AZXEBER.COM portalının nazirliyin rəsmi saytında yerləşdirilmiş xəbərdarlıqda deyilir ki, cari il matın 11-də Yaponiyanın şimal-şərqində, Sakit okeanda 2,5 dəqiqə davam edən 8,8 bal gücündə zəlzələ baş vermiş, zəlzələdən sonra 100 “aftershock” qeydə alınıb. Təbii fəlakət nəticəsində Yaponiyanın şərq bölgələrində yerləşən 9 prefekturaya, əsasən İvate, Miyaqi, Fukuşima, İbaraki, Toçiki, Qunma, Saitama və Tokio prefekturalarına daha çox ziyan dəyib. Zəlzələ nəticəsində yaranmış sunami Yaponiyanın şimal-şərq və şərq sahillərində yerləşən Fukusima, Miyaqi və İvate prefekturalarına dağıdıcı təsir göstərmiş, yaşayış məntəqələri su altında qalıb. Fukusima prefekturasında fəaliyyət göstərən iki nüvə elektrik stansiyası - Fukusima-1 və Fukusima-2 Atom Elektrik stansiyalarında nasazlıq əmələ gəlmiş, stansiyaların yaxınlığında radiasiyanın həcmi mümkün normanı min dəfə üstələyib.
Bunları nəzərə alaraq, Yaponiyaya səfər etmək istəyən Azərbaycan Respublikasının vətəndaşlarına vacib olmadıqda bu ölkəyə səfərlərini təxirə salmaları tövsiyə olunur. Yaponiyada daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının ölkədə baş verən zəlzələ və radiasiya təhlükəsi ilə əlaqədar Yaponiya rəsmiləri tərəfindən elan olunan təlimatları mütəmadi izləmələri və mövcud qaydalara əməl etmələri, eləcə də yaranmış hər hansı problemlə bağlı yardım göstərilməsi üçün Tokioda yerləşən Azərbaycanın səfirliyinə müraciət etmələri məsləhət görülüb.