Uğurlar, Günay Novruz! - KÖŞƏ

Uğurlar, Günay Novruz! - KÖŞƏ
KÖŞƏ
02:19 12.02.2012
2994
Bu gənc və istedadlı xanımı təxminən 2009-cu ildən, o vaxt populyar olan ədəbiyyat saytlarından tanıyıram. O zamanlar yazdığı yazıları Günay Dağlı imzasıyla çap etdirirdi. İstedadlı, dinamik, enerjili bir xanımdır. Yaşıdları arasında seçilməyi bacaran, bitib-tükənməz enerjisi ilə yalnız irəliyə doğru addımlayan Günayla şəxsi tanışlığımız keçən il baş tutdu. O zaman “Underground sevgilər” adlı şeir kitabım yenicə çap olunmuşdu. Həmin ərəfədə, kitabın hələ təqdimatı baş tutmamış Günay məni Azərbaycan radiosunda hal-hazırda da müəllifi və aparıcısı olduğu “Addım- atdım ” proqramına dəvət elədi.
 İlk tanışlığımız belə başladı. Ədəbiyyat haqqında söhbətlərimizdən sonra onun ədəbi duyumu, dünyagörüşü və ədəbiyyata münasibəti mənim çox xoşuma gəldi. Beləcə Günay Dağlıyla dostluğumuz başladı və mən əlimə imkan düşdükcə onun yaradıcılığını izləməyə başladım. Bu yaxınlarda eşitdim ki, imzasını dəyişib daha “Günay Dağlı” imzası ilə yox, “Günay Novruz” imzası ilə özünü tədim edəcək. Səbəbini isə belə izah edir: “Düzdür, oxucularım, dinləyicilərim məni Günay Dağlı kimi tanıyıb. Ancaq bu imza konkret regionla bağlıdır. İstəmirəm ki, oxucularım, dinləyicilərim məni regionçu kimi tanısın. Bundan sonra Günay Novruz kimi tanınmaq istəyirəm”. Təbii ki, dostumun seçimini alqışladım və yeni imzasını ilk təbrik edənlərdən biri mən oldum. Tanışlığımızdan çox sonra bildim ki, Günay sevilən şairimiz Cabir Novruzla eyni nəsildəndir.
 Qoy Günayın oxucuları da, dinləyiciləri də bilsin ki, Günay Novruz, elə Günay Dağlıdır. İmzanın dəyişməsi sizi çaşdırmasın.
 Günay özünü yaradıcılığın müxtəlif sahələrində sınaqdan keçirir. Şair, publisist, yazıçı, veriliş aparıcısı, səs rejissoru...Əl atdığı hər işdə mükəmməl nəticə əldə eləməyə, gördüyü işin keyfiyyəti ilə fərqlənməyə çalışır. AzTV-ni sənət məbədi, peşəkar iş yoldaşlarını isə müəllimləri hesab edir. Əsas ixtisası jurnalistika olsa da müxtəlif sahələrdə özünü sınaqdan keçirir. Gördüyü işlərin keyfiyyətinə isə söz ola bilməz. Tələbə vaxtı yazdığı bir yazıya görə “Xan Qızı Natavan” mükafatı alıb. Hər kəsin eyni gözlə baxdığı məsələyə fərqli baxış sərgilədiyinə görə...
 Mətbuatda ilk addımını hələ tələbə ikən atıb. İlk müəllimləri, ona yol açan insanlar isə kifayət qədər tanınmış qələm adamlarıdır. Günay jurnalist fəaliyyətinə “Şərq” qəzetində başlayıb. Müəllimi Akif Aşırlını isə sayğıyla xatırlayır. Günayın mətbuata gəlişində müəllimi Akif Aşırlının böyük rolu var. Günay müəllimlərini hər zaman minnətdarlıqla xatırlayır. Ağalar Mirzə kimi ziyalıların onun yetişməsində böyük rolu olduğunu heç vaxt unutmur.
 İlk kitabı “Xoxan” 2009-cu ildə çap olunub. Kitaba aid xüsusi bir blog-da yaradıb və kitaba ayid bütün yazılar demək olar ki, bu blog-da toplanıb. Eynən kitabda olduğu kimi www.xoxankitabi.tk və www.xoxankitabi.wordpress.com blog-larında da Günayın publisistikası, şeirləri, mənsur şeirləri və hekayələri toplanıb. 
 Müəllifi olduğu verlişlərdə bəzən aparıcı olduğunu unudub həmsöhbəti ilə polimikaya girməyi də bacarır. Mən bunu onun bir neçə proqramında hiss eləmişəm. Bəzən içindəki yaradıcı enerji, mütaliəsi və ədəbiyyata olan sevgisi ona aparıcılıq eləməyə imkan vermir. Ancaq Günay məşğul olduğu işin məsuliyyətini dərk edən bir qələm adamıdır.
 Günayın şeirləri, hekayələri, mənsur şeirləri oxucunu düşündərməyi bacarır. Gənc və istedadlı qələm adamları içərisində Günay fərqlənməyi bacaran, yazdığı mətnlərə məsuliyyətlə yanaşan bir imza sahibidir. Hekayələrinin lakonikliyi, uzunçuluqdan, şablon cümlələrdən uzaqlığı, ənənəvi nəsrdən fərqlənən gedişləri onun istedadından xəbər verir. Onun hekayələrini oxuyanda hiss olunur ki, Günayın maraqlı nəsr yazmaq potensialı var. “Son məktub”, “Babanın ölüm dərsi”, “Leylican Leyli” hekayələri onun nasir kimi uğur qazana bilcəyinə işarədir.
 Günay həm ənənəvi, həm də müasir şairlərin getdiyi yolla getsə də onun özünəməxsus şeir duyumu var. 
 Bir qələm dostu kimi, Günayın uğurları məni hər zaman sevindirir. Ümid edirəm ki, Günay yaradıcılığını, öz üzərində işləməyi davam etdirəcək və tezliklə daha böyük yaradıcılıq uğurlarına imza atacaq. Etiraf edim ki, onun radioproqramlarını həvəslə dinləyirəm. İnanıram ki, Günay Novruz Azərbaycan Radiosunda özünü yaxşı bir əməkdaş kimi, bacarıqlı aparıcı kimi təsdiq etməyi bacardığı kimi, ədəbiyyatda da Günay Novruz imzasını şərəflə daşıyacaq və təsdiq edəcək. Uğurlar, Günay Novruz!
 Cəlil Cavanşir
OXŞAR XƏBƏRLƏR