Vergilər Nazirliyi müğənnilərin toy gəlirlərini necə hesablayacaq?

Vergilər Nazirliyi müğənnilərin toy gəlirlərini necə hesablayacaq?
Bütün Xəbərlər
14:00 15.12.2015
1275

“Söhbət dövlət büdcəsindən yayınan il ərzində 10 milyon manatdan artıq vəsaitdən gedir”

İnkişaf etmiş dövlətlərin büdcələri şou-biznes nümayəndələrinin ödədikləri vergilərdən milyonlar qazanır. Nümunəvi vergi ödəyicisi olan ulduzlar da az deyil. Bizim müğənnilər isə vergidən yayınmaq üçün fərqli və real olmayan rəqəmlər göstərirlər. Ən maraqlısı isə odur ki, Azərbaycanda şou-biznes nümayəndələrinin çoxu sadələşdirilmiş vergi ödəyiciləridir. Halbuki ekspertlərin dediyinə görə, aylıq gəliri 120 min manatdan çox olanlar əslində 18 faiz əlavə dəyər vergisi ödəməlidir. Amma bizim müğənnilər məbləği o qədər az göstərirlər ki, gəlir vergisi də az çıxır.
Avropada gəlirlərini gizlədən dünyaca məşhur insanlar - müğənnilər, aktyorlar, bəstəkarlar, bir sözlə, incəsənət nümayəndələri hansı ölkədə yaşamalarından asılı olmayaraq, həmişə ictimai qınağa məruz qalmaqla yanaşı, bir sıra hallarda hətta inzibati və digər məsuliyyətə də cəlb edilirlər. Görünür, artıq Azərbaycan hökuməti də əməlbaz şou- nümayəndələrinə qarşı bu cür addımlar atmaq niyyətindədir. Belə ki, vergilər nazirinin müavini Natiq Əmirov nazirliyin şou-biznes nümayəndələrini tam şəkildə vergiyə cəlb etməsi üçün ictimaiyyətin dəstəyinə böyük ehtiyac olduğunu deyib.
Konsert salonlarında bilet satışı əsasında keçirilən tədbirlər hesabına əldə edilmiş gəlirin vergiyə cəlb edilməsində heç bir problem olmadığını vurğulayan nazir müavini qeyd edib ki, heç bir insan müğənniyə verdiyi pulun, toylara xərclədiyi vəsaiti açıqlamır: "Ümid edirik ki, insanlar tədricən toyda oxumaq üçün müğənnilərə verdikləri pullardan dövlət büdcəsinə çatmalı olan məbləğ barədə də düşünəcəklər və lazımi məlumatları vergi orqanlarına çatdıracaqlar”.
Əmək Hüquqları Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə hesab edir ki, şou-biznes nümayəndələrinin toylardan əldə etdiyi gəlirləri hesablamaq o qədər də çətin məsələ deyil. Onun sözlərinə görə, elə bu günlərdə "Kaspi” qəzeti müğənnilərlə, prodüserlərlə əlaqə saxlayıb onların bir günlük, yarım saatlıq toy qiymətlərini öyrənib, dərc edib: "Bundan əlavə, müğənnilərin özləri dəfələrlə mətbuata açıqlamalarında toylardan aldığı məbləği açıqlayıblar. Burada gizli heç nə yoxdur. Həmçinin də Vergilər Nazirliyinin xrometraj üsulu ilə müğənnilərin toylardan əldə etdikləri gəlirləri öyrənməsi elə də çətin olmamalıdır. Əgər bu onlara çətinlik yaradırsa, şou-biznes nümayəndələri üçün mütləq vergilər müəyyənləşdirə bilərlər. Ayrı- ayrılıqda hər bir müğənninin illik - aylıq gəlirlərinin hesablanması yolu ilə onların müəyyən qədər vergiyə cəlb olunmasını təmin etmək olar. Çünki tam şəkildə bir az real deyil. İstər-istəməz müğənnilər arasında vergidən yayınanlar olacaq. Amma optimal rəqəm müəyyən edərək müğənnilərdən həmin məbləği vergi şəklində dövlət büdcəsinə ödəməyi tələb etmək olar”.
Bu zaman müğənnilər arasında ucdantutma eyni qiymətlərin müəyyənləşdirilməsinin tərəfdarı olmadığını vurğulayan S.Məmmədov deyib ki, eləsi var toyda bir saat oxumaq üçün 2000 manat alır, eləsi də var bütün toyu aparmaq üçün 2000-3000 manata gedir. Bu baxımdan vahid yanaşmanın tərəfdarı deyiləm. Hər halda aidiyyəti qurum müğənnilərin aylıq və illik gəlirlərini öyrənməklə bu problemi aradan qaldıra bilər. Çətin heç nə yoxdu. Sadəcə olaraq, bu günə qədər şou-biznes nümayəndələrinə bir çox məsələlərdə güzəştə gedib. Onlardan biri də vergidən yayınma halları idi ki, nazirlik göz yumurdu. Amma artıq situasiya dəyişib və vergidən yayınmalara nəzarət artıb.
Hazırda vergi qeydiyyatında olan müğənnilərin dövlət büdcəsinə ödədikləri verginin qazanclarının mində biri olmadığını vurğulayan liqa sədri deyib ki, onlar öz gəlirlərini deklorasiya eləmirlər və dövlətə qəpik-quruş ödəyirlər. "Bu isə qanunsuzluqdur. Çünki şou-biznes nümayəndələrinin vergidən yayınması nəticəsində dövlət büdcəsi ildə ən azı 10-15 milyon vəsait itirir. Hətta deyərdim ki, onların illik gəlirləri sadələşdirilmiş vergidən keçib və onlar ƏDV ödəyiciləri olmalıdır. Maddi durumu ən zəif müğənninin belə gəliri 125 mindən artıqdır. Ehtiyac olsa, Vergilər Nazirliyi qanunvericiliyə dəyişiklik etməklə şou-biznes nümayəndələrinin tam şəkildə vergiyə cəlb olunmasını təmin edə bilər. Bunun üçün onların heç ictimaiyyətin dəstəyinə də ehtiyacı yoxdur. Bir ictimaiyyət nümayəndəsi olaraq mənim müğənnilərin toy qiymətləri ilə bağlı Vergilər Nazirliyinə məktub yazmağımın hansısa bir faydası olacaqmı? Məncə, yox. Belə də ki KİV-lər də ictimaiyyət hesab olunur və yuxarıda da qeyd etdiyim kimi, qəzetlərdə dəfələrlə müğənnilərin toy qiymətləri ilə bağlı araşdırma yazılar dərc olunub. Nazirlik həmin məlumatlar əsasında vergi qiyməti müəyyənləşdirə bilər. Buna etiraz edənlərə isə əksini sübut etmək imkanları yaradılmalıdır. Kim çox qazanırsa, çox da vergi ödəməlidir”.
Toy sahibinin hər hansı bir müğənniyə ödədiyi məbləğlə bağlı Vergilər Nazirliyinə məlumat verməsinin nə dərəcə effektiv olacağına gəldikdə isə S.Məmmədov deyib ki, sifarişçinin belə bir addım atması, prinsipcə, məntiqli deyil. Onun sözlərinə görə, normalda sifarişçi ilə müğənnilər arasında müqavilə bağlanmalıdır. Həmin müqavilədə isə toyun hansı qiymətə danışıldığı və yarana biləcək mübahisələrin həlli qaydası qeyd olunmalıdır: "Bu zaman gəlir əldə edən tərəf fiziki şəxs olaraq vergi orqanlarında qeydiyyatdan keçibsə, həmin müqavilə əsasında öz vergisini ödəməlidir. Yox əgər hüquqi və ya vergi orqanlarında qeydiyyatda olan fiziki şəxs sifariş verib, hansısa müğənninin öz övladının toyuna gətirirsə, həmin müğənni də vergi ödəyicisi deyilsə, bu zaman vergi ödəyicisi olan sifarişçi tərəf müğənniyə verdiyi vəsaitdən özü vergi tutub, dövlət büdcəsinə keçirməlidir. Yəni, istənilən hüquqi şəxs müğənniyə ödəyəcəyi məbləğin 14 faizini gəlir vergisi, 25 faizini isə dövlət sosial müdafiə fonduna ödəmə mənbəyindən ödəməlidir”.
İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov şou nümayəndələrinin vergilərdən yayınmasının dövlət büdcəsinə külli miqdarda ziyan vurduğunu bildirib: "Əgər gəlirləri il ərzində 120.000 AZN dövrəyə malik deyilsə, o vaxt VÖEN almaqla dövlətə sadələşdirilmiş formada 4 faiz vergi ödəməlidirlər. Əgər gəlirləri il ərzində 120 min manatı keçirsə, bu halda 18 faiz əlavə dəyər vergisi və gəlir vergisinə cəlb olunmalıdır. Amma buna baxmayaraq bizim apardığımız monitorinq nəticəsində məlum olub ki, müğənnilərin əksəriyyəti vergiyə cəlb olunmur”.
V.Bayramov problemin həllini ictimaiyyətin dəstəyindən daha çox nağd ödənişlərə qadağa qoymaqda görür: "Vergidən yayınmalar onunla bağlıdır ki, onların ödənişləri nağd pulla ödənilir. Belə olan halda müğənnilər gəlirləri barədə vergiyə istədikləri rəqəmi göstərə bilirlər. Buna görə də dövlət lazımi vergini toplaya bilmir. 500 manatdan artıq ödənişlərin nağd ödənilməsinə qadağa qoyulmasını təklif edirəm. Bu qadağa işləyərsə, müğənnilərin gəlirlərinin izlənməsinə imkan verər”.
Ekspert məsələnin çox ciddi olduğunu və dövlət büdcəsinin itirdiyi pulların heç də kiçik məbləğ olmadığını qeyd edib: "Bu çox ciddi məsələdir. Burada söhbət dövlət büdcəsindən yayınan il ərzində 10 milyon manatdan artıq vəsaitdən gedir. Vergidən yayınan müğənnilərin sayı kifayət qədər çoxdur, bu insanlar başa düşmürlər ki, dövləti nə vaxta qədər aldada biləcəklər? Vaxt uzadıldıqca, cərimələrinin ağırlığı da bir o qədər çətinləşəcək”. /// Şərq qəzeti
OXŞAR XƏBƏRLƏR