“Vəziyyəti daha da kəskinləşib”.
Bu gün Xaçmazın Xudat şəhərində gənc qız xəstəxanada vurulan iynədən sonra ölüb.
AZXEBER.COM xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Xaçmaz Mərkəzi rayon Xəstəxanasından Xudat şəhər xəstəxanasına gətirilən Yeni Həyat kənd sakini, 24 yaşlı Sevinc Seyfulla qızı Mövludovaya iynə vurulub. İynədən sonra qızın halı daha da pisləşib və dünyasını dəyişib.
Xəstəxananın baş həkiminin müavini Lətif Abbasovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, qız xəstəxanaya anafilaksik şok diaqnozu ilə daxil olub.
“Qız allergiya xəstəsi olub. Ona iynə vurulandan sonra vəziyyəti daha da kəskinləşib. Onun həyatını xilas etmək mümkün olmayıb”.
Həkim xəstənin ölüm səbəbinin araşdırıldığını əlavə edib.
Hazırda Sevinc Mövludovanın meyiti tibbi ekspertizaya göndərilib.
Xaçmaz rayon Polis Şöbəsinin rəis müavini Valik Vəlimətovun verdiyi məlumata görə, ekspertizanın nəticələrindən sonra qadının ölüm səbəbləri məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.