Hazırda internet, sosial şəbəkələr həyatımızın ayrılmaz bir hissəsinə çevrilib, adına müasirlik dediyimiz - virtual aləmin də yaratdığı acı məqamlar az deyil. Xüsusilə bu gün məktəblilərin sosial şəbəkələrdən geniş istifadə etməsi, eləcə də burada yaranan hər hansı bir qarşıdurma, anlaşılmazlıq sonda ağır nəticələrə belə gətirib çıxarır. Bəs bizdə necə, məktəblilərin sosial şəbəkələrdən hansı məqsədlə istifadəsinə nəzarət olunurmu?Psixoloqlar hesab edir ki, məktəblinin sosial şəbəkələrdə vaxtını daha çox keçirməsi cəmiyyətdə, real aləmdə özlərini tapa bilməmələrindən irəli gəlir. Özlərini tənha hiss edən, ünsiyyətə ehtiyacı olan məktəblilər məhz bu sosial şəbəkələr vasitəsilə ehtiyaclarını təmin edirlər. Bu da nəinki onları dərslərindən yayındırır, həm də virtual aləmdə baş verənlər birbaşa ona psixi təsir göstərir. Nəticədə uşağın psixologiyasında, valideyn və ətrafı ilə münasibətində xoşagəlməz hallar yaşanır. Ona görə də valideynlər uşaqların sosial şəbəkələrə girişinə məhdudiyyətlər qoymalı, onları internet asılılığından məhrum etməlidirlər.Mövzunun qəhrəmanı olan məktəblilərsə sosial şəbəkələrdən hansı məqsədlərlə istifadə etdiklərinə müxtəlif arqumentlər gətirirlər. Hətta bir neçəsi etiraf etdi ki, bəzən sosial şəbəkələrdə sözləri çəp də gəlib.Sosial şəbəkələrin məktəblilərin əxlaqına, eləcə də gələcək həyatına mənfi təsir göstərdiyni deyən valideynlərsə çıxış yolunu qadağalarda görür.Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz sosial şəbəkələrin faydalı tərəfləri ilə yanaşı, mənfi təsirlərinin də az olmadığını vurğuladı. Bildirdi ki, bu gün sosial şəbəkələrdən hər hansı bir fəsadlar yaranırsa bunun başlıca səbəbi azyaşlılara nə məktəbdə, nə də ailədə nəzarətin olunmamasıdır. London, Vaşinqton kimi şəhərlərdə kompyuter arxasında uşaqlara ciddi nəzarətin edildiyini deyən mütəxəssis ölkəmizdə belə bir praktikanın olmamasına təəssüfləndi. Bildirdi ki, normalda məktəbli dərslərinə hazırlaşmalı və onun üçün sosial şəbəkələr maraq kəsb etməməlidir.Odur ki valideynlər, elə məktəblilər də daha diqqətli olsalar yaxşıdır, hər halda real həyatın gözəlliyni heç bir sosial şəbəkə təmin etmir.