Son dövrlərdə xaricdə təhsil üzrə konsultasiya şirkətləri və vasitəçilərlə bağlı müxtəlif problemlərə daha çox rast gəlinir. Universitetə qəbul və diplomun tanınması ilə bağlı əsassız vədlər, proqram və təhsil şərtləri barədə yanlış məlumatların verilməsi, eləcə də razılaşdırılmış xidmətlərin lazımi qaydada göstərilməməsi vətəndaşların maddi itkilərlə və hüquqi mübahisələrlə üzləşməsinə səbəb ola bilər.
Belə şirkətlərin öhdəliklərinin və məsuliyyətinin hüquqi sərhədləri nədən ibarətdir? Vətəndaşlar xidmət almamışdan əvvəl nələrə diqqət etməli, hüquqları pozulduqda isə hansı hüquqi müdafiə vasitələrindən istifadə etməlidirlər?
Oksford Universitetinin məzunu, hüquqşünas Şəbnəm Tağıyeva Demokrat.az-a mövzu ilə bağlı açıqlama verib.
Vəkilin sözlərinə görə, xaricdə təhsil üzrə konsultasiya şirkətləri universitet və proqram seçimi, sənədlərin hazırlanması, müraciətin təqdim edilməsi və prosesin müşayiəti kimi xidmətlər göstərə bilərlər:
"Hüquqi baxımdan bu münasibətlər tərəflər arasında bağlanmış mülki-hüquqi müqavilə əsasında tənzimlənir və şirkət müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməlidir. Müqavilənin xarakterindən asılı olaraq bu münasibətlərə tapşırıq müqaviləsinə dair normalar da tətbiq oluna bilər; Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırığı həyata keçirən şəxs ona həvalə edilmiş iş və xidmətləri konkret nəticənin əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Universitetə qəbul barədə yekun qərarı ali təhsil müəssisəsi öz qəbul qaydaları və namizədə dair tələbləri əsasında, viza barədə qərarı isə müvafiq ölkənin səlahiyyətli orqanı verir. Xaricdə əldə edilmiş ali təhsil kvalifikasiyalarının Azərbaycanda tanınması da Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalarda nəzərdə tutulan tələblər əsasında səlahiyyətli orqan tərəfindən həyata keçirilir və avtomatik xarakter daşımır.
Başqa sözlə, şirkət üzərinə götürdüyü xidmətlərin lazımi qaydada icrasına görə məsuliyyət daşısa da, qəbul, viza və ya kvalifikasiyanın tanınması barədə yekun qərarı özü vermir. Buna görə "100% qəbul”, "100% viza” və ya "diplomunuz mütləq tanınacaq” kimi vədlərə ehtiyatla yanaşmaq lazımdır. Bununla belə, şirkətin müqavilədə, reklamda və ya digər formada konkret nəticə ilə bağlı verdiyi vəd sonradan onun məsuliyyətinin qiymətləndirilməsi zamanı hüquqi əhəmiyyət daşıya bilər”.
Hüquqşünas bildirib ki, şirkətin konkret olaraq hansı öhdəlikləri daşıdığını müəyyən etmək üçün ilk növbədə bağlanmış müqavilənin şərtlərinə baxılmalıdır:
"Müqavilədə göstəriləcək xidmətlərin dairəsi, xidmət haqqı, tərəflərin öhdəlikləri, müqaviləyə xitam və ödənişlə bağlı şərtlərin aydın müəyyən edilməsi vacibdir. Mülki qanunvericiliyə əsasən, tərəflər müqavilə üzrə öhdəliklərini vicdanla, vaxtında və lazımi qaydada icra etməlidirlər. Şirkət, məsələn, müraciəti vaxtında təqdim etməyibsə, sənədləri qüsurlu hazırlayıbsa və ya müqavilədə nəzərdə tutulmuş xidməti göstərməyibsə, onun mülki-hüquqi məsuliyyəti yarana bilər. Mülki Məcəllənin 443.1-ci maddəsinəəsasən, öhdəliyini icra etməyən borclu, məsuliyyət daşıdığı halda, bunun nəticəsində kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Pozuntunun xarakterindən, müqavilənin şərtlərindən və qanunvericilikdə nəzərdə tutulan əsasların mövcudluğundan asılı olaraq vətəndaş müqavilədən imtina, ödənişin müvafiq hissəsinin geri qaytarılması və ya dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb irəli sürə bilər. Bununla belə, müqavilənin pozulması bütün hallarda ödənilmiş məbləğin avtomatik və tam şəkildə geri qaytarılması demək deyil. Müqavilədə "ödəniş geri qaytarılmır” kimi şərtin olması da şirkəti bütün hallarda hüquqi məsuliyyətdən azad etmir. Mülki Məcəllənin 459.6-cı maddəsinə əsasən, öhdəliyin pozulması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan qabaqcadan imtina yolverilməzdir. Eyni zamanda, Məcəllənin 420.2 və 420.3-cü maddələri istehlakçı üçün zərərli olan və onun qanunla nəzərdə tutulmuş hüquqlarını əsassız məhdudlaşdıran müəyyən standart müqavilə şərtlərinin etibarsızlığını nəzərdə tutur. Buna görə "ödəniş geri qaytarılmır” müddəası vətəndaşın ödənişin qaytarılması və ya zərərin ödənilməsi ilə bağlı qanuni tələb irəli sürmək hüququnu avtomatik istisna etmir”.
