Bu gün “Multimedia Mərkəzi ” “Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirib.
Tədbirdə bildirilib ki, son illərdə ölkədə genişzolaqlı internet istifadəçilərin və evlərdə internet istifadəçilərin sayının kifayət qədər artması uşaqların təhlükəsizliyinin diqqət mərkəzində saxlanılmasını zəruri edir. Buna görə də Multimedia Mərkəzi bu problemin hazırda aktual əhəmiyyət kəsb etməsini nəzərə alaraq bu istiqamətdə “Uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi” layihəsini həyata keçirir. Həmçinin qeyd edilib ki, dəyirmi masanın keçirilməsində əsas məqsəd uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ictimai müzakirələr təşkil etmək və cəmiyyətin müxtəlif təbəqələrinin potensialını bu istiqamətdə cəmləşdirilməsinə kömək etməkdir. Dəyirmi Masada uşaqların zərərli informasiyalardan qorunma yolları və bu sahədə problemlərin aradan qaldırılması istiqamətində uşaqlar, valideynlər və müəllimlər üçün zəruri olan metodiki-informasiya dəstəyi ilə bağlı müzakirələr aparılıb.
Tədbirdə müvafiq dövlət qurumlarının, təhsil müəssisələrinin, Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq qurumların nümayəndələri iştirak edib.