Uşağın yanında "pulumuz yoxdur" deməyin - Psixoloq
SOSİAL
22:40 19.06.2026
214
Uşaqların yanında danışılan mövzular onların düşüncə tərzinə, emosional vəziyyətinə və davranışlarına birbaşa təsir göstərə bilər. Bəzən böyüklərin adi hesab etdiyi söhbətlər belə uşaqlarda qorxu, narahatlıq və ya yanlış təsəvvürlər yarada bilir. Bəs uşaqların yanında hansı mövzuların müzakirəsindən çəkinmək lazımdır və bunun onların psixologiyasına təsiri nə ola bilər?
Məsələ ilə bağlı psixoloq Elnur Rüstəmov Demokrat.az-a bildirib ki, uşaqların yanında hansı mövzuların danışılmaması məsələsinə qəti qadağalar prizmasından deyil, onların yaş xüsusiyyətləri və emosional hazırlıq səviyyəsi baxımından yanaşmaq daha doğrudur:
"Uşaq ətrafında baş verən hadisələri eşidir, müşahidə edir və özünəməxsus şəkildə mənalandırır. Buna görə də bəzi mövzuların uşağın yanında nəzarətsiz və emosional şəkildə müzakirəsi onun psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. İlk növbədə ailədaxili münaqişələr, boşanma prosesləri, xəyanət, tərəflər arasında ittihamlar və aqressiv mübahisələr uşaqların yanında müzakirə edilməməlidir. Uşaq valideynlərini təhlükəsizlik mənbəyi kimi görür. Onların arasında davamlı gərginlik müşahidə etdikdə özünü təhlükədə hiss edə, narahatlıq və günahkarlıq yaşaya bilər. Bəzi uşaqlar hətta valideynlərin problemlərinə görə özlərini məsul hesab etməyə başlayırlar. Maddi çətinliklər, borclar və ailənin iqtisadi problemləri də uşağın yaşına uyğun olmayan formada müzakirə olunmamalıdır. Əlbəttə, uşağa ailənin maliyyə vəziyyəti barədə müəyyən məlumat vermək mümkündür. Lakin "pulumuz yoxdur”, "evimizi itirəcəyik”, "gələcəyimiz məhv olub” kimi ifadələr uşaqlarda güclü narahatlıq və qeyri-müəyyənlik hissi yarada bilər. Uşağın özünün və ya digər insanların fiziki xüsusiyyətlərini, zəif tərəflərini alçaldan söhbətlərdən də uzaq durmaq lazımdır. Uşaqlar böyüklərin münasibət modelini mənimsəyirlər. Başqalarını təhqir edən, lağa qoyan və ya ayrı-seçkilik yaradan söhbətlər onların dəyər sisteminə mənfi təsir göstərə bilər.
Valideynlərin digər ailə üzvləri, müəllimlər və ya yaxın qohumlar haqqında davamlı mənfi danışması da arzuolunan deyil. Uşaq bir tərəfdən həmin insanlarla münasibət qurmağa çalışır, digər tərəfdən isə onlar haqqında neqativ fikirlər eşidir. Bu ziddiyyət onun emosional dünyasında qarışıqlıq yarada bilər. Cinayət, zorakılıq, qəddarlıq və faciə xarakterli hadisələrin detallı şəkildə müzakirəsi də uşağın yaşına uyğun aparılmalıdır. Xüsusilə kiçik yaşlı uşaqlar belə məlumatları emal etməkdə çətinlik çəkirlər və nəticədə qorxu, kabuslar, yuxu pozuntuları və həyəcan halları yarana bilər. Uşağın özünü qiymətləndirən və şəxsiyyətinə zərbə vuran ifadələr isə ən təhlükəli mövzulardan biridir. "Səndən adam olmaz”, "qardaşın səndən yaxşıdır”, "sən bacarıqsızsan” kimi cümlələr uşağın özünəinamına ciddi zərər vurur və uzunmüddətli psixoloji izlər buraxa bilər.
Əsas prinsip ondan ibarətdir ki, uşağın yanında aparılan hər bir söhbət onun emosional təhlükəsizliyini qorumağa xidmət etməlidir. Uşaqlar böyüklərin düşündüyündən daha çox eşidir, anlayır və yadda saxlayırlar. Buna görə də valideynlər və böyüklər yalnız uşağa dediklərinə deyil, onun yanında bir-birlərinə dediklərinə də diqqət yetirməlidirlər. Uşağın sağlam psixoloji inkişafı üçün evdə təhlükəsiz, hörmətli və etibarlı ünsiyyət mühiti formalaşdırmaq son dərəcə vacibdir", - deyə o qeyd edib.