"Uşaqlarda nitq qüsuru daha çox televiziya və telefonlara görədir. Çünki hazırda uşaqların marağı yalnız "Youtube” və oyunlaradır. "Youtube” çıxandan sonra uşaqların nitq bacarıqları zəifləyib. Yəni, uşaqlar 2-3 yaşında artıq nitqləri formalaşan zaman yalnız cizgi filmlərinə baxırlar. Valideynlər öz övladları ilə canlı ünsiyyətdə olmur ki, bu da uşaqların nitq qüsuru yaşamasına səbəb olur".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında tanınmış psixoloq, "Səlis Danışıq Nitq və Psixologiya Mərkəzi”nin rəhbəri Xavər Abdullayeva deyib.
O bildirib ki, valideynlər uşaqlarına mobil telefonla bağlı limit qoymalıdır:
"Uşaqlar ancaq monitorlara və telefonlara baxırlar və bunlar nitqə mənfi təsir göstərir. Uşaqlara cizgi filminə və telefona baxmaq üçün limit qoyulmalıdır. Bu limit 15-20 dəqiqə ərzində müəəyyənləşə bilər. Valideynlər uşaqları məktəbəqədər müəssələrə göndərsələr, uşaqları öz yaşıdları ilə oynamağa cəlb etsələr, bağçalara müraciət etsələr, uşaqların da nitq bacarıqları formalaşacaq, amma çox əfsuslar olsun ki, valideynlər öz rahatlıqları üçün uşaqlara "Youtube” və telefonla cizgi filmlərinə saatlarla baxmağa icazə verirlər. Buna ona görə edirlər ki, uşaqlar ağlamasın, sakit olsunlar və valideynlər özləri öz işlərini rahat görsün, amma anlamırlar ki, bu etdikləri uşaqların nitqinə birbaşa mənfi təsir göstərir. Uşaqların əksəriyyəti əcnəbi dildə cizgi filminə baxırlar və buna görə də çox vaxt danışılanlardan xəbərsiz olurlar. Valideynlər özləri çox vaxt xarici dildə cizgi filmləri qoyurlar ki, uşaqlar baxıb dil öyrənsin, amma bu yolla dil öyrənmək mümkün deyil. Əksinə uşaqlar belə olan halda qavrayışsız olurlar".
Ayşən