Xalidə Xalid və sürücüsü yaxın iki gün ərzində Azərbaycana təhvil veriləcək

Xalidə Xalid və sürücüsü yaxın iki gün ərzində Azərbaycana təhvil veriləcək
Bütün Xəbərlər
14:43 20.05.2013
838

İranda ötən gün həbsdən azad olunan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov yaxın iki gün ərzində Azərbaycana təhvil veriləcək. İranda səfərdə olan Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətindən verilən məlumata görə, hazırda hər iki ölkənin müvafiq qurumları təhvil-təslim işləri ilə bağlı sənədləşmə aparır.

Sənədləşmə işi başa çatdıqdan sonra Azərbaycan vətəndaşları təhvil veriləcək. Onların Azərbaycan nümayəndə heyəti ilə birgə vətənə qayıtması gözlənilir. Şeyxin başçılıq etdiyi nümayəndə heyəti İrana səfərini mayın 22-də yekunlaşdırıb Azərbaycana qayıdacaq.

Qeyd edək ki, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Mayın 18-də QMİ sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Tehrana səfərindən sonra mayın 19-u isə onlar azadlığa buraxılıblar.

//APA

OXŞAR XƏBƏRLƏR