Azərbaycan Ukrayna Beynəlxalq Alyansının Hüquq Departamentinin rəhbəri Nurlana Quliyevanın Editor.az-a müsahibəsi
- Nurlana xanım, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı…
– Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti təkcə ölkədə yaşayan gəncləri deyil, eyni zamanda xaricdə yaşayan azərbaycanlı gəncləri də əhatə edir. Biz ölkə gəncliyinin fəal kəsimi olaraq gənclərə olan dövlət qayğısını öz üzərimizdə hiss edirik. Cənab Prezident İlham Əliyev bütün müsahibə və çıxışlarında gənclərin dostu olduğunu bəyan edir. Bu münasibətlər qarşılıqlıdır və Azərbaycan gəncliyi ölkədə həyata keçirilən islahatların dəstəkçisi və iştirakçısıdır. Son prezident seçkilərində ölkə gəcnliyinin aktiv iştirakı və İlham Əliyevə səs verməsi bunun bariz nümunəsidir. Hazırda Azərbaycan Ukrayna Beynəlxalq Alyansı Azərbaycan həqiqətlərinin dünyaya yayılması, lobbiçilik fəaliyyəti ilə məşğuldur və biz hər zaman Azərbaycan dövlətinin dəstəyini öz üzərimizdə hiss edirik.
- Diaspor fəaliyyətindən söz düşmüşkən, rəhbərliyində təmsil olunduğunuz Ukrayna Azərbaycan Alyansının fəaliyyəti hazırda nə yerdədir?
– Qarşıdan Xocalı soyqırımının ildönümü gəlir. Digər dövlətlərdə olduğu kimi, Ukraynada yaşayan azərbaycanlılar da Xocalı həqiqətlərinin dünyaya çatdırılması, ermənilərin günahsız azərbaycanlıların başına gətirdiyi vəhşiliklərlə bağlı təbliğat kampaniyasını davam etdirir. Hazırda əsas diqqətimiz Xocalı həftəsinin keçirilməsinə yönəlib və inanırıq ki, Ukrayna ictimaiyyətinin diqqətini yenidən bu məsələyə cəlb edə biləcəyik.
- Ukrayna özünün ən çətin dövrlərindən birini yaşayır. Bu sizin fəaliyyətə hər hansı təsir göstərirmi?
– Əlbəttə, Ukraynada baş verənlər bu ölkənin vətəndaşları ilə yanaşı, həmin ölkədə yaşayan miqrantları da ciddi şəkildə narahat edir. Lakin bütün çətinliklərə baxmayaraq, biz öz fəaliyyətimizi davam etdiririk. Çalışırıq ki, Ukraynada baş verən vətəndaş qarşıdurması bizim fəaliyyətimizə hər hansı təsir göstərməsin.
- Qarşıda hansı layihələri həyata keçirməyi nəzərdə tutursunuz?
– Hazırda Ukraynadan olan gənclərlə azərbaycanlı gənclər arasında faydalı və qarşılıqlı münasibətlərin qurulması, Ukraynada yaşayan soydaşlarımızın təbliğat işinə cəlbi istiqamətində fəaliyyətimizi davam etdiririk. Eyni zamanda bayaq da qeyd etdiyim kimi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ukrayna- Azxərbaycan arasında mədəni əlaqələrin qurulması fəaliyyətimizin əsas qayəsini təşkil edir. Qarşıda bu istiqamətlərdə müəyyən layihələrimiz nəzərdə tutulub və bu tədbirlərin həm ölkə, həm də Ukrayna mətbuatında geniş şəkildə işıqlandırılması nəzərə tutulub.
- Sonda nə demək istərdiniz…
– Bu gün xaricdə yaşayan hər bir vətənpərvər Azərbaycan gənci kimi, bizim də ürəyimiz Azərbaycanla döyünür. Baxmayaraq ki, qəriblikdə yaşamaq çətindir, biz Azərbaycanı tanıtmaq kimi, ləyaqətli bir missiyanı öz üzərimizə götürmüşük. Əsas amalımız Azərbaycan həqiqətlərini dünyaya yaymaqdır. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı dövlətinin inkişafına, rifahına çalışmalı, əlindən gələni etməklə, ölkəsinə faydalı vətəndaş olmağa çalışmalıdır.