Vəfa Quluzadə Söyün Sadıqovu məntiqsiz adlandırdı

Vəfa Quluzadə Söyün Sadıqovu məntiqsiz adlandırdı
Bütün Xəbərlər
12:03 18.01.2013
1163

“Onun çıxışını Rusiyanın Azərbaycana verdiyi mesaj kimi qiymətləndirmək olmaz”

“Rusiyanın Azərbaycana mesaj verməyə ciddi kanalları var. Söyün Sadıqovla belə bir mesaj göndərməsi əhəmiyyətsizdir”. Bu fikirləri politoloq Vəfa Quluzadə Rusiya Azərbaycanlılarının Mədəni-Milli Muxtariyyəti - “AzerRos”un prezidenti, bugünlərdə Rusiya prezidenti ilə görüşən Söyün Sadıqovun “Novosti Azerbaydjan” agentliyinə verdiyi müsahibədə Azərbaycanla bağlı sərt çıxışını modern.az-a şərh edərkən bildirib.

V.Quluzadə S.Sadıqovun Rusiya prezidenti Vladimir Putinin Azərbaycan hakimiyyətini dəstəkləməsi və eləcə də Putinin dəstəyi olmasaydı, Azərbaycanda başqa qüvvələrin hakimiyyətə gələcəyi haqda çıxışına münasibət bildirib. Onun sözlərinə görə, S.Sadıqovun belə bir çıxış etməsi məntiqsizdir, Azərbaycanda hakimiyyətin qurulmasında Rusiyanın heç bir rolu yoxdur.

“Söyün Sadıqov nahaq yerə belə düşünür. Mən hesab edirəm ki, Azərbaycana hakimiyyət özü tam nəzarət edir. Burada Rusiyanın heç bir rolu yoxdur. Söyün Sadıqov danışır da... Onun bu çıxışını Rusiyanın Azərbaycana verdiyi mesaj kimi qiymətləndirmək olmaz. Rusiyanın Azərbaycana mesaj verməyə ciddi kanalları var. Putinlə, həmçinin Medvedyevlə İlham Əliyevin birbaşa telefon xətti var. Odur ki, bu cür çıxışlara xoflanmaq olmaz. Boş şeydir” - deyə politoloq şərh edib.

Qeyd edək ki, bir neçə gün bundan öncə Rusiya prezidenti ilə görüşən Söyün Sadıqov “Novosti Azerbaydjan” agentliyinə müsahibə verib. Müsahibəsində S.Sadıqov bildirib ki, Rusiya prezidenti V.Putin 2003-cü ildə, həmçinin 2008-ci ildə məhz İlham Əliyevin namizədliyini birinci dəstəkləyib.

“2003-cü ildə, həmçinin 2008-ci ildə məhz Putin Əliyevin namizədliyini birinci dəstəklədi. Azərbaycan bunu yaddan çıxarmamalıdır. Əgər Putinin dəstəyi olmasaydı, Azərbaycanda indi hakimiyyətdə kimin olacağı məlum deyildi. Beləliklə, Azərbaycanda siyasi stabilliyin saxlanılmasında Rusiyanın indiki prezidentinin rolu az deyil” - deyə S.Sadıqov bildirib.

Musavat.com

OXŞAR XƏBƏRLƏR