"Vicdan Qusanda" (köşə)

KÖŞƏ
22:55 03.02.2011
2742

 

Bu yaxın günlərdə “Facebookda” yenə "patriotizm" və "vətənpərvərlik" haqda çılğın bir tartışma gedirdi... Təbii ki, “provakator” özüm idim. Çox acıqlandım... Gecə yata bilmədim və sonucda adı bəzilərinizə Vidadi Babanlının ("kolxoz" yazıçılarından biri) "Vicdan susanda" romanını xatırladan bu cızma-qaranı elədim... Oxuyun, həmişə məni patriotizmi təhqir etdiymə görə "hədələyən" insanlar da oxuyar yəqin... Mən "vətənpərvərliyin nə olmasını yorumlamışam burda... Şablonları qırın, stereotipləri dağıdın, dönə-dönə, amma elə dönün ki, 360 dərəcə dönməyəsiz, 180 dərəcə dönsəz kafidir...

"VİCDAN QUSANDA"

“VƏTƏN” - və ya daş-kəsək yoxsa, İNSAN?

...Susmaq heç də həmişə ağıllı olmağı sübut etmir.Lakin ağılsızlığın biruzə verilməsinin qarşısını alır.   (P. Büast)

...Gecə saat 5 idi. Uyumağa çalışsam da, yorğun qafamın içindəki hüceyrələr yuxuma protest edirdilər. Qəfildən minlərlə, milyonlara bir-birinə qarışmış, fərqli tonlarda amma eyni cingiltilikdə olan və tükürpədici də yox, ruhürpədici qışqırıqlar eşitdim. Sayagəlməz hayqırtı... Dəlirmiş bir bağırtı... Bir yox, birdən milyon dəfələrlə çox...

Uyumadım, gəlib bilgisayarı işə salıb qulaq pərdələrimə “Əkiz Qüllələrə”  endirilən zərbələr kimi hayqırtı zərbəsi vuran qışqırıq sahiblərindən Sizə yazdım. Elə isə oxuyun:

...Bu qışqırtılar, hayqırışlar onların öz sayı qədər olan vicdanların səsi idi. Həmən o vicdan ki, Tolstoyun “qeybə çəkdirilmiş”  “Hz. Məhəmməd” adlı kitabında müəllifin belə bir fikri var: “Qəlbimizdə Allahın nuru vardır, onun adı da VİCDANDIR”.   Bəs görəsən bu nur hamınınmı ürəyində var? Və ya bu nura sahib olmaq üçün hamınınmı ürəyi var?..

Vicdan... Bunlar kimlərin vicdanları idilər? Və onlar niyə qışqırırdılar? Və niyə bu hayqırtını mən eşidirdim? 3 soru və 3-dən çox cavab...

Bu vicdanlar həmən o kəslərin vicdanıdır ki, bu günə kimi susmuşdular. Bəlkə yenə susacaqlar, ancaq məhz indi artıq hayqırıblar. Məsələni çox “romantikləşdirmək” istəmirəm. Vicdanları hələlik qoyaq yenidən susanacan qışqırsınlar!

...... Bu ölkədə çoxlu vətənpərvər var, özü də belə A sinfindən. Bu insanlar “ana yurdun zümrüd meşələrini gəzib, qarlı dağlarına qalxıb, buz kimi bulaqlarından su içiblər. Kölgəli çinarların (!) altında -igid canlı kabab qanlı –deyib, “azərbaycanlı istirahəti” ilə məşğul olublar. Bəzi ormantik və romantik “azərbaycanlı” qızlara görə bir baxışda vurulmaq olmasa da, hərçənd bir baxışda vətənpərvər “azərbaycanlıları” tanımaq mümkündür. Siz onları hər yerdə görə bilərsiz: bütün günü çayxanalarda oturub “bakal-bakal” efesdən gillədib, çayxana siyasətçisi funksiyasını yerinə yetirən, sonra da  bu vacib məşğuliyyətdən vaxt tapanda “məhlə”yə gəlib qonşu qızının qeyrətini çəkən “azəri” kişisi və yaxud, “ded” əsgərlərin gənc əsgərləri it balası kimi çırpdığı və “kişilik məktəbi” adlandırdıqları əsgərliyin şanlı kölələri olan Azərbaycan “oğulları”...

