Hər il minlərlə gənc daha keyfiyyətli təhsil almaq, beynəlxalq diplom əldə etmək və gələcək karyera imkanlarını genişləndirmək məqsədilə xarici ölkələrdə təhsil almağa üz tutur. Xaricdə təhsil xüsusilə Avropa və Asiya ölkələrində geniş yayılıb və gənclər üçün cəlbedici seçimə çevrilib. Lakin bu prosesin sonunda diplomların tanınması ilə bağlı müxtəlif problemlər ortaya çıxır.
Məzun olduqdan sonra bəzi tələbələr aldıqları diplomların ölkədə rəsmi şəkildə tanınmaması, nostrifikasiya prosesinin uzanması və ya əlavə tələblərin irəli sürülməsi ilə üzləşirlər.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici kvalifikasiyaların tanınması ilə bağlı 6033 müraciət daxil olub. Bunlardan 5167 müraciətin ekspertizası həyata keçirilib. 866 müraciətin ekspertizası isə davam edir. Ekspertiza nəticəsində 4333 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 834 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov AZXEBER.COM-a açıqlamasında deyib ki, vətəndaşlar ali təhsil seçimi zamanı maksimum dərəcədə diqqətli olmalıdırlar:

"Bu gün problemin əsas kökü ondan ibarətdir ki, bəzi vətəndaşlar xaricdə təhsil almağa getməzdən əvvəl kifayət qədər araşdırma aparmırlar və nəticədə diplomların tanınması ilə bağlı problemlər yaranır. Məsələn, bu gün Ukraynada müharibə getməsinə baxmayaraq, təxminən 5 minə yaxın azərbaycanlı təhsil alır. Türkiyədə isə bu rəqəm 50 minə yaxındır. Onların böyük bir hissəsinin diplomlarının tanınması ilə bağlı çətinlikləri var”.
Deputat vurğulayıb ki, diplomların tanınmama səbəbi dil bilikləri ilə bağlıdır:
"Səbəblərdən biri də dil və bilik tələblərinin nəzərə alınmamasıdır. Məsələn, bir şəxs rus dilini bilmədən Rusiyada necə təhsil ala bilər? Ümumiyyətlə, xarici dili bilmədən xaricdə təhsil almaq real deyil. Bu səbəbdən vətəndaşlar bu məsələdə ciddi məsuliyyət daşıyırlar və seçim zamanı diqqətli olmalıdırlar. Hansı ölkədə, hansı universitetdə təhsil alacaqlarını düzgün müəyyən etməlidirlər”.
Parlamentari vurğulayıb ki, sözügedən məsələ ilə bağlı sonradan dövlətdən narazı qalmaq doğru deyil:
"Sonradan bu məsələlərlə bağlı dövlətdən narazı qalmaq doğru deyil. Əgər vətəndaşlar düzgün qərar versələr və doğru addımlar atsalar, bu cür problemlər yaranmaz. Məsələn, bir şəxs ölkə daxilində ali məktəbə qəbul olmadan Rusiyada, Türkiyədə və Ukraynada necə təhsil ala bilər? Bu, ciddi suallar doğurur.
Ona görə də vətəndaşlar bu məsələlərdə düzgün seçim etməli, addım-addım diqqətli davranmalıdırlar ki, sonradan yeni problemlərlə üzləşməsinlər və dövlətdən narazılıq yaranmasın”.
Təhsil eksperti Elmin Nuri isə bildirib ki, xarici universitetlərdə təhsil almaqla bağlı təqdim olunan diplomlar bəzi hallarda ölkəmizdə nostrifikasiya və akkreditasiya prosesi zamanı tanınmır:

"Xarici universitetlərdə təhsil almaqla bağlı təqdim olunan diplomlar bəzi hallarda ölkəmizdə nostrifikasiya və akkreditasiya prosesi zamanı tanınmır. Təhsildə Keyfiyyətin Təminatı Agentliyi bu istiqamətdə çox ciddi araşdırmalar aparır və əminliklə demək olar ki, proses xüsusi şəffaflıqla yoxlanılır.
Bir neçə əsas halı nümunə göstərmək olar. Birincisi, kredit çatışmazlığı olan hallardır.
İkincisi, tədris proqramının tam yerinə yetirilmədiyi halları demək lazımdır. Üçüncüsü, müəyyən hüquqi sənədləşmə prosedurlarının düzgün tamamlanmadığı hallar da daxildir. Dördüncüsü isə dil biliklərinin tələblərə uyğun olmaması hallarıdır”.
Ekspert qeyd edib ki, yeni qəbul edilmiş qaydalara görə müəyyən yumşalmalar olub:
"Nazirlər Kabinetinin kvalifikasiyaların tanınması ilə bağlı təsdiqlədiyi yeni qaydalarda müəyyən yumşalmalar edilib. Məsələn, artıq xaricdə təhsil alıb qayıdan şəxslər oxuduqları ölkənin dili ilə bağlı müsahibədə iştirak etmirlər. Bu, müsbət haldır. Bir çox şəxs məhz dil tələbi səbəbindən diplomunu tanıda bilmirdi. Bu isə təbii ki, absurd bir vəziyyətdir. Təsəvvür edin ki, kimsə Böyük Britaniyada təhsil alır, lakin geri qayıtdıqdan sonra burada ingilis dili üzrə imtahandan kəsilir. Əgər bir şəxs ingilis dilini bilmirsə, o ölkənin universitetində necə təhsil alıb və akademik üslubu necə mənimsəyib?”.
E.Nuri vurğulayıb ki, diplomların sonradan tanınması bəzi hallarda mümkündür:
"Elə hallar var ki, problem sonradan həllini tapa bilər, elə hallar da var ki, mümkün olmur. Məsələn, bəzi hallarda diplom kvalifikasiya üçün təqdim edildikdə məlum olur ki, həmin şəxs cəmi bir neçə dəfə həmin ölkədə olub. Bu zaman müraciətə birbaşa mənfi cavab verilir. Lakin bəzi proqramlarda, xüsusilə kredit çatışmazlığı ilə bağlı problemlər aradan qaldırıldıqdan sonra diplomun tanınması üçün yenidən müraciət etmək olar”.
Şahanə Ziyad
Yazı Medianın İnkişafı Agentliyinin "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc edilib.












































