadi maraqlardır. Bu nöqteyi-nəzərdən Türkiyə üzünü müsəlman ərəb ölkələrinə çevirib. Daha çox bu ölkələrlə əlaqələrini genişləndirir və türk dilli ölkələrlə münasibətlərə o qədər də əhəmiyyət vermir. Odur ki, Türkiyə yaxın dövrdə Azərbaycana və türk dünyasına münasibətdə iqtisadi maraqları əsas götürəcək”. 
Politoloq Zəfər Quliyev isə deyir ki, Türkiyə rəsmiləri real siyasətin tərəfdarlarıdır. Onlar ilk növbədə yaranan siyasi konyukturanı, Türkiyə maraqlarını nəzərə alaraq xarici siyasətlərini buna uyğun qururlar: “İndiki mərhələdə ərəb ölkələrində gedən proseslər dünyanın diqqət mərkəzindədir. Ankarada neçə illərdir ki, bu regionda çalışır, İsraili sıxışdırıb təşəbbüsü ələ alır. Bu baxımdan Türkiyənin son addımları başa düşüləndir. Azərbaycanla münasibətlərə gəldikdə indiki mərhələdə Türkiyə hansısa yanaşmanın girovuna çevrilməyə çalışmayacaq. Son illər Ankara Azərbaycanla praqmatik siyasi əlaqələr qurur. İki ölkə arasında həll edilməyən məsələlərin olmasına baxmayaraq Türkiyə Azərbaycanın enerji sahəsində və regionda oynadığı rolu nəzərə alacaq və yaxın zamanlar üçün rəsmi Bakı ilə münasibətləri pozmağa yönəlik addım atmayacaq. Həm də biz çox zaman görürük ki, münasibətləri pozan Ankara deyil, rəsmi Bakıdır”.
Zəfər Quliyev hesab edir ki, Türkiyə Azərbaycanda demokratiya, islahatlar, söz azadlığı ilə bağlı mesajlar verəcək, sadəcə bunun zamana ehtiyacı var: “Bu o vaxt baş verəcək ki, Azərbaycan daxilində siyasi proseslər Türkiyə üçün əhəmiyyət kəsb etməyə başlayacaq. Ankara regionda təsir imkanlarını genişləndirmək məqsədilə daxili siyasi proseslərə müdaxilə edə bilər. İndiki mərhələdə Azərbaycan hələ ki, geosiyasi baxımdan Kremllə Ağ Ev arasında ciddi seçim etməyib. Bakı Transxəzər layihəsini sözdə dəstəkləyir, əməldə ehtiyatlı mövqe tutur, NABUCCO layihəsi ilə bağlı qeyri-müəyyənlik var. Azərbaycanın belə siyasət apardığı və Rusiyanın regionda fəallığının artdığı dövrdə Ankara Azərbaycanı özündən uzaqlaşdıra biləcəyindən ehtiyatlanır. Azərbaycan rəsmiləri ilə münasibətləri korlasa, ölkə başqa səmtə yönələ bilər. Məncə, indi Türkiyə siyasətçiləri daha ağıllı, daha incə siyasətin aparılmasının tərəfdarlarıdır. O məqamı gözləyəcəklər ki, Azərbaycanda seçki ərəfəsində ciddi siyasi vəziyyət yaransın, daxildə siyasi fəallıq artsın, cəmiyyətdə hakimiyyətə qarşı ciddi etiraz dalğası olsun. Azərbaycanda hələlik bu vəziyyət yaranmayıb. Yaxın dövrdə rejimə qarşı ciddi xalq hərəkatının başlaması da gözlənilmir”./// bizimyol qəzeti
OXŞAR XƏBƏRLƏR