Uşaqlar arasında təhlükəli virus yayılıb? - AÇIQLAMA

Uşaqlar arasında təhlükəli virus yayılıb? - AÇIQLAMA
SOSİAL
22:09 17.06.2026
239
Son günlər sosial şəbəkələrdə ağcaqanad sancmalarından sonra uşaqlarda yeni xəstəliyin yayıldığına dair paylaşımlar müzakirələrə səbəb olub. İddialara görə, bəzi uşaqlarda yüksək hərarət, səpkilər və digər narahatlıq doğuran əlamətlər müşahidə edilir. Bu məlumatların nə dərəcədə doğru olduğu və valideynlərin hansı hallarda narahatlıq keçirməli olduğu isə suallar yaradır.
 
AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı pediatr Xəyalə Quliyeva Demokrat.az-a açıqlama verib.

O deyib ki, sosial şəbəkələrdə yayılan məlumatların heç bir tibbi və ya rəsmi əsası yoxdur:

"Ağcaqanad dişləmələri və sancmaları hər zaman olub və bundan sonra da olacaq. Sadəcə, allergiyaya meyilli uşaqlarda ağcaqanad sancdıqdan sonra həmin nahiyədə şişkinlik, qızartı və bərklik müşahidə oluna bilər. Bu, allergik uşaqlara xas olan normal reaksiyalardan biridir. Bununla yanaşı, əgər uşaqda qızdırma, baş ağrısı, halsızlıq, səpkilərin artması, qusma və ya ishal kimi əlamətlər yaranarsa, mütləq həkimə müraciət edilməlidir. Belə hallarda əlavə hər hansı xəstəliyin olub-olmaması araşdırılmalı və müvafiq müayinələr aparılmalıdır. Hazırda Azərbaycanda ağcaqanad sancmaları ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaları təsdiqləyən hər hansı rəsmi məlumat və ya epidemioloji vəziyyət mövcud deyil. Buna görə də vətəndaşlar təsdiqlənməmiş məlumatlara deyil, rəsmi mənbələrə və mütəxəssis rəylərinə etibar etməlidirlər”.

Beləliklə, sosial şəbəkələrdə yayılan qorxulu xəbərlərin reallığı əks etdirmədiyi və uşaqlar üçün yeni infeksiya təhlükəsinin olmadığı müəyyənləşib. Mövsümi həşərat sancmaları zamanı sadəcə fərdi allergik reaksiyalara qarşı diqqətli olmaq və profilaktik tədbirlər görmək kifayətdir. Valideynlərin əsassız şayiələrə inanmaması və uşaqların səhhətində fərqli narahatlıq gördükdə birbaşa peşəkar həkimlərə müraciət etməsi tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR