Seçki prosesinin mətbuatda işıqlandırılması məsələsi ətraflı müzakirə olunub.
AZXEBER.COM xəbər verir ki, seçkinin mediada işıqlandırılmasına dair bu gün keçirilmiş seminar Avropa Şurası (AŞ) tərəfindən Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurası ilə birgə təşkil olunub.
Tədbirdə ilk çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev demokratik seçkilərin keçirilməsinin Azərbaycanın Əsas Qanununda öz əksini tapdığını diqqətə çatdırıb:
“Demokratik və beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsi Azərbaycan Respublikasının Konistitusiyasında təsdiq olunmuş normadır. Bu günə kimi keçirilmiş 15-ə yaxın seçkilərdə çox böyük təcrübələr toplanılıb”.
V.Əliyev ölkədə azad və ədalətli seçkilərin keçirilməsinə yönəlik hərtərəfli şəraitin yaradıldığını qeyd edərək, seçmək və seçilmək hüququnun maksimum təmin olunduğunu bildirib:
“Siyasi partiyalar, siyasi partiya blokları, namizədlərin seçib-seçilmək hüququnu reallaşdırması mövcud təcrübədə oturuşmuş normadır. Siyasi partiyaların seçki dövründə fəallığı, eyni zamanda medianın fəallığı bütövlükdə Azərbaycanda seçki dövründə vətəndaş cəmiyyətinin fəal olduğunu göstərir”.
V.Əliyevin sözlərinə görə, 1998-ci ildə senzuranın ləğv edilməsi ölkə mətbuatının inkişafına yeni dövrün başlanğıcı olub:
“Hazırda Azərbaycan mətbuatı nə kəmiyyət, nə də keyfiyyət baxımından region ölkələrinin mediasından nəinki geri qalmır, hətta bir sıra parametrlərə görə onları üstələyir.
Bu gün Azərbaycanda üç yüzdən artıq fəal, müxtəlif yönlü - siyasi, iqtisadi, sosial və digər sahələri işıqlandıran onlayn media mövcuddur, sosial şəbəkələrdən geniş surətdə istifadə olunur - artıq sosial şəbəkədən istifadə edənlərin sayı iki milyonu ötür.
Təbii ki, belə bir mühitdə Azərbaycanda aktiv seçkilərin keçirilməsi, cəmiyyətin bütün üzvlərinin bu prosesdə iştirakının təmin olunması, bunun üçün xüsusi səy göstərmək, xüsusi tədbirlər keçirməyə ehtiyac qalmır. Bu, artıq oturuşmuş, formalaşmış bir normadır”.
V.Əliyev noyabrın 1-də keçiriləcək parlament seçkiləri çərçivəsində cəmiyyətdə fəallığın müşahidə olunmamasına dair iddialara da münasibət bildirib:
“İstər namizədlərin irəli sürülməsi, istər təbliğat-təşviqat dövründə, seçki günündə müəyyən mərhələləri bəzi dairələr belə şərh edə bilərlər ki, müəyyən aktivlik müşahidə olunmur, burada passivlik var. Bildiyiniz kimi, Azərbaycanda artıq sivil bir yaşayış forması tətbiq olunur.
İnsanların fikirlərinə baxsaq, onları çaxnaşma, qarşıdurma, namizədlər haqqında kompramatların mediaya ötürülməsi kimi məsələlərdən daha çox namizədlərin seçki dövründə proqramlarının nədən ibarət olacağı, cəmiyyətin inkişafı ilə bağlı, seçildikləri dairələrdən insanlara nə verə biləcəkləri, nə təklif edəcəkləri ilə bağlı daha çox maraqlanırlar.
Bu da bütövlükdə onu təsdiq edir ki, Azərbaycanda artıq insanları hansısa neqativ emosiyalar, sivil cəmiyyətə xas olmayan xüsusiyyətlər yox, məhz demokratik cəmiyyətlərdə mövcud olan ab-hava maraqlandırır”.
Prezident Administrasiyasının rəsmisi medianın əsas vəzifəsinin seçki prosesinin obyektiv işıqlandırmaqdan ibarət olduğunu bildirib:
“Ancaq bütün bu məsələlərdə, seçki prosesi barədə, hətta cəmiyyətdə baş verən proseslər barədə həm seçicilərə, həm namizədlərə, həm seçki prosesində iştirak edən insanlara həqiqətlərin çatdırılması sahəsində medianın rolu əvəzsizdir.
