Xəbər verdiyimiz kimi, Türkiyənin Azərbaycandakı səfiri vəzifəsinə İsmayıl Alpər Coşqun təyin edilib.
Türkiyənin Xarici İşlər Nazirliyindən "trtazerbaycan"a verilən məlumata görə, İsmayıl Alpər Coşqun məmur fəaliyyətinə Dənizçilik İdarəsində məmur olaraq başlayıb. Daha sonra dənizçilik və aviasiya attaşesi və üçüncü katib olub.
Türkiyənin Moskvadakı səfirliyində ikinci katib, Yunanıstandakı səfirliyində baş katib vəzifəsində çalışıb.
XİN Aparatı Rəhbərliyi Xüsusi Müşavirliyinin baş katibi və xarici işlər nazirinin xüsusi müşaviri olub.
Daha sonra Romadakı səfirliyin baş katibi, Türkiyənin BMT Daimi Nümayəndəliyi Aparatının rəhbəri vəzifəsini tutub.
İsmayıl Alpər Coşqun XİN-in NATO və Avroatlantik Təhlükəsizlik İdarəsinin rəhbəri, Türkiyənin NATO-dakı Daimi nümayəndəliyi rəhbərinin müavini vəzifələrində də çalışıb.
Səfir təyinatından əvvəlki son vəzifəsi isə XİN-in Təhlükəsizlik və Kəşfiyyat İdarəsi rəhbərinin müavini olub.