Vergilər Nazirliyində Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında və prezidentin göstərişi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yanvar ayının 27-də keçirilmiş iclasında verilmiş tapşırıqların müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, kollegiya iclasında çıxış edən vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov bildirib ki, Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının bu ildə ölkəmizin sosial-iqtisadi inkişafının əsas istiqamətlərini müəyyənləşdirib, azad rəqabətin təmin edilməsi, inhisarçılıq meyllərinin qarşısının alınması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması ilə bağlı konkret tapşırıqlar verib.
Dövlət başçısının Nazirlər Kabinetinin geniş iclasındakı çıxışında vergi xidmətinin fəaliyyəti üzərində xüsusi olaraq dayandığını iclas iştirakçılarının nəzərinə çatdıran vergilər naziri qeyd edib ki, İlham Əliyev vergilərdən yayınanların sayının hələ də kifayət qədər olduğunu, bu kimi hallarla mübarizənin daha ciddi və məqsədyönlü aparılmasının, 2011-ci ildə vergi bazasının genişləndirilməsinin, nağd ödəmələrin minimuma endirilməsinin vacibliyini vurğulayıb, bu sahədə vəziyyətin inkişaf etmiş ölkələrdəki vəziyyətdən fərqlənməməsi üçün 2011-ci ildə köklü və əsaslı tədbirlər görülməsini tapşırıb. İqtisadiyyatdakı inhisarçılıq meyllərinin qarşısının alınması, azad rəqabət mühitinin yaradılması, müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoyulması, rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparılması aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi qarşıya qoyulub. Bu məsələlərin prezidentin tapşırığı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yanvar ayının 27-də keçirilmiş geniş iclasında da ətraflı müzakirə edildiyi barədə məlumat verən nazir qeyd olunan məsələlərin həlli ilə bağlı vergi orqanlarının üzərinə də böyük məsuliyyət düşdüyünü vurğulayıb.
2011-ci ildə Vergilər Nazirliyi qarşısında qoyulmuş vəzifələrin həllini təmin etmək istiqamətində aparılan işlər barədə danışan F.Məmmədov vergi bazasının genişləndirilməsi məqsədilə bütün təsərrüfat subyektlərinin pasportlaşdırılacağını, vergilərin vaxtında və tam həcmdə ödənilməsinə nəzarətin gücləndiriləcəyini, bu məqsədlə müasir informasiya-kommunikasiya texnologiyalarından daha geniş istifadə olunacağını, nağdsız ödənişlərin stimullaşdırılması və nağd şəkildə ödəmələrin minimuma endirilməsi ilə bağlı vergi qanunvericiliyində lazımi dəyişikliklər aparılması məqsədilə müvafiq təkliflərin hazırlanıb yaxın vaxtlarda ölkə başçısına təqdim olunacağını bildirib. Vergi xidmətinin fəaliyyətində şəffaflığın artırılması üçün son illər görülən bəzi işlərə baxmayaraq, vergi əməkdaşları tərəfindən yol verilən kobud neqativ halların bütün vergi xidmətinin nüfuzuna xələl gətirdiyini bildirən nazir, sistem daxili nəzarətin və şəxsi heyətlə aparılan işlərin gücləndirilməsinin vacibliyini qeyd edib.
F.Məmmədov bildirib ki, ayrı-ayrı vergi işçilərinin qanunla müəyyən edilmiş vəzifələrinə uyğun olmayan hərəkətləri vergi ödəyicilərinin haqlı narazılığına və vergi orqanlarına etimadsızlığına səbəb olur. İlk növbədə bu səyyar vergi yoxlamaları və ya operativ nəzarət tədbirləri aparılarkən Vergi Məcəlləsinin tələblərinin pozulması və ayrı-ayrı hallarda korrupsiya və rüşvətxorluq faktlarının olması ilə bağlıdır. Ötən il vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsinə, attestasiyanın yekunlarına görə müasir tələblərə cavab verməyən, habelə vətəndaş müraciətləri və şikayətlər üzrə aparılmış araşdırmalar nəticəsində neqativ hallara yol vermiş vergi işçilərinin sistemdən kənarlaşdırılmasına baxmayaraq, bu kimi hallara hələ də rast gəlinməsi daha ciddi tədbirlər görülməsini tələb edir.
Vergi orqanlarında vətəndaş müraciətlərinə mahiyyəti üzrə baxılması və onların vaxtında və düzgün cavablandırılması məsələsi üzərində dayanan nazir vəziyyətin hərtərəfli araşdırılaraq qısa müddət ərzində mövcud nöqsanların tamamilə aradan qaldırılması məqsədilə onun əmri ilə xüsusi işçi qrupu yaradıldığını və həmin qrupun verəcəyi təkliflər əsasında vergi orqanlarında vətəndaşlardan daxil olan ərizə və şikayətlərə baxılması prosesinin müasir texnologiyalardan istifadə etməklə daha da təkmilləşdiriləcəyini bildirib.
Korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizədə qətiyyətlilik və ardıcıllıq nümayiş etdirilməsinin vacibliyini struktur rəhbərlərinin nəzərinə çatdıran F.Məmmədov Vergilər Nazirliyinin "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə 2007-2011-ci illər üçün Tədbirlər Planı"nın icrasının bütün parametrlər üzrə təmin edilməsinin vergi orqanlarının rəhbərlərinin ən mühüm vəzifələrindən biri olduğunu vurğulayıb.
İclasın sonunda F.Məmmədov 2011-ci ildə büdcə daxilolmaları üzrə proqnozların icrasının təmin olunması, korrupsiya ilə mübarizə tədbirlərinin gücləndirilməsi, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi inzibatçılığının müasirləşdirilməsi, insan resurslarının idarə edilməsi sahəsində şəffaflığın təmin olunması və vergi ödəyicilərinin hüquqlarının qorunması işlərinin daim nazirliyin bütün qurumlarının diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq göstərişlər verib.
Kollegiya iclasının yekununda müzakirə edilən məsələyə dair müvafiq qərar qəbul edilib