Suriyada prezident Bəşər Əsədə qarşı vuruşan üsyançılar və onlara "dəstək" verən islamçı terrorçular arasında döyüşlərlə didişmələr güclənib.
Beynəlxalq "Əl Qaida" terror təşkilatının yaratdığı, sonra isə "ifrat qəddarlıq və özbaşınalığa görə" sıralarından rədd etdiyi, həddən artıq radikallığı və qəddarlığı ilə ad çıxarmış "İraq və Levanteda İslam Dövləti" ("Əd Davla əl İslamiyya fi əl İraq vəş Şam", İSİL) qruplaşması Fərat çayının sahilindəki Rəqqa şəhərində iki müsəlmanı çarmıxa çəkib.
İSİL-in yaydığı bəyanata görə, bu şəxslər qruplaşmanın Rəqqa şəhərinin girəcəyindəki nəzarət-buraxılış postuna əl qumbaraları ataraq aradan çıxmışdılar.
"Posta qumbara atandan sonra avtomobillərində uzaqlaşan bu adamları tutmaq üçün dərhal axtarışlara başladıq. Bu iki adamı az sonra yaxaladıq və cazalandırdıq. Çünki onların atdıqları əl qumbaralarının partlayışı nəticəsində bir müsəlman kişi ayağını itirib, bir müsəlman uşaq isə həlak olub", - İSİL-in açıqlamasında deyilir.
Suriyanın Türkiyə ilə sərhədinin yaxınlığında yerləşən Rəqqa şəhərinə nəzarət uğrunda İSİL və "Əl Nüsra Cəbhəsi" terror qruplaşmaları arasında amansız döyüşlər davam edir.
İSİL yaraqlıları "Əl Nüsra Cəbhəsi"nin iki yaraqlısını Təl Əbyad, 3 yaraqlısını isə Saluq şəhərində edam ediblər.
Bu arada Suriya prezidenti Bəşər Əsəd və onun xanımı Əsma Əsəd terrorçularla döyüşlərdə həlak olmuş hərbçilərin ailələrinə baş çəkiblər.(milli.az)




