Uzun yaşamağın sadə sirri açıqlandı

Uzun yaşamağın sadə sirri açıqlandı
DÜNYA
01:33 03.11.2026
162
Uzunömürlülüyün sirri hər gün ağır məşqlər etməkdə deyil, gündəlik həyatda daha çox hərəkət etməkdə ola bilər.

"Mavi zonalar” kimi tanınan, insanların daha uzun yaşadığı bölgələri araşdıran tədqiqatçı Den Byuttner uzunömürlülüyə kömək edən sadə vərdişdən danışıb. Onun sözlərini "Terra” nəşri yayıb.

Tədqiqatçının sözlərinə görə, bu bölgələrdə yaşayan insanlar sağlam həyat tərzi sürmək üçün xüsusi səy göstərmirlər. Onlar sadəcə gündəlik işləri zamanı daha çox hərəkət edirlər. İdman zalına getmək əvəzinə açıq havada gəzir, bağçılıqla məşğul olur və gün ərzində fərqinə varmadan 10-12 min addım ata bilirlər.

Byuttner hesab edir ki, belə həyat tərzində ətraf mühitin də rolu böyükdür. İnsanların gündəlik işləri onları təbii şəkildə hərəkət etməyə təşviq edir.

O, xüsusilə bağçılığın faydasını vurğulayıb. Bitkilərin əkilməsi, torpağın bellənməsi, əyilmək və dartınmaq kimi hərəkətlər bədənin çevikliyini qorumağa kömək edir. Tədqiqatçının fikrincə, açıq havada görülən bu işlər həm ürək sağlamlığına müsbət təsir göstərir, həm də zehni sakitləşdirir.

Qeyd edək ki, "mavi zonalar” uzunömürlü insanların nisbətən çox olduğu bölgələrə verilən addır. Bu ərazilərdə gündəlik fiziki aktivlik, sosial münasibətlər və həyat tərzi uzunömürlülüklə əlaqələndirilən amillər sırasında göstərilir.
 
///sfera.az
OXŞAR XƏBƏRLƏR