Vəfalı əllərin və odlu qəlbin sahibəsi - Zərifə Əliyeva

MƏDƏNİYYƏT
13:07 28.04.2016
3522
O, bir işıq ömrü yaşadı, işıqsa əbədi və əzəlidir

Böyük filosof Eynəlqüzzat Miyanəçi yazırdı: “Əsl və həqiqi insan odur ki, başqaları onun əlindən, dilindən və əməlindən ziyan görməsin”. Azərbaycan oftalmologiya elminin ünlü siması, təkcə tibb sahəsində deyil, həm də insanlıq tarixində iz qoymuş Zərifə Əziz qızı Əliyeva şəfalı əlləri, gərgin zəhməti və mələksima xasiyyəti ilə əsl insan ömrü yaşadı.
Zərifə xanımın həyat kredosu, fəaliyyət xətti, davranış etikası hər bir kəs üçün örnəkdir.
Tərcümeyi - hal sadəcə bir vərəqə sığan rəsmi göstəricidir. Tərcümeyi – halı zənginləşdirən, statistik rəqəmlərin arasına nəfəs verən, onu dolğunlaşdıran isə şəxsiyyətin portret cizgiləridir. Elə bu məqamda Senekanın sözü yada düşür: “Ömür uzunluğuna görə deyil, məzmununa görə dəyərləndirilir”.

Zərifə xanımın həyat yolu Naxçıvandan, Şərur rayonunun Şahdağlı kəndindən, bir ilıq aprel səhərindən başlayıb. Fəqət, zəkası, intellekti və humanizmi sayəsində onun ömür yolunun məzmun yükü özündə daha iri miqyası, böyük coğrafiyasına ehtiva edib.
1947 – ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Moskvada “Mərkəzi Həkimlərin Təkmilləşdirmə İnstitutunda” oftalmologiya üzrə ixtisasartırma kursuna yollanıb. 1968-ci ildən az məvacib olunan sahə “Görmə orqanının patologiyası” ilə məşğul olan alimin “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” adlı dissertasiyası geniş əks-səda doğurdu.

1977 –ci ildə tibb elmləri doktoru elmi dərəcəsini alan Zərifə Əliyeva 1981 –ci ildə oftalmologiya elminə verdiyi töhfəyə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik Averbax adına mükafatına layiq görülüb. 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasınım akademiki seçilən Zərifə Əliyeva eyni zamanda əməkdar elm xadimi idi.
Fəqət, bütün bunlarla bərabər Zərifə Əliyeva Azərbaycanı nura boyayan işıqlı bir ocağın cəfakeşi, qoşa qanadın biri olub. Titanik siyasətçi, böyük dövlət xadimi milli təəssübkeş Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı idi Zərifə xanım. Ömrünü xalqa həsr edən, dövlət işlərindən şəxsi qayğılara macal tapmayan, dünyaca məşhur bir siyasətçinin yanında olmaq, ona qayğı göstərmək, çətin günlərdə dərdini bölüşmək o qədər də asan deyil. Zərifə xanım bu məsuliyyətli və şərəfli missiyanın da öhdəsindən uğurla gəlib.

Və Zərifə Əliyevanın bu gün Azərbaycanı əzmlə inkişaf zirvəsinə doğru aparan, uğurlu siyasi kursu ilə xalq sevgisini qazanmış cənab Prezident İlham Əliyev kimi bir şəxsiyyətin yetişməsində ümdə xidməti olub. Mən ustad sənətkarların Zərifə Əliyeva haqqında söhbətlərini yada salıram. Tofiq Quliyev, Mobil Əhmədov, Lütfüyar İmanov Hedər Əliyevlə birgə Zərifə Əliyevanın da tez-tez konsertlərə gəldiyini xatırlayardılar. Bu xatirələrdə mən Zərifə xanımın incə zövqünü, klassik musiqiyə sevgisini, duyğusallığini və sənət adamlarına qayğısını gördüm. Zərifə xanımın güclü musiqi duyumu olub.

Bəstəkar Rəşid Şəfəqin “Ana” mahnısı Zərifə xanımın əziz xatirəsinə ithaf olunub.
Şadam ki, bu mahnını ifa etmək mənə nəsib olub. Zərifə xanım qayğıkeşlik nümunəsi, humanizm təcəssümü, insanlıq simvolu idi. Onun sadəliyi hər kəsi heyrətləndirirdi. Sadəliyi də elə müdriklikdən doğurdu. Zərifə Əliyeva təkcə gözlərə şəfa vermədi, həm də ürəklərdə ümid işığı yandırdı.

Əməkdar artist, vokalçı Ramil Qasımov

OXŞAR XƏBƏRLƏR