"Xəstə müalicəsinə çoxlu pul ödəyərsə, müalicəsi tezləşər"

DÜNYA
02:17 08.10.2015
3804
Ziqmund Freyd. O ki qaldı kişi ilə qadının cinsi əlaqəsinə......Bu məsələnin Ziqmund Freydə, hər bir normal adama olduğu qədər aidiyyəti vardı. Bəlkə bundan daha az. Freyd əməkdaşlıq etdiyi Yunqla birlikdə Amerikada elmi səfərdə olarkən bir səhər yuxudan ayılıb oteldə onunla qalan həmkarına səhhətindən şikayət edir:- Çox pis yatıram. Yuxuda Amerikanın fahişələri məni dinc buraxmır.- Bu problemi həll etməkdən asan nə var ki? - deyə digər dahi alim dostunun sözlərinə təəccüblənir. - Gəl bu axşam sizin üçün onlardan birini təşkil edək, vəssalam, daha sizi yuxuda narahat etməsinlər.- Yox, nə danışırsınız?! - Psixoanaliz təliminin banisi qəti etiraz edir. - Mən evli adamam, həyat yoldaşıma heç vaxt xəyanət edə bilmərəm.Əgər belədirsə, onda sual yaranır: nəyə görə «panseksualizm», «seksual inqilab», «elmi pornoqrafiya» və digər bu kimi anlayışlar barədə danışanda mütləq onlarla yanaşı bir qayda olaraq Doktor Freydin adı çəkilir?O, 1856-cı ildə dünyaya göz açanda artıq «əmi» deyə çağırılırdı. Böyük qardaşı Edvardın oğlu əmisi Zigini qucağına götürüb yelləncəyə mindirir, sonra da dünyada ən böyük ləzzətlərdən birini ona yaşadırdı. Budur, yelləncək hərəkətə gəlir - «eheyyy!». O, yelləncəkdə dala, sonra qabağa uçur, sonra yenə dala və yenə qabağa, dala, qabağa, dala, qabağa... Zigi böyüdükcə, yavaş-yavaş yan-yörəsində nə baş verdiyini anladıqca, əlindən tutub-gəzdirdiyi qardaşı oğlunun ona «əmi» deməsinə artıq təəccüb etmirdi. Böyük qardaşlarının anasından yaşlı olması da onu heyrətə gətirmirdi. Burda qeyri-adi nə var ki? Sadəcə, onun anası Amaliya özündən 21 yaş böyük, dəri alveri ilə məşğul olan yəhudi Yakobun üçüncü arvadı idi. Vəssalam! Cavabı daha başqa yerdə axtarmaq lazım deyildi. Əvvəlki arvadlardan isə Yakobun dörd övladı və nəvələri vardı. Deməli, Yakob Ziginin hər gün evdə gördüyü böyüklər və kiçiklərin hamısının atası, bəzilərinin isə babası idi. Yəni Yakob «böyük kişi» idi. Amma sən demə, böyük kişi də bir gün balacalaşa bilərmiş. Onun ən böyük təəccübü də elə burdan başlayırdı.Günlərin birində atası Ziginin artıq ağlıkəsən həddə çatdığını görüb, milli mənşə ilə əlaqədar söhbətlərə əhəmiyyət verməməyi məsləhət gördü.- Bilirsən, oğlum, biz dözməliyik. Bir dəfə müqəddəs şənbə günündə başıma təzə aldığım papağı qoyub Frayberqi gəzməyə çıxmışdım. Arxadan bir katolik gəlib, «İtil kənara, cuhud köpəyoğlu!» - deyərək məni səkidən kənara itələdi. Başımdakı təzə papaq gölməçəyə düşüb islandı.- Bəs sən neylədin? - Gözləri bərəli halda atasını dinləyən Zigi soruşur.- Heç nə. Əyilib papağımı götürdüm və yoluma davam etdim.Bu hadisəni onun mənəvi həyatında baş verən birinci dönüş hesab etmək olar. Atasının söhbətindən sarsılmışdı. Belə çıxır ki, bu qədər böyük ailənin başçısı heç də, onun güman etdiyi kimi, böyük kişi deyil? Əslində, təəccüb doğuran səbəb başqa idi, yəni söhbət Yakobun böyük kişi, güclü, yaxud zəif olmasından getmirdi. Söhbət onu kiçildən səbəbdən, yəhudi olmasından gedirdi. Deməli, yəhudidirsə, onu təhqir etmək olar. Özü də təkcə onların yaşadığı Vyanada, Vyanadan 220 km aralıda yerləşən Frayberqdə yox, dünyanın bütün yerlərində yəhudilər təhqirəlayiq adamlar sayılır.- Mən böyüyəndə Hannibal olacaq, filin üstündə Romaya daxil olub onların hamısını ayaqlarımın altına salıb əzəcəyəm, - deyə intiqam hissi ilə alışıb-yanan Zigi gələcək arzularından danışırdı. Anası hamıdan çox sevdiyi, ailədə ilkin uşağının başını sığallaya-sığallaya ona düzəliş verirdi:- Mənim əzizim, axı Hannibal Romaya daxil ola bilmədi.