Ukrayna Koreya Respublikası ilə konstruktiv dialoqun bərpasına açıqdır.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi bildirib.
"Bu həftə Koreya Respublikasının Ukraynadakı səfirini Xarici İşlər Nazirliyinə mövqeyimizi təqdim etmək və konstruktiv həllər axtarmaq üçün dəvət etdik. Əminik ki, diplomatiya emosiyalara qalib gəlməlidir. Seulun səfiri geri çağırmaq qərarına baxmayaraq, Ukrayna, vaxt aparsa belə, konstruktiv dialoqun bərpasına açıqdır", - deyə "Ukrayinska Pravda" nəşri Tixidən sitat gətirib.
Cümə axşamı günü Koreya Respublikasının Xarici İşlər Nazirliyi Ukraynadakı səfirini geri çağırmaq qərarına gəlib . Cənubi Koreya hökuməti "ikitərəfli münasibətlərdəki bütün məsələlərin həll olunacağına ümid edir". Cənubi Koreya hakimiyyəti həmçinin "Ukrayna ilə məsləhətləşmələri davam etdirmək" niyyətindədir.
Qeyd edək ki, Kiyevin iki Şimali Koreya hərbi əsirinin Seula təhvil verilməsi ilə bağlı məlumatlardan sonra Cənubi Koreya Ukraynadakı səfirini geri çağırıb.
Bu, 2025-ci ilin yanvar ayında Rusiya tərəfində Kursk bölgəsində gedən döyüşlər zamanı Ukrayna qüvvələri tərəfindən əsir götürülmüş iki Şimali Koreya hərbçisi ilə bağlıdır. Sentyabrın ortalarında onlar Cənubi Koreyaya gəlib və orada sığınacaq istəyiblər. Hərbi əsirlərin təhvil verilməsi barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski 23 sentyabrda BMT Baş Assambleyasındakı çıxışı zamanı açıq şəkildə elan edib. Daha sonra Seul Kiyevi təhvilvermə barədə məlumatı dərc etməmək barədə razılaşmanı pozmaqda ittiham edib.
Cənubi Koreya hakimiyyəti Şimali Koreyada qalan əsgərlərin və onların qohumlarının təhlükəsizliyi üçün məxfiliyin vacib olduğunu vurğulayıb. Seul Ukraynadan rəsmi izahat və üzr istəməyi tələb edib. Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon ukraynalı həmkarından üzr mesajı aldığını, lakin Cənubi Koreya tərəfinin razı qalmadığını bildirib.
///teleqraf///











































