Urmiyada azərbaycanlı siyasi fəala edam cəzası verildi
Bütün Xəbərlər
11:30 09.11.2011
1293
Urmiya İnqilab Məhkəməsi azərbaycanlı siyasi fəal Bəhruz Alxanini edam cəzasına məhkum edib.APA-nın məlumatına görə, Bəhruz Alxani İran hökumətinə müxalif qruplarla əməkdaşlıqda günahlandırılıb. Qeyd edək ki, Bəhruz Alxani digər azərbaycanlı siyasi fəal Əkbər Əkbərpurla birlikdə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən Urmiya şəhərində həbs olunub. Onlar bir il ETTELAAT-ın Urmiya şöbəsinin təcridxanasında təkadamlıq kamerada saxlanılıblar. Azərbaycanlı siyasi fəalların bu müddət ərzində ağır işgəncələrə məruz qaldığı bildirilir. Onların məhkəməsi bu ilin sentyabrında keçirilsə də, çıxarılan hökm barədə məlumat yeni yayılıb. Urmiya İnqilab Məhkəməsi eyni ittiham üzrə Əkbər Əkbərpuru 13 il həbs cəzasına məhkum etsə də, Bəhruz Alxani barəsində edam qərarı çıxarıb. Onlar heç bir vəkillə təmin olunmayıblar. Məlumata görə, ETTELAAT-ın təhdidi nəticəsində Bəhruz Alxani son məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamlardan özünü müdafiə edə bilməyib. Bu baxımdan azərbaycanlı siyasi fəal barəsində belə bir qərarın çıxarıldığı bildirilir. Hazırda Bəhruz Alxani qərarın icrasını gözləyir.