Bu siyahıya evə oturub vaxtını telefon qeybətlərinə və “pəmbə dizilərə” sərf edən “azəri” qadınını da salaq. Üstəgəl də, özləri kimi yetişdirdikləri həşəratlar... Sonra da bütün bu şöhrətləri ilə “planetə” (yəni Azərbaycana, “azərbaycanlılara” görə Azərbaycan özü bir planetdir və başqaları adam deyil) səs salmış müğənniciklər və sutkanın 24 saatının 25-ini TV-də “alovlu vətənpərvər, patriot çıxışlar”la baş-beynimi xarab edən kiflibaşlar... Tipik “azərbaycanlı” mənzərəsi...

İndi yəqin sinirlərinizi sanki çin müalicə üsulu ilə iynələr sancmışam. Amma sakit olun. “azərbaycanlı”laşmayın (belə birisi varsa). Həmişə deyirəm, indi də deyirəm: tüpürmüşəm patriotizmə də, vətənpərvərliyə də. Lap elə onun üfunətli pafosuna da.  Bunlardan bizə xeyir yoxdur. Bəlkə də bunlar özlüyündə elə də pis nəsnə deyil, amma “azərbaycanlı”ların dilinə düşən hər şey kimi bunlar da iyləniblər. Ona görə də heç vaxt demərəm ki, mən vətənpərvərəm. Hansısa bir “azərbaycanlı” da vətənpərvər olsun, mən də??? Onda mən də oldum sürüdən biri... Yoooxxx, mən elə millətçiyəm, türkçüyəm. Bir çoxları bu vətənpərvərlik kateqoriyası üstündə şiddətli polemikalarım olub. Gəlin sizə də izah edim vətənpərvərlik nədir. Vətənpərvər vətənini sevən, pərəstiş edən anlamına gəlir. Və bunu bilmək üçün heç də BDU-nun diplomunu “almaq” lazım deyil ki, nəyinsə sevgiyə layiq olması üçün onun bir dəyəri olmalıdır. Və gəlin görək, bu dəyər kəsb etməli olan varlığın özü nədir və nədən ibarət imiş? “Azərbaycanlı”ların kəşf etdikləri müqəddəs formula görə VƏTƏN= Gədəbəyin kartofu + Sabirabadın qarpızı + Bakının “qara qızılı” + Naxçıvanın mineral suları + göy Xəzər + (xarabalıqda yellər əsər) gen yaylaqlar + uca dağlar + aşaraq gəldim sizi görməyə... Bu da Sizə tipik “azəri”nin vətən anlayışı, daha doğrusu anlayışsızlığı... Bir “azər”i basıb-bağlayanda diqqətlə qulaq asın, coğrafi obyekt, təbii sərvətdən başqa bir zad eşitməzsiz. Elə hey tərifləyirlər... Fikir verdizsə, onların “bütün bəşəriyyətdən gizləyərək hifz etdikləri formulda” da İNSAN amilinə rast gəlmədik. Bəli, “azəri”nin düşüncəsində, vətən- kapitalist Qərbin sovurduğu NÖYÜTDÜR, “erməni tapdağında” olan TORPAQDIR, Mirzə Cəlilin hələ ötən əsrdə “musurman”narın məzarlığa olan münasibətini ifşa etdiyi halda “azərbaycanlı”ların ufuldadığı “ata-baba” QƏBİRLƏRİDİR, sızıldayan SÜR-SÜMÜKDÜR, AZƏRBAYCANI parçalayan (!) “XAN ARAZ”dır, XİYAR-POMİDOR və bu kimi “Ulu Yaradanın” yurdumuza bəxş etdiyi gözəl-göyçək nemətlərdir ki, hər bir “azərbaycanlı” da bütün bu qarın doyduran, pul gətirən maddiyyatdan “cənnət görmək istəyən Azərbaycana gəlsin” deyib elə bilir ki, Norveçi Qafqaza gətirib.

H.O.S.T-un sözləri ilə desəm - ağ ev boyda ağ yalan...

Bəli, hətta xiyar-pomidorun, göy-göyərtinin (başı bəlalı “Çerkeski”də satılıb pulu VƏTƏNƏ göndərilən göy-göyərtini deyirəm) vətən sayıldığı “azərbaycanlı” şüurunda (!) İNSAN vətənin heç quş işarəsini bildirən V-si də deyil. Qaldı ki, ona TƏN ola... Dost dosta tən gərək, tən olmasa... demək “azərbaycanlı”dır...

Cənablar,  bir az ciddi olun! 5 hektar taxıl, Avropaya axan “nöyüt”, dəli Kür (deyilənə görə o “az.lı”ların əlindən dəli olub), Şəki pitisi, Qarabağın kəhər və bir təhər atları İNSAN-dan qiymətli deyil! Heç qiyas edilə bilməz! Eləysə, bu xəstə düşüncəsizlik, qara sevda nədir ki, vətən deyən “az.lı” durub bağdan-bostandan danışır?! Nəyə görə bu TAYFA-nın (bəli tayfa, “az.lılara millət desəm, osmanlı Türklərini, düşmən də olsalar, erməniləri, farsları və rusları təhqir etmiş olaram) tayfadaşları (vətəndaş yox haaa) guya pozulan insan hüquqlarından danışdıqları halda, insanın özündən danışmırlar??? Yoxsa onlar Batının lənətə gəlmiş yetimçəsi olan liberalizmin xristianlığa Jak Mariten tərəfindən uzlaşdırılmış təbii hüquq nəzəriyyəsinə dayanaraq, hüququn, azadlığın insandan əvvəl meydana çıxdığını iddia edərək bunu edirlər?.. Onda onlara deyirəm: danışanda heç olmasa hüquqdan yox, haqdan danışın (dilinizin uzunluğu bəlkə buna çatar) və bu 2 siyasi-hüquqi anlayışın fərqini bilin. Onu da bilin ki, o dediyiniz hüquqlar “ayrılmaz” olduqlarına görə insandan əvvəl yaranırsa, nəyə görə insan öləndə -ölüm faktı qeydə alınanda (beyinin fəaliyyəti dayananda) o hüquqlar da “qeybə çəkilir”?.. Sonrası da ki, burda da deyirəm, Tanrı azadlığı yaratmayıb, onu insanlar elə özləri uydurublar... Xülasə, meyvə-tərəvəzdən danışıb hüquqa keçməyin, atın bunları faizə verdiyiniz pullarınızın “sələm”lərini hifz etdiyiniz sandıqlarınıza! İNSANDAN danışın və MİLLƏT adlanmağa layiq olmuş almanların, ingillislərin, fransızların, osmanlı türklərinin, nifrət etdiyiniz (?!) farsların və cəllad, qaniçən, oğru, xain dediyiniz (amma sizdən qeyrətli olan!)  hayların çoxdan mənimsədikləri bir düstura kökləyin o boş qafalarınızı (amma əvvəlcə, hamamda çimib, qafanızın içindəki hisi-pası töküb bir yaxşıca “ musurman qüslü” verin). Həmən düstur ki sizin “ixtiranızdan” çox daha sadə, aydın və konkretdir:

VƏTƏN=İNSAN=MİLLƏT

Bax budur VƏTƏNİN ÖZÜ-İNSAN. Qalan nə varsa hamısı boşdur, puçdur-qafanızdakı boşluq kimi! Ruhunuzdakı yoxluq kimi! Qarnınızdakı harınlamış toxluq kimi! Vətənin özü dedim haa, ÖZÜ... Yəni bunun sadəcə əvəzlik kimi anlamayın. ÖZÜ-yəni ki, həm də ÖZƏYİ, KÖKÜ, ƏSASI, TƏMƏLİ... ÖZÜ...