Şəbnəm Tağıyeva söyləyib ki, şirkətin məsuliyyəti qiymətləndirilərkən yalnız müqavilənin mətni deyil, xidmət barədə əvvəlcədən təqdim edilmiş məlumatlar, o cümlədən reklam və yazışmalarda verilmiş vədlər də hüquqi əhəmiyyət daşıya bilər:
"Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən, müqavilənin məzmunu müəyyənləşdirilərkən müqaviləyə qədərki danışıqlar və yazışmalar da nəzərə alınır. Eyni zamanda, "Reklam haqqında” Qanunun 6 və 7-ci maddələrihaqsız və qeyri-dəqiq reklamı qadağan edir. Əgər yanlış məlumat və ya verilmiş vəd şəxsin müqavilə bağlamaq qərarına təsir edibsə, Mülki Məcəllənin 339.2-ci maddəsi əsasında aldatma təsiri altında bağlanmış əqdin mübahisələndirilməsi məsələsi də yarana bilər. Buna görə müqavilə və ödəniş sənədləri ilə yanaşı, reklamların ekran görüntülərinin, şirkətlə yazışmaların, elektron məktubların və digər sənədlərin saxlanılması vacibdir. Şirkətin xidməti lazımınca göstərməməsi və ya müqavilə öhdəliyini pozması ilk növbədə mülki-hüquqi məsuliyyət yarada bilər. Müqavilənin icra edilməməsi və ya gözlənilən nəticənin əldə olunmaması özlüyündə dələduzluq demək deyil. Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd olunur ki, dələduzluq birbaşa qəsdlə və tamah məqsədilə törədilir; etibardan sui-istifadə, həmçinin şəxsin əmlakı və ya ona olan hüququ əvəzsiz şəkildə ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı hallarda yaranmış olur.
Bu baxımdan əsas məsələ yalnız müqavilənin sonradan icra edilməməsi deyil, əmlakı ələ keçirmək məqsədilə aldatma və ya etibardan sui-istifadə əlamətlərinin olub-olmamasıdır. Məsələn, saxta qəbul sənədinin təqdim edilməsi, universitetə müraciət edilmədiyi halda müraciətin edildiyinin bildirilməsi, yaxud mövcud olmayan imkanlar barədə bilərəkdən yanlış məlumat verilməklə pulun ələ keçirilməsi kimi hallar olduqda, əməlin konkret hallarından asılı olaraq dələduzluq və ya digər cinayət tərkiblərinin əlamətlərinin olub-olmaması hüquq-mühafizə orqanları tərəfindən araşdırıla bilər”.
O qeyd edib ki, müqavilə öhdəliyi pozulubsa, ilk növbədə şirkətə yazılı tələbtəqdim edilərək pozuntunun aradan qaldırılması, əsas olduğu halda müqaviləyə xitam verilməsi, ödənilmiş məbləğin müvafiq hissəsinin geri qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi tələb edilə bilər:
"Mübahisə həll edilmədikdə, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı aidiyyəti dövlət orqanına, mülki-hüquqi tələblərin təmin edilməsi üçün isə məhkəməyə müraciət etmək mümkündür. Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən, istehlakçı hüquqlarının müdafiəsi haqqında iddia istehlakçının yaşadığı yer üzrə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yer üzrə də verilə bilər. Aldatma, etibardan sui-istifadə və ya saxta sənədlərdən istifadə ilə bağlı əsaslı şübhələr olduqda isə hüquq-mühafizə orqanlarınamüraciət edilə bilər. Xaricdə təhsil üçün müraciət prosesini müstəqil şəkildə aparmaq və ya bu prosesdə peşəkar konsultasiya dəstəyindən istifadə etmək şəxsin öz seçimidir. Konsultasiya xidmətindən istifadə edildiyi halda isə hüquqi münasibətlərin mümkün qədər aydın və sənədləşdirilmiş şəkildə qurulması vacibdir.
Müqavilə imzalanmazdan əvvəl şirkətin üzərinə götürdüyü xidmətlərin dəqiq dairəsi, xidmət haqqı və onun nələri əhatə etdiyi, tərəflərin məsuliyyəti, müqaviləyə xitam və ödənişin qaytarılması şərtləri diqqətlə nəzərdən keçirilməlidir. Qəbul, viza və kvalifikasiyanın tanınması kimi yekun qərarı şirkət tərəfindən verilməyən məsələlər üzrə mütləq zəmanətlərə ehtiyatla yanaşılmalıdır.
Proses ərzində isə xidmətlərin icrasını təsdiq edən sənədlərin tələb edilməsi, müqavilə və ödəniş sənədlərinin, eləcə də yazışmaların saxlanılması sonradan hüquqların müdafiəsi baxımından əhəmiyyətlidir”.











































