Ukrayna Azərbaycanlı Gənclər Birliyinin 3-cü Ümumukrayna Forumu çərçivəsində “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi. Tarix, danışıqlar prosesinin gerçəklikləri, hazırkı vəziyyət və perspektivlər. Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyət prinsipləri, gənclərin bu fəaliyyətdə rolu”mövzusunda panel keçirilib.
AZXEBER.COM-a verilən məlumata görə, panelin moderatoru Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov münaqişənin həlli ilə bağlı aparılan danışıqlar, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu sahədə göstərdiyi əzmkarlıq, icmanın işi barədə ətraflı məlumat verib. Orxan Əkbərov bildirib ki, İcma özünün fəaliyyətində məhz qarabağlı gənclərlə işləməyə üstünlük verir. Çünki onlar Qarabağ müharibəsini öz taleyində yaşayan insanlardır, onların Qarabağ həqiqətlərini dünyaya çatdırmaqda göstərdikləri vətənpərvərlik, qarabağlı təəssübkeşliyi digər gənclərə də örnək ola bilər. Əlaqələndirmə Şurası sədrinin sözlərinə görə, bununla bağlı Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması yeni layihələr həyata keçirməyə başlayıb. Panelin qonaqları Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Ukraynadakı Səfiri Eynulla Mədətli, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Ceyhun Osmanlı, Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru Neymət Nağdəliyev və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Forumunun baş katibi Vüsal Qurbanov tələbələrin suallarına cavab verərkən münaqişənin tarixi aspektləri, müharibənin ölkəmizə vurduğu maddi-mədəni-mənəvi ziyan, Ermənistanın sülh danışıqlarında tutduğu qeyri-konstruktiv mövqe, Dağlıq Qarabağ münaqişəsinin regionun inkifında yaratdığı maneələr, regional təhlükəsizlik məsələləri və s. barədə danışıblar.
Sonda Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) təşkilatrçılığı və ASAIF–in dəstəyi ilə keçirilən Forumun yekun bəyanatı qəbul olunub . Bəyanatı səsləndirən UAGB-nin sədri Anar Tahirov bildirib ki, Şərqi Avropa və Ukraynada təhsil alan 350-dən çox azərbaycanlı gəncin qatıldığı forum iştirakçıları dövlət başçısının apardığı daxili və xarici siyasəti alqışlayır, qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edir:
“Əminik ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti növbəti beş ildə də böyük inkişaf yolu keçərək dünyanın ən qüdrətli ölkələri sırasında mövqeyini mökəmləndirəcək, xalqımızın rifah halının yüksəldilməsi istiqamətində mühüm uğurlara imza atacaq”.
Bəyanatda daha sonra qeyd olunub ki, Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclər müstəqil Azərbaycan dövlətinə xidmət etməyi özlərinə ən ümdə vətəndaş borcu hesab edir:
“Vətənimizin sıravi əsgərləri tək Cənab Prezident İlham Əliyevin əmrinə müntəzir olaraq istənilən zaman silaha sarılıb işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildirirlər.
Minlərlə azərbaycanlı gənci ətrafında birləşdirən UAGB-in hər bir üzvü Cənab Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın inişaf edərək beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilməsindən qürur duyur.
Son 10 ildə ölkəmizdə həyata keçirilən qlobal iqtisadi layihələr, regionların uğurlu inkişaf proqramı, xalqımızın sosial rifah halının bir neçə dəfə yaxşılaşdırılması, yaşadığımız və təhsil aldığımız Ukrayna ilə Azərbaycan arasındakı iqtisadi-siyasi, elmi-mədəni əlaqələrin dinamik inkişafı hər birimizdə böyük ruh yüksəkliyi yaradıb”.
ARDNŞ-nin Ukraynadakı nümayəndəliyinin və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən Forumda Avropanın 15 ölkəsindən 350-dən çox gənc iştirak edib.