Seçicilər namizədlər haqqında, onların platformaları barədə ən çox mediadan informasiya alır. Namizədlər də özləri haqqında mediadan daha çox oxuyurlar. Əsas şərt ondan ibarətdir ki, ilk olaraq media seçki prosesini tam bitərəf işıqlandırsın, məlumatlandırma funksiyasını qərəzsiz həyat keçirsin.
Geniş maarifləndirmə funksiyasına malik medianın seçki qanunvericiliyinin təbliği, seçki ilə bağlı məsələlərin təbliği sahəsində çox ciddi rol oynaya bilər. Hesab edirəm ki, qarşıdan gələn seçkilərdə də medianın əsas vəzifəsi bütün prosesləri obyektiv şəkildə işıqlandırmaqdan ibarət olmalıdır”.
V.Əliyev Azərbaycanda yaranmış seçkiqabağı mühitin demokratik cəmiyyətlərə uyğunluğunu vurğulayıb:
“Seçki qanunvericiliyində medianın vəzifəsinin nədən ibarət olunması tam təsbit olunub. Əsas məsələ kimi, bütün namizədlərə, siyasi partiyalara, siyasi partiya bloklarına bərabər şəaritin yaradılmasıdır.
Bunun üçün artıq MSK-da 40-dan artıq media orqanı həmin proseduru keçib, təşviqat prosesində iştirak etmək hüququ qazanıblar.
İnternet media, onlayn media, sosial şəbəkələrdə çox geniş və aktiv çəkildə müzakirələr, müxtəlif təbliğat üsullarından istifadə olunur. Yəni ki, normal demokratik sivil bir cəmiyyət ab-havasını necə yaşayırsa, Azərbaycanda da həmin ab-hava müşahidə olunur.
Ümid edirəm ki, bu kimi tədbirlərdə Azərbaycan media nümayəndələrinin daha da çox təkmilləşməsinə, Azərbaycan qanunvericiliyi, beynəlxalq qanunvericilik sahəsində məlumatların əldə edilməsi, təcrübənin öyrənilməsi, həmin təcrübəyə uyğun öz fəaliyyətinin qurulması sahəsində önəmli töhvə verə bilər”.
MSK sədrinin müavini Natiq Məmmədov öz çıxışında medianın seçki prosesində oynadığı rolun əhəmiyyətini önə çəkib. N.Məmmədov bildirib ki, medianın bu prosesdə iştirakı həm pozitiv, həm də neqativ ola bilər.
N.Məmmədov bu sırada media orqanlarının seçkilər çərçivəsində qanunlara zidd təbliğat yönlü fəaliyyətini nəzərdə tutaraq, bu kimi problemlərin tədricən aradan qalxacağını qeyd edib:
“Azərbaycanın yeni müstəqillik tarixinin çox olmadığını nəzərə alsaq, başqa ölkələrin yüz illər ərzində keçdiyi yolu bizim belə qısa müddətdə getməyimizin gözlənməsi doğru olmazdı”.
Avropa Şurasının Bakı ofisi rəhbərinin müavini Teymur-Məlikaslanov qısa çıxışında seminar iştirakçılarına təşəkkürünü bildirərək, təşkil olunan seminarın faydalı olacağına inandığını bildirib.
Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev seminarın aktual məsələyə həsr olunduğunu vurğulayaraq, seçkinin nediada işıqlandırılması məsələsinin seçki prosesinə mühüm təsirinə diqqət yönəldib.
U.Mirzəyevin sözlərinə görə, ölkə mediası seçkidən-seçkiyə prosesə daha peşəkar yanaşır və bu vərdişlər getdikcə daha da dərinləşir.
Seminarın Azərbaycan qanunvericiliyi təcrübəsi üzrə təqdimatlar bölümündə çıxış edən MSK üzvü Qabil Orucov Azərbaycanın açıq, demokratik dövlət olduğunu, ölkədə keçirilən seçkilərdə şəffaflığının təmin edildiyini və bu prosesdə medianın ciddi rol oynadığını deyib:
“Seçki komissiyalarının fəaliyyəti, onların qəbul etdikləri qərarlar, ümumiyyətlə, mühüm seçki hərəkətləri məhz media vasitəsilə kütləyə çatdırılır. Bu məsələlər isə qanunvericiliyin müvafiq maddələri ilə tənzimlənir”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədli də mövzu ilə bağlı fikirlərini bildirərək, ölkə mətbuatının hər seçkidən seçkiyə daha da püxtələşdiyini, seçki prosesini daha peşəkar işıqlandırmağa çalışdığını qeyd edib.
Çıxışlardan sonra səslənmiş fikirlər ətrafında diskussiya aparılıb.