Xarici dildə xidmət göstərən ofisianta sərt reaksiya: “Niyə Azərbaycan dilində danışmaq istəmirik?”

Xarici dildə xidmət göstərən ofisianta sərt reaksiya: “Niyə Azərbaycan dilində danışmaq istəmirik?”
SOSİAL
15:16 22.06.2026
774
Son dövrlərdə bəzi şəxslərin ana dilini bildiyi halda gündəlik ünsiyyətdə xarici dillərdən istifadəyə üstünlük verməsi diqqət çəkir. Bu hal xüsusilə sosial şəbəkələrdə və ictimai məkanlarda daha çox müşahidə olunur.

Mövzu cəmiyyətdə fərqli yanaşmalara səbəb olub. Bir qrup bunu qloballaşmanın və müasir təhsil mühitinin təsiri kimi qiymətləndirir, digərləri isə ana dilinin ikinci plana keçməsinin narahatlıq doğurduğunu bildirir.

Sosioloq Üzeyir Şəfiyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, hər bir insan üçün ana dili dəyərli olmalı və ona hörmətlə yanaşılmalıdır.

"Bir cəmiyyət öz dilinə və milli atributlarına hörmətlə yanaşırsa, həmin cəmiyyətə də başqaları tərəfindən hörmət göstərilir. Bəzən müşahidə olunur ki, Azərbaycan dili ana dili olan bəzi insanlar gündəlik ünsiyyətdə rus və ya ingilis dillərindən istifadəyə üstünlük verirlər.

Əgər bu, müəyyən zərurətdən irəli gəlirsə və ya qarşı tərəfin başa düşməməsi kimi səbəblərlə bağlıdırsa, normal qəbul edilə bilər. Lakin ana dilində danışmaq imkanı olduğu halda gündəlik ünsiyyətdə başqa dillərə üstünlük verilməsi milli dəyərlərə və dilə laqeyd münasibət kimi qiymətləndirilə bilər. Bu, eyni zamanda insanın öz dəyərlərinə hörmətsiz yanaşmasıdır”.

Sosioloq qeyd edib ki, milli dəyərlər cəmiyyətin formalaşmasında mühüm rol oynayır:

"Bəzən cəmiyyətdə xaricdən gələn təsirlərə daha həssas yanaşılır. Bu da sosial proseslərin bir hissəsidir. Lakin əsas məsələ milli-mənəvi dəyərlərə, dilə və mədəniyyətə hörmətlə yanaşmaqdır. Milli kimliyin əsas göstəricilərindən biri dildir. Buna görə də hər bir insan öz dilində danışmalı və bununla qürur duymalıdır”.

Üzeyir Şəfiyev əlavə edib ki, diplomatik münasibətlərdə belə dövlətlər öz milli dillərini qoruyurlar:

"Diplomatik etiket qaydalarında dövlətlər öz milli dillərindən istifadə edir, rəsmi çıxışlarda ana dilinə üstünlük verirlər. Nəticə etibarilə, hər kəs öz dilinə, xalqına və milli dəyərlərinə hörmət göstərməli, bu dəyərləri qoruyub saxlamalıdır”.

Şəhanə Ziyad
 

OXŞAR XƏBƏRLƏR