İpoteka və Kredit Zəmanət Fondu (İKZF) vətəndaşlara mənzil əldə etmə imkanlarını genişləndirmək məqsədilə Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində 201 tam təmirli mənzili satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində təklif edib.
AZXEBER.COM-un məlumtına görə, yeni mənzillər 1, 2 və 3 otaqlı olmaqla təqdim olunur və aylıq ödənişlər 347 manatdan başlayır. Mənzillərin seçimi 17 oktyabr 2025-ci il saat 15:00-dan etibarən vətəndaşlar üçün açıqdır.
Müraciət və seçim prosesi Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən (e-gov.az platformasına inteqrasiya olunmuş şəkildə) həyata keçirilir.
Bu mexanizm çərçivəsində mənzil əldə etmək istəyən vətəndaşlar üçün bir sıra şərtlər müəyyən edilib. Kirayə müqaviləsinin minimal müddəti 3 il, maksimal müddəti isə 25 ildir. Vətəndaşın yaşı son ödəniş tarixinə qədər 70-dən çox olmamalıdır. Kirayəçi ilkin olaraq aylıq ödənişin azı 12 misli qədər məbləği qabaqcadan ödəməlidir.
Ödənişlər yalnız Azərbaycan manatı ilə aparılır. Vətəndaşlar müqavilə bağlandığı gündən etibarən mənzilə görə borcu vaxtından əvvəl tam ödəmək hüququna malikdirlər. Kirayə hüququnun başqa şəxsə ötürülməsi isə yalnız müqavilə qüvvəyə mindikdən 12 aydan sonra mümkündür.
Kirayəçi yalnız Azərbaycan Respublikasının vətəndaşı ola bilər. Onun məhkumluğu və ya vaxtı keçmiş maliyyə öhdəlikləri olmamalıdır. Yaş həddi müraciət zamanı 60-dan çox olmamalıdır və vətəndaş rəsmi gəlirə malik olmalıdır. Bundan əlavə, eyni zamanda Fondla iki aktiv kirayə müqaviləsinə sahib olmaq qadağandır.
Fond mənzilləri müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar dəyərinə uyğun olaraq sığortalayır.
Sənədlər və müraciət qaydası
Müraciət üçün vətəndaşlarda ASAN imza və ya e-imza sertifikatı olmalıdır. İKZF-nin məsul əməkdaşı ilə görüş zamanı aşağıdakı sənədlər təqdim edilir:
Şəxsiyyət vəsiqəsi
Gəlirləri təsdiq edən sənədlər
Məhkumluq haqqında arayış
Ailə tərkibi və azyaşlı uşaqların şəxsiyyət sənədləri
Nikahın mövcudluğunu və ya pozulmasını təsdiq edən sənədlər.