Xanım Qafarovanın son arzusu...

Xanım Qafarovanın son arzusu...
Bütün Xəbərlər
04:03 12.07.2014
9731

Hacıbəy HeydərliƏməkdar artist Xanım Qafarova son günlər hər birimiz üçün doğmalaşmışdı. Əvvəllər onu səhnədən görüb-bəyənənlər, sevənlər son günlər Xanım üçün birləşmişdilər, hər kəs Xanım Qafarovanın sağalması üçün dualar edirdi. Xanımın televiziyaya çıxıb, imdad diləməsi, “xahiş edirəm, məni ölməyə qoymayın” sözləri hər bir azərbaycanlının qulağında idi. Ancaq zalım fələk yenə öz işini gördü və Xanımı bizdən aldı.

Bu yerdə qeyd edim ki, 1967-ci il təvəllüdlü aktrisauzun müddət idi ki, süd vəzisi xərçəngindən əziyyət çəkirdi. Xanımın durumunu ilk dəfə ictimailəşdirən əməkdar artist Aybəniz Haşımova olmuşdu. O ötən ilin 7 dekabr tarixində bu haqda status yazmışdı və bildirmişdi ki, aktrisanın vəziyyəti kritikdir.

Bu məlumatın ictimailəşməsindən qısa müddət sonra Heydər Əliyev Fondu Xanım Qafarovanın müalicəsini üzərinə götürdü. Mərhum aktrisa İstanbulun “Santi” xəstəxanasında müalicə olunmağa başladı, bütün xərcləri isə Heydər Əliyev Fondu ödədi.

Son günlər isə aktrisanın vəziyyəti yenidən kəskinləşmişdi və o televiziyaya, mediaya çıxıb imdad diləyirdi. Ölmək istəmədiyini, 6 yaşlı qızına görə nigaran olduğunu deyirdi, evinin olmamasından şikayətlənirdi. Bəzi televiziya kanalları, daha da konkretləşdirsək “ATV”nin şoumen aparıcısı Zaur Baxşəliyev Xanım Qafarovanın acısı və faciəsi üzərindən reytinq qırmaq üçün dəridən-qabıqdan çıxırdı. Canlı yayımda əməkdar artist üçün pul yığan Zaur unutmuşdu ki, dövlətimiz hər zaman sənətə və sənətkara sahib çıxır. Və bu dəfə də belə oldu.

Yenə də Heydər Əliyev Fondu xanım aktrisanın müalicəsini öz üzərinə götürdü və ölkənin birinci xanımı Mehriban Əliyeva onun İsrailə göndərilməsi ilə bağlı göstəriş verdi. Ancaq aktrisanın səhhətinin kəskin pisləşməsi buna imkan vermədi və ... beləliklə, daha bir dəyərli sənətkarımızı itirdik.

Xanım Qafarovanın vəfatından sonra isə ağzıgöyçəklər, bekarlar yenə də qiybət etməyə, ölünün dalıyca danışmağa, hakimiyyəti suçlamağa başladılar. Hər şeyi qara görən bəzi ünsürlər Xanım Qafarovanın ölümünə görə Azərbaycan dövlətini və mövcud iqtidarı tənqid etməyə başladılar. “Xanıma vaxtında kömək edərdilər”, “Öləndən sonra pul onun nəyinə lazımdır”, "Onun 6 yaşlı qızına kim sahib çıxacaq?" və bu tipli şərhlər gəlməyə başladı. Sağlığında Xanımın avtobus pulunu belə verməyə cəsarəti və kişiliyi çatmayanlar, “facebook”da şirə dönüb xanımsevər oldular.

Bu məqamda həmin şəxslərə bəzi nüansları xatırlatmaq istəyirəm. Əgər vicdanları olsa, bundan sonra susarlar:

Bir neçə ay bundan öncə əməkdar artistin səhhətiylə bağlı problem yarananda Heydər Əliyev Fondu müalicə üçün onu İstanbula göndərdi və bütün xərcləri ödədi. Vaxtında kömək etmək bu deyil, bəs nədir?

Bu günlərdə aktrisanın vəziyyəti kəskinləşəndə yenə də dövlətimiz ona sahib çıxdı və İsrailə getməsi üçün şərait yaratdı. Əziz ağzıgöyçəklər əgər bu qədər humanist idinizsə, o zaman ortaya çıxardız, aktrisaya özünüz kömək edərdiz. 

Ölümündən sonra yenə də Heydər Əliyev Fondu aktrisaya dəstək oldu və dəfn mərasiminin bütün xərclərini Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva öz üzərinə götürdü. Dövləti və hakimiyyəti tənqid edənlər isə nəinki dəfn mərasiminə gəlmədilər, əksinə bunu şouya çevirdilər.

Və ən nəhayət Xanım Qafarovanın ən çox narahat olduğu məsələ də öz həllini tapdı və dövlətimiz onun gözünün ağı-qarası olan 6 yaşlı qız uşağını da öz himayəsinə götürdü. Bir də xəstəliyi dövründə, həyatının son anlarında və dünyasını dəyişəndən sonra Xanım Qafarovanın yanında daha bir nəfər var idi. O bütün Azərbaycan xanımlarının, sənətkarlarının, ziyalılarının, gənclərinin və ən nəhayət seçicilərinin yanında olan millət vəkili Qənirə Paşayeva idi. Qənirə xanım nə qədər üzülsə də, bunu büruzə verməməyə çalışırdı, səbəbi isə sadə idi: O Xanımgilə təsəlliyə deyil, dəstəyə, köməyə gəlmişdi. Və Xanımı rahatlaşdıran cümləni də Qənirə Paşayeva dedi: “Balaca qızınla bağlı hər şey yaxşı olacaq. Gör nə qədər dostun, qohumun var, bu otaqda... Qızın bizə əmanətdi.Üstəlik Mehriban xanım, Heydər Əliyev Fondu onu himayəyə götürdüyünü deyib. O böyüyəcək, oxuyacaq, xoşbəxt olacaq..! Qızın tək qalmayacaq, rahat ol!

10 dəqiqə sonra isə Qənirə xanım əməkdar artisti ailəsinə bu sözləri deyirdi: "Dəfnin bütün xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Siz heç nəyə görə narahat olmayın."Bu yerdə qeyd edim ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən rusiyalı müğənni-aparıcı Janna Friske bir neçə ay bundan öncəyə qədər hər gün canlı yayıma çıxıb Rusiya hakimiyyətindən müalicəsi üçün pul istəyirdi, dövlətin ona dəstək olması üçün yalvarırdı. 

Nəticədə isə bilirsinizmi nə oldu? 

Jannanın müalicəsi üçün tələb olunan pulu dövlət yox, onun tamaşaçıları, xalqı ödədi. Belə bir şeyi Azərbaycanda təsəvvür edə bilirsinizmi? 

Çətindir, çox çətindir. Bizim cəmiyyət yalnız ölümdən sonra insanın müdafiəçisinə çevrilir, sağlığında söydüyümüz, təhqir etdiyimiz, aşağıladığımız insanlar ölümləriylə qəhrəman olurlar. 

Elə ona görə də nə qədər ki, yaşayırıq humanist insanlara və dövlətimizə təşəkkür edək: sənətə, sənətkara və insanlığa qiymət verdiyinə görə...

Yazını bu gün dəfn mərasimində aktrisanın qohumlarının dediyi sözlə bitirmək istəyirəm: "Son günlər Xanımın ən narahat olduğu şey ölümündən sonra qalacaq 6 yaşlı qızı və dəfn mərasiminin necə keçəcəyi ilə bağlı idi. Allah Mehriban xanıma uzun ömür versin, onun sayəsində Xanımın gözü arxada qalmayacaq, Heydər Əliyev Fondu həm dəfnin xərclərini və həm də qızcığazı öz himayəsinə götürüb". 

Allah Xanım Qafarovaya rəhmət eləsin...

OXŞAR XƏBƏRLƏR