Vəkil adı ilə fəaliyyət göstərənlərə sərt xəbərdarlıq: Cinayət işi açıla bilər

Vəkil adı ilə fəaliyyət göstərənlərə sərt xəbərdarlıq: Cinayət işi açıla bilər
SOSİAL
17:16 09.07.2026
435
"Qanunsuz şəkildə hüquqi yardım göstərən şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər”

Bunu AZXEBER.COM-a açıqlamasında vəkil Babək Həmidov deyib.

O bildirib ki, maddi imkanı olmayan şəxslər dövlət hesabına vəkillə təmin olunurlar:

"Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, dövlət vətəndaşların yüksək keyfiyyətli hüquqi yardımla təmin etmək vəzifəsi daşıyır. Dövlət bu vəzifəni Vəkillər Kollegiyasının fəaliyyəti və onun üzvləri olan vəkillər vasitəsilə həyata keçirir.
Cinayət və mülki işlər üzrə hüquqi yardım əsasən ödənişli əsaslarla göstərilir. Lakin maddi imkanı olmayan şəxslər dövlət hesabına vəkillə təmin edilirlər.
Məsələn, mülki işlər üzrə aztəminatlı ailələr məhkəməyə müraciət etdikdə, eləcə də cinayət işləri üzrə saxlanılan və ya təqsirləndirilən şəxslər saxlanıldıqları andan etibarən dövlət hesabına vəkillə təmin olunmalıdırlar. Bundan başqa, inzibati orqanın  hərəkətsizliyindən verilən işlər üzrə də İnzibati Prosessual Məcəllə iddiaçıya- istər fiziki, istərsə də hüquqi şəxs olsun - hüquqi yardım göstərməyi məhkəmənin üzərinə qoyur. Beləliklə, dövlət Konstitusiyadan irəli gələn bu öhdəliklərini müxtəlif hüquqi mexanizmlər vasitəsilə həyata keçirir”.

O qeyd edib ki, son illərdə Azərbaycanda vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb:

"2018-ci ilədək Azərbaycan Vəkillər Kollegiyasının üzvlərinin sayı 800 nəfərdən bir qədər artıq idi. 2017-ci ildə Kollegiyanın Rəyasət Heyəti yeniləndikdən sonra vəkilliyə qəbul imtahanları mütəmadi şəkildə keçirilməyə başlandı. Əvvəllər 4-5 ildən bir təşkil olunan imtahanlar sonrakı dövrdə daha tez-tez keçirildi.
Hazırda vəkilliyə qəbul olmaq istəyən hüquqşünaslar üçün imtahanlar müntəzəm və tam şəffaf şəkildə təşkil edilir. Bunun nəticəsində 2018-ci ildən bu günədək 2 mindən artıq yeni üzv Vəkillər Kollegiyasına qəbul olunub. Hazırda Kollegiyanın üzvlərinin sayı 3 minə yaxındır və onların böyük əksəriyyəti aktiv vəkillik fəaliyyəti ilə məşğuldur. 2018-ci ilədək "vəkil”, "advokat”, "hüquqi yardım xidməti”, "hüquq məsləhətxanası” kimi adlardan qanunsuz istifadə halları geniş yayılmışdı. Vəkillər Kollegiyası ilə heç bir əlaqəsi olmayan şəxslər bu adlardan istifadə edərək hüquqi xidmət göstərirdilər.

Sonrakı dövrdə Vəkillər Kollegiyası həmin adların hüquqi mühafizəsini təmin etdi və onların qanunsuz istifadəsinə qarşı ciddi mübarizə apardı. Nəticədə qanunsuz fəaliyyət göstərən hüquqi xidmət ofislərinin böyük əksəriyyəti fəaliyyətini dayandırdı”.

Vəkil vurğulayıb ki, əvvəllər "vəkil”, "advokat” kimi adlardan qanunsuz istifadə halları geniş yayılmışdı:

"Hazırda qanunvericiliyə əsasən, vəkillik fəaliyyəti yalnız vəkil bürolarında və ya vəkilin fərdi qaydada yaratdığı vəkil kabinetində həyata keçirilə bilər. Yalnız "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna uyğun olaraq imtahanlardan uğurla keçmiş və Vəkillər Kollegiyasına üzv qəbul edilmiş şəxslər vətəndaşlara vəkillik xidməti göstərə bilərlər. Əgər hər hansı şəxs vəkil və ya advokat adından qanunsuz istifadə etməklə, özünü vəkil kimi təqdim etməklə və ya vəkil səlahiyyətlərinə malik olduğu barədə yalan məlumat verməklə hüquqi yardım göstərirsə, bu, qanunvericiliklə qadağandır. Belə hallarda törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri, o cümlədən dələduzluğa görə 178-ci maddə ilə cinayət məsuliyyətinə cəlb oluna bilərlər”.

B.Həmidov qeyd edib ki, vətəndaşlar müraciət etdikləri şəxsin həqiqətən vəkil olub-olmadığını əvvəlcədən Vəkillər Kollegiyasının rəsmi internet saytında yerləşdirilən vəkillərin reyestri vasitəsilə öyrənə bilərlər:

"Vətəndaşlara hüquqi yardım almaq üçün müraciət etdikləri şəxsin həqiqətən vəkil olub-olmadığını əvvəlcədən Vəkillər Kollegiyasının rəsmi internet saytında yerləşdirilən vəkillərin reyestri vasitəsilə öyrənə bilərlər. Reyestrdə vəkilin iş təcrübəsi, fəaliyyət istiqaməti və ixtisaslaşdığı hüquq sahəsi barədə məlumatlar da əks olunur. Həmçinin vətəndaşlar vəkillə əlaqə saxlayarkən onun vəkil vəsiqəsini təqdim etməsini tələb edə bilərlər. Vəsiqəsi səlahiyyətli şəxs tərəfindən imzalanıb təsdiqlənmiş şəxs rəsmi olaraq vəkil statusuna malik hesab olunur. Vəkillərin hamısı eyni qaydada qəbul imtahanından keçir, mütəmadi ixtisasartırma kurslarında iştirak edir və peşə biliklərini təkmilləşdirirlər. Buna görə də Vəkillər Kollegiyasının üzvü olan hər bir vəkil peşəkar hüquqi yardım göstərmək səlahiyyətinə malikdir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR