Bir vətəndaş sosial şəbəkədə paylaşım edərək uşaqların şəxsiyyət vəsiqəsində valideynlərdən yalnız atanın adının göstərilməsindən narazılığını ifadə edib.
"Uşağı bətnində 9 ay daşı, əziyyətlə dünyaya gətir, yuxusuz gecələr keçir, böyüt, oxut... Səhər qaça-qaça məktəbə apar, işə get, işin ortasında çıxıb uşağı məktəbdən götür, kursa apar, axşam yorğun halda dərsləri ilə məşğul ol. Və bütün bunların sonunda uşağın şəxsiyyət vəsiqəsində "ATASININ ADI” yazılsın”.
Vətəndaş bunu valideynlər arasında fərq yaradılması kimi qiymətləndirir:
"Niyə valideynlər arasında belə bir fərq qoyulur? Xüsusilə də elə analar var ki, ata nə aliment verir, nə də övladının böyüməsində iştirak edir. Uşağı təkbaşına ana böyüdür, bütün məsuliyyəti ana daşıyır, amma sənəddə yenə də atanın adı ön plandadır”.
Qeyd edək ki, qardaş ölkə Türkiyədə və bir sıra digər ölkələrdə hər iki valideynin adı göstərilir.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, vətəndaşın qaldırdığı məsələni başa düşmək mümkündür:
"İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan qanunvericiliyində ana və ata uşağın qarşısında hüquq və vəzifələrə malik olan bərabər valideynlərdir. Şəxsiyyət vəsiqəsində "atasının adı” qrafasının olması ananın valideyn kimi hüquqi statusunun daha aşağı olması demək deyil”.

Razi Nurullayev qeyd edib ki, hazırkı qanunvericiliyə əsasən, şəxsiyyət vəsiqəsində vətəndaşın soyadı, adı və atasının adı göstərilir:
"Hazırkı qanunvericiliyə əsasən, şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı və atasının adı göstərilir. Bununla yanaşı, vətəndaşın valideynlərinin soyadı və adı şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında da nəzərdə tutulan məlumatlar sırasındadır. Yəni ana haqqında məlumatın dövlət informasiya sistemlərində olmaması və ya ananın hüquqi baxımdan nəzərə alınmaması kimi bir vəziyyət yoxdur”.
Deputat Türkiyə ilə müqayisəyə də münasibət bildirib:
"Müxtəlif ölkələr şəxsiyyət sənədlərində məlumatların təqdim edilməsinə fərqli yanaşırlar. Türkiyədə valideynlərin adlarının kimlik sənədində göstərilməsi mümkündür. Azərbaycanda isə ənənəvi olaraq "atasının adı” ayrıca identifikasiya məlumatı kimi şəxsiyyət vəsiqəsinin üzərində yer alır”.
Razi Nurullayev hesab edir ki, vətəndaşın qaldırdığı məsələ müzakirəyə layiqdir:
"Müasir dövrdə ailə münasibətlərində həm ananın, həm də atanın valideyn kimi bərabər statusunun sənədlərdə necə əks etdirilməsi məsələsinə yenidən baxılması mümkündür. Əgər texniki və hüquqi baxımdan məqsədəuyğundursa, gələcəkdə şəxsiyyət sənədlərində hər iki valideyn haqqında məlumatın daha aydın və bərabər şəkildə əks etdirilməsi variantı müzakirə oluna bilər. Əsas məsələ odur ki, sənəddə məlumatların hansı formada göstərilməsindən asılı olmayaraq, ana və ata Azərbaycan qanunvericiliyi qarşısında uşağın bərabər valideynləridir”.
Fəridə Əsədzadə












