Bu “qısa” yorumumdan sonra aydın oldu ki, hər şeydən əvvəl İNSAN-dır. “Azərbaycanlı”ların vətən bildikləri, çeşidli maddiyyat isə elə İNSAN-ın kəndisi üçündür. Kəndlisi yox haa..  Dağ, çay, dəniz, bulaq, meşə, bulvar, qəbiristanlıq, neft buruğu—bunlar heç biri VƏTƏN deyil. İndi populistlər kimi mən də mi  Yaponiyanı misal çəkim?.. Ya İsraili?..

Əgər bu gün Möminə Xatun türbəsini qoruyub saxlayırıqsa, bu ona görə deyil ki, onun analoqunu inşa etmək mümkün deyil, ona görədir ki, onu- analoqunu tikmək mümkün olmayan türbəni bir İNSAN, bizdən olan bir İNSAN yaradıb! Deməli, hansısa xatunun türbəsi yox, Əcəmidir VƏTƏN! Səfəvi İmperiyası yox, onu quran Xətaidir VƏTƏN! Əxlaqi-Nasir yox, Tusidir VƏTƏN! Xəmsə yox, Nizamidir VƏTƏN! Şərqdə yazılmış ilk opera yox, Üzeyirdir VƏTƏN! Şəhidlərin xiyabanı yox, onların özüdür VƏTƏN! Uğurlu Neft Strategiyası yox, o strategiyanın aid olduğu Şimali Azərbaycanı parçalanmaqdan qurtaran Əliyevdir VƏTƏN! (indi kimsə deyəcək ki, YAP-çısan, ya da AzTV-də işə düzəlmisən. Bunu deyəcək insanın deyəcəyindən aydın faktlar var və ağlı şimpanze ağlından çox işləmir, yəni 3 yaşında uşaq ağlıdır!!!) ......... Və “az.lı”ları TÜRK etməyə yönəlmiş hər cürə vulqar təhqirim (küt poladı da döyə-döyə qılınc edirlər) deyil, mən özüməm VƏTƏN! Eləcə də Sizin etdikləriniz yox, Siz hamınız özünüzsüz VƏTƏN!  Sizlər eyni milliyətdən olanlar bir milləti təşkil edirlər, və həmin MİLLƏTDİR VƏTƏN!  Vətəni gedib, Kəlbəcərin qızıl yataqlarında axtarmaq lazım deyil. TORPAQ VƏTƏN DEYİL - stereotiplərinizi sındırın!!! Vətən - o torpağa sahib olan (öz mənafeyindən dolayı) İNSANDIR! Yoxsa nəyə görə deyilib ki, “torpaq-əgər uğrunda ölən varsa, vətəndir!” Ortaya sual çıxır, bəs bu ölən o torpaq uğrunda niyə ölür? Başı xarab olmayıb ki??? Nəticəni özünüz çıxardın və ya ÖZÜNÜZ nəticəni çıxartsın, ÖZÜNÜZ...

İndi deyin görək, İNSANMI vətənə təndir, yoxsa daş-kəsək?.. Əgər daş-kəsək düşünürsüzsə, deməli, daşımız da daş üstə qalmayacaq...

... Bax elə buna görə də mən “az.lı” vətənpərvərliyinə nifrət edirəm, insan vətən dediyi nəsnəyə pərəstiş edər, sevər. Demək bizimkilər də, meyvə-tərəvəzə pərəstiş edirlər.. Amma bir yandan da onları başa düşmək olar, o meyvə-tərəvəzi,  satıb (!) “külfət”i dolandırırlar... Bu lap oldu erməniyə dayı demək...

"Ay ayılar! Haylar- oldu Sizə dayılar! Buna patriotlar bayılar...!"

 

Həbib Heydər (Uğur Özgür)

 

P.S. Müəllifin fikirləri ilə redaksiyanın fikirləri üst-üstə düşməyə bilər...


OXŞAR XƏBƏRLƏR