- Nə olsun ki? Əvəzində mən ora daxil olacaq və hamıya qalib gələcəyəm.Maraqlıdır, Ziginin xəyalpərəstliyi qətiyyən anasında təəccüb doğurmurdu. Çünki belə hallarda hər dəfə onun yadına mamaçanın sözləri düşürdü. Zigi doğularkən onu tutan mamaça üzünü özünə təzəcə qayıdan Amaliyaya tutub demişdi:- Sənin oğlun çox böyük adam olacaq. Əlamətlərindən görürəm.Onun gələcəyinə hamı və hamıdan da çox özü inanırdı. Yakob və Amaliyanın Zigidən sonra yeddi uşağı dünyaya gəldi. Amma sonrakı uşaqlardan heç birini onun qədər sevib-bəsləməmişdilər. Valideynləri onun böyük gələcəyinə inandıqlarından, bütün çətinliklərə baxmayaraq, Ziginin təhsil xərclərini ödəməyə çalışırdılar.Əsl adı Siqizmund Şlomo Freyd idi. Tərs kimi, həmin illərdə almanca yəhudilər haqqında danışılan lətifələrin hamısında lağa qoyulan qəhrəmanın adı Siqizmund olardı. Elə bu səbəbdən on altı yaşına çatan kimi, rəsmən adını dəyişib Ziqmund elədi.Ziqmund Freyd ailəsinin çətin vəziyyətinə baxmayaraq, universitetdə bir fakültədən başqa fakültəyə keçir və bu səbəbdən təhsil müddətini uzadırdı. Ona görə ki, onun maraq dairəsi həddən artıq geniş idi və bütün elmlər ona maraqlı gəlir, amma hansı sahədə dahi olmasını müəyyən edə bilmirdi. Nəhayət, qərar qəbul olundu. O özünü tibb elminə həsr etməlidir.Birinci məsələ həll olundu. Daha doğrusu, ikinci məsələ. Birinci məsələ, daha incə mətləblə bağlıydı. Zigi ilk dəfə on altı yaşında olarkən bir qıza vurulmuşdu. Qonşuluqda yaşayan bu qəşəng qız ona məhəl qoymayanda, Ziqmund ondan qisas almaqdan ötrü gözəllikdə heç də qızından geri qalmayan anasına aşiq olmağı qərara aldı. Lakin bu eşq də cavabsız qaldı və zavallı oğlanın uğursuz cəhdlərindən birinə çevrildi. Qarşılıqlı məhəbbət sevincini ilk dəfə yalnız 26 yaşı olarkən yaşamağa başladı. Bu, yaraşıqlı, mütənasib bədən quruluşuna malik, şirin ədaları ilə digər qızlardan fərqlənən yəhudi qızı Marta idi.Bəs Romanın fəth olunması? Yəni doğrudanmı Ziqmund böyüdükcə, yaşlaşdıqca, uşaqlıq xəyallarından uzaqlaşır, təhqir olunan yəhudilərin intiqamını almaq qərarından imtina edirdi? Xeyr, əksinə, yaşa dolduqca tanınmaq, şöhrətlənib elmi ilə nəinki Romanı, bütün dünyanı fəth etmək istəyi artırdı. Bununla belə, məqsədinə yetdiyi vaxtlarda Roma şəhərinə girməyə sanki nəsə ona mane olurdu. Hətta «əbədi şəhər»in 70 kilometrliyində yerləşən universitetdə məruzə oxuyan zaman ora getməyə gücü çatmırdı. Baxmayaraq ki dəfələrlə nüfuzlu adamlar tərəfindən dəvət almışdı. Yalnız qoca vaxtlarında ondan növbəti Beynəlxalq Psixoanalitik Mərkəzin yığıncağının harada keçiriləcəyini soruşanda qısaca cavab vermişdi:- Romada.Budur, Freyd, təxminən, 25-30 adamın əhatəsində Müqədəs Pyotr Kilsəsinin qarşısından keçir. Hamı, az qala, bir-birini itələyə-itələyə ona yaxın olmaq, nəsə demək, hansısa tarixi əhəmiyyətli yerə diqqətini yönəltməyə çalışır. Freyd yolboyu susur, tez-tez ayaq saxlayıb, demək olar ki, heç vaxt əlindən düşməyən siqarı ağzına aparıb dərin qullab vurur, harasa baxır, sonra yenə dinmədən-danışmadan yoluna davam edir. 1920-ci ildə on iki gün qaldığı bu şəhərdən evə məktub yazanda belə bir cümlə işlətmişdi: «Anlaya bilmirəm, nəyə görə ömrümboyu bu şəhərdən qorxmuşam».Romaya səfər, dünyanın fəth olunması sonrakı hadisələrdir.Onun dünyanı fəth eləməsinə hələ çox vardı. Hələ 1885-ci ildir. Onun 29 yaşı var. Martanı dəlicəsinə sevməsinə, onunla görüşməsinə, görüşə bilməyəndə saysız-hesabsız romantik məzmunlu məktublar yazmasına baxmayaraq, evlənə bilmir, çünki ailə qurmaq üçün nə pulu var, nə də gələcəyinə əminlik yