Vaşinqtonda “Şərq Tərəfdaşlığı” barədə müzakirələr keçirilib - FOTOLAR

SİYASƏT
12:56 19.11.2013
999

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” üzrə 28-29 noyabr tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərində baş tutacaq zirvə görüşü okeanın digər tayında da kifayət qədər geniş maraq doğurur və Vaşinqtonun siyasi və ictimai dairələrinin diqqət mərkəzinə daxil olan məsələlər sırasında qalır.

AZXEBER.COM xəbər verir ki, bu maraqları cavablandırmaq məqsədilə ABŞ-ın nüfuzlu araşdırma mərkəzlərindən olan “İrs Fondu” (Heritage Foundation) tərəfindən noyabrın 18-də “Şərq Tərəfdaşlığının Avropa İttifaqı ilə assosiasiya sazişləri” başlıqlı tədbir təşkil olunub.Avrasiya regionu üzrə geniş ekspertiza sahibi olan, “İrs Fondu”nun aparıcı tədqiqatçısı Aryel Koenin moderatorluq etdiyi panelə natiqlər qismində “Şərq Tərəfdaşlığı” ölkələrindən Ukraynanın səfiri Oleksandr Motsik, Gürcüstanın səfiri Arçil Qeqeşidze, Azərbaycan səfiri Elin Süleymanov və eləcə də zirvə görüşünə ev sahibliyi edəcək Litvanın səfiri Jiqimantas Pavilionis qatılıblar.Müzakirələr zamanı Ukrayna səfiri ölkəsində Avropa İttifaqına inteqrasiya, o cümlədən assosiasiya sazişinin imzalanması üzrə milli konsensusun mövcud olduğunu göstərib, Ukrayna xalqının müstəqillik illərinin ən mühüm dövrlərindən birini yaşadığını söyləyib. Diplomat, həmin sazişlə bağlı açıq qalan məsələlərin tezliklə həll edilərək onun Vilnüs zirvə görüşündə imzalanacağına inamını bəyan edib.Gürcüstan səfiri ölkəsinin Avratlantika məkanına qatılmaq siyasətini davam etdirdiyini, Vilnüsdə paraflanacaq assosiasiya sazişinin Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində yeni bir səhifə açacağını və Gürcüstanın üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirib.Səfir E.Süleymanov ölkəmizin Avropa İttifaqı ilə münasibətlərin inkişafında qət etdiyi yola nəzər salıb, mövcud əlaqələrin yüksək səviyyəsindən söz açıb və bu mənada xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyununda Brüsselə səfərinə istinad edib. Müxtəlif sahələrdə qabaqcıl inkişaf səviyyəsini təmin etmək məqsədilə Azərbaycanın Avropaya inteqrasiya seçiminə sadiq qaldığını deyən səfir Elin Süleymanov, ölkəmizin “Şərq Tərəfdaşlığı” çərçivəsində aparılan fəaliyyətlərdə yaxından iştirakı barədə məlumat verib.Səfir Vilnüs zirvə görüşü zamanı Azərbaycan və Avropa İttifaqı arasında viza prosedurlarının asanlaşdırılması haqqında sazişin imzalanmasının gözləndiyini qeyd edərək, digər mühüm sənədlər üzərində işin davam etdiyini açıqlayıb. O, həmçinin xatırladıb ki, üzərinə götürdüyü öhdəlikləri hər zaman yerinə yetirən Azərbaycan bir qayda olaraq beynəlxalq sənədlərin razılaşdırılmasına böyük diqqətlə və öz milli maraqlarından çıxış edərək yanaşır. Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi töhfəni ayrıca olaraq vurğulayan səfir E.Süleymanov bu sahədə qarşılıqlı maraqlara əsaslanan məhsuldar əməkdaşlığı təqdir edib.E.Süleymanov həmçinin malik olduğu strateji mövqe, Qərb və Şərq arasında oynadığı körpü rolu və beynəlxalq əlaqələr sistemində məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycanın Avropa İttifaqının mühüm tərəfdaşı olduğunu deyib.O, bundan əlavə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Avropa İttifaqının ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi və münaqişənin nizamlanması üzrə prinsipial mövqe nümayiş etdirməsinin daşıdığı ümdə əhəmiyyəti önə çəkib.Litva səfiri öz növbəsində Vilnüs zirvə görüşünün tarixi əhəmiyyəti barədə fikirlərini bölüşərək, Avropa İttifaqının digər üzvləri ilə birlikdə “Şərq Tərəfdaşlığı”nın uğur qazanması üçün səylərini davam etdirdiklərini deyib, tərəfdaş ölkələrə bütün sahələrdə dəstək verməyə hazır olduqlarını açıqlayıb.Səfir Pavilionis ölkəmizdən bəhs edərkən, Avropa İttifaqı və Azərbaycanın qarşılıqlı olaraq bir-birinə ehtiyacı olduğunu vurğulayıb.Qeyd etmək lazımdır ki, müzakirələr əsnasında Ermənistanın 3 illik danışıqlardan sonra Avropa İttifaqı ilə inteqrasiya prosesindən geri çəkilərək Gömrük İttifaqına qoşulmaq qərarına dair müxtəlif şərhlər səsləndirilib.Müzakirələrə yekun vurmuş A.Koen öz tərəfindən Azərbaycandan danışarkən, ölkəmizdə demokratik dəyərlər və dünyəvi idarəçiliyin bir əsrlik tarixi köklərə malik olduğunu və o cümədən, Azərbaycanda qadınların bir çox Avropa ölkələrindən əvvəl səsvermə hüququ qazandığını xatırladıb.O, həmçinin bir daha Azərbaycanın Avropa İttifaqına yetirə biləcəyi töhfələrdən söz açaraq, ölkəmizin strateji əhəmiyyətini vurğulayıb.Yekunda çıxışçılar tədbirə qatılmış, müxtəlif dairələrin təmsilçilərindən ibarət iştirakçıların suallarını cavablandırıblar.Tədbirin videosu ilə aşağıdakı internet səhifəsində tanış olmaq mümkündür: www.heritage.org/events/2013/11/eastern-partnership

OXŞAR XƏBƏRLƏR