Son vaxtlar uşaqlar arasında qızdırma ilə müşayiət olunan müxtəlif xəstəliklərə daha çox rast gəlindiyi müşahidə olunur.
Xüsusilə mövsüm dəyişiklikləri zamanı uşaqlarda yüksək hərarət, halsızlıq, öskürək, burun axması və digər əlamətlərin ortaya çıxması valideynlərdə narahatlıq yaradır.
Bəzi hallarda qızdırma sadə virus infeksiyasının əlaməti olsa da, daha ciddi xəstəliklərin göstəricisi də ola bilər. Bu səbəbdən valideynlərin uşağın vəziyyətini düzgün qiymətləndirməsi və hansı hallarda həkimə müraciət etməli olduğunu bilməsi vacibdir.
Bəs uşaqlar arasında qızdırma ilə müşayiət olunan xəstəliklərin artmasına hansı amillər səbəb olur və valideynlər hansı əlamətlərə xüsusi diqqət yetirməlidirlər?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan həkim-pediatr Şəlalə Poluxova bildirib ki, uşaqlarda qızdırma ilə gedən xəstəliklərin artması əsasən mövsümi infeksiyaların aktivləşməsi ilə əlaqəli ola bilər:
"Son dövrdə uşaqlarda qızdırma ilə gedən xəstəliklərin artması əsasən mövsümi infeksiyaların aktivləşməsi, məktəb və bağçaların açılması ilə uşaqların bir-biri ilə daha çox təmasda olması və müxtəlif virusların eyni vaxtda dövr etməsi ilə əlaqəli ola bilər. Hazırda bir çox ölkədə uşaqlarda respirator infeksiyaların mövsümi artımı müşahidə olunur. Valideyn üçün isə temperaturun neçə olması qədər uşağın ümumi vəziyyəti də vacibdir. Uşaq qızdırmalı olsa da ayıqdırsa, valideynlə kontakt qurursa, maye qəbul edir və sidiyə gedirsə, bu, ümumiyyətlə daha sakitləşdirici əlamətlərdir".

Şəlalə Poluxova bildirib ki, bəzi əlamətlər müşahidə olunduqda valideynlər xüsusi diqqətli olmalı və həkimə müraciət etməlidirlər:
"Nəfəs almaqda çətinlik, çox sürətli nəfəsalma, nəfəs alarkən döş qəfəsinin içəri çəkilməsi, dodaqlarda və ya üzdə göyərmə, uşağın həddindən artıq yuxulu olması, oyatmaqda çətinlik, maye qəbulunun ciddi azalması, ağız quruluğu və uzun müddət sidiyə getməməsi kimi əlamətlərə xüsusi diqqət etmək lazımdır. Təkrarlayan qusma, qıcolma, qızdırma və öskürəyin yaxşılaşdıqdan sonra yenidən artması, güclü və davamlı ağrı, xüsusilə döş və ya qarın nahiyəsində ağrı, həmçinin səpgi ilə birlikdə uşağın ümumi vəziyyətinin pisləşməsi də ciddi əlamətlər hesab olunur".
Pediatr xüsusilə 3 aydan kiçik uşaqlarda yüksək temperatur zamanı həkimə müraciət edilməsinin vacibliyini vurğulayıb:
"Xüsusilə 3 aydan kiçik körpədə yüksək temperatur olduqda həkim tərəfindən təcili qiymətləndirmə lazımdır. Valideynlərin ən böyük səhvlərindən biri yalnız termometrdəki rəqəmə fokuslanmaqdır. Qızdırmanın özü çox vaxt orqanizmin infeksiyaya cavabıdır. Əsas məsələ onun hansı xəstəlik fonunda yarandığını və uşağın vəziyyətinin ağırlaşıb-ağırlaşmadığını qiymətləndirməkdir".
Fəridə Əsədzadə











































