Xaçmazda ailə münaqişəsi dəhşətli cinayətlə nəticələnib.
AZXEBER.COM Modern.az-a istinadla xəbər verir ki, rayonun Xaspoladoba kəndində məscid imamının müavini olmuş 48 yaşlı kişi arvadını boğaraq qətlə yetirib. Məhkəmə onun barəsində 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Cinayət işi materiallarına görə, təqsirləndirilən şəxs 1977-ci il təvəllüdlü Asəf Məmmədov (adı şərtidir) arvadı Yaqut Məmmədova (adı şərtidir) ilə 20 ildən çox evli olub, bu nikahda üç övladı doğulub. O, Xaçmaz rayonu Xaspoladoba kənd məscidində imam müavini kimi çalışıb.
Hadisə 2025-ci il aprelin 6-da axşam saatlarında baş verib. Həmin gün cütlük qohumlarının hərbi xidmətə yola salınması mərasimində iştirak edib. Mərasim zamanı kişi arvadına "sıxıldığını, evə getmək istədiyini" deyib, lakin qadın etiraz edib və onun bu davranışından narazılıq bildirib.
Məhz bu an ailə mübahisəsinin başlanğıcı olub. Qadın ərinə "heç bir məclisdə axıra qədər oturmadıqlarını" söyləyib. Təqsirləndirilən şəxs evə getmək üçün avtomobilinə minib, qadın da onunla birlikdə evə dönüb.
Yolda və evə çatdıqdan sonra mübahisə davam edib. Qadın ərini və anasını təhqir edib, boşanacağını bildirib. Kişi ifadəsində qeyd edib ki, həmin an özünü itirib və əsəbi vəziyyətdə həyat yoldaşını öldürüb.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, uzun illər əsəb xəstəliyindən əziyyət çəkib və hadisə anında "özündə olmayıb". "Həyat yoldaşımın boşanmaq istədiyini deməsi məni özümdən çıxardı. Həyatımın mənası qalmayacağını düşündüm. Özümə gəldikdən sonra məscidə gedib namaz qıldım və sonra polisə təslim oldum", - deyə o, ifadəsində bildirib.
Araşdırmaya görə, kişi mətbəxdə arvadının baş örtüyünü götürərək onun boğazına dolayıb və boğaraq öldürüb. Tibbi ekspertiza nəticəsində qadının boğulma (asfiksiya) nəticəsində öldüyü müəyyən edilib.
Məhkəmədə ifadə verən cütlüyün böyük qızı bildirib ki, valideynlərinin münasibəti əvvəl normal olub, evdə zorakılıq müşahidə etməyib:
"Atam hirslənəndə əşyalara zərər vururdu, amma bizə əl qaldırmazdı. Anamı itirmişəm, atasız da qalmaq istəmirəm. Onun cəzasını çəkib evə qayıtmasını istəyirəm."
Hadisə baş verdikdən sonra təqsirləndirilən şəxs polisə zəng edərək törətdiyi cinayəti etiraf edib.
Məhkəmə sübutları və ifadələri nəzərə alaraq Asəf Məmmədovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirli bilib. O, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.