Xaricdə işləyənlərin pensiyası batır? - Açıqlama

Xaricdə işləyənlərin pensiyası batır? - Açıqlama
SOSİAL
23:16 21.07.2026
167
Əmək miqrasiyasının artdığı və minlərlə Azərbaycan vətəndaşının müxtəlif ölkələrdə işlədiyi dövrdə onların gələcək sosial təminatı məsələsi xüsusi aktuallıq qazanır. Xaricdə işləyən şəxslərin bir qismi uzun illər əmək fəaliyyəti göstərsə də, həmin əmək dövrlərinin pensiya hesablanarkən necə nəzərə alınacağı ilə bağlı kifayət qədər suallar mövcuddur. Xüsusilə də xaricdə rəsmi əmək müqaviləsi ilə çalışanlarla yanaşı, qeyri-rəsmi fəaliyyət göstərən və sosial sığorta ödənişi etməyən şəxslərin gələcəkdə pensiya hüququ baxımından hansı imkanlara malik olması müzakirə olunan mövzulardandır.

Bir çox vətəndaş xaricdə qazandığı əmək təcrübəsinin Azərbaycanda pensiya təminatına təsir edib-etməyəcəyini, hansı hallarda xarici ölkələrdə toplanmış iş stajının qəbul olunduğunu və sosial sığorta sistemindən kənarda qalmağın hansı risklər yaratdığını bilmək istəyir. Müasir dövrdə əmək bazarının qloballaşması, insanların bir ölkədən digərinə işləmək üçün köç etməsi fonunda sosial təminat sistemlərinin uyğunlaşdırılması və vətəndaşların gələcək hüquqlarının qorunması mühüm məsələlərdən birinə çevrilib.

Bəs xaricdə işləyən, lakin Azərbaycanda kifayət qədər əmək stajı və ya sosial sığorta ödənişi olmayan vətəndaşların pensiya hüququ necə müəyyən edilir? Bu şəxslərin xaricdə topladıqları iş stajı hansı hallarda nəzərə alınır? Eyni zamanda, uzun illər rəsmi əmək müqaviləsi olmadan çalışan şəxslər gələcəkdə pensiya təminatı baxımından hansı hüquqi və sosial problemlərlə üzləşə bilərlər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında hüquqşünas Elnur Məmmədov bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla müəyyən edilmiş şərtlər, o cümlədən tələb olunan sığorta stajı və ya fərdi hesabda kifayət qədər pensiya kapitalının mövcudluğu əsas götürülür.

Onun sözlərinə görə, xaricdə işləyən Azərbaycan vətəndaşlarının həmin dövrdə topladıqları əmək stajı yalnız Azərbaycan Respublikasının müvafiq dövlətlə sosial təminat və ya pensiya sahəsində bağladığı beynəlxalq müqavilələr mövcud olduğu hallarda və həmin müqavilələrin şərtlərinə uyğun şəkildə nəzərə alınır:

"Belə sazişlər stajın qarşılıqlı tanınmasına və pensiya hüquqlarının qorunmasına imkan yaradır. Əgər vətəndaş uzun illər rəsmi əmək müqaviləsi olmadan çalışıb və onun adına məcburi dövlət sosial sığorta haqları ödənilməyibsə, həmin dövr, bir qayda olaraq, sığorta stajına daxil edilmir. Bu isə gələcəkdə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsində çətinliklər yarada, pensiyanın daha aşağı məbləğdə hesablanmasına və ya bəzi hallarda əmək pensiyası hüququnun ümumiyyətlə yaranmamasına səbəb ola bilər.

Bu baxımdan əmək münasibətlərinin rəsmi qaydada rəsmiləşdirilməsi, sosial sığorta haqlarının tam və vaxtında ödənilməsi, həmçinin xaricdə çalışan şəxslərin işlədikləri ölkə ilə Azərbaycan arasında qüvvədə olan beynəlxalq sosial təminat sazişlərinin mövcudluğunu əvvəlcədən araşdırmaları onların gələcək pensiya hüquqlarının təmin olunması baxımından mühüm hüquqi əhəmiyyətə malikdir", – deyə hüquqşünas fikrini tamamlayıb.
OXŞAR XƏBƏRLƏR