Ukrayna prezidenti Viktor Yanukoviç Azərbaycana rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Ukrayna prezidenti Viktor Yanukoviçi hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Milli geyimli uşaqlar Ukrayna prezidentinə gül dəstələri təqdim ediblər. Hava limanının ali qonaqlar üçün salonunda prezident Viktor Yanukoviç və baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.
Daha sonra Ukrayna prezidenti Viktor Yanukoviçin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidenti İlham Əliyevə raport verib.
İlham Əliyev ukraynalı həmkarı Viktor Yanukoviçi qarşılayıb. Daha sonra fəxri qarovul dəstəsinin rəisi Ukrayna prezidentinə raport verib. Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndirilib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Ukrayna prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Viktor Yanukoviçə, Ukrayna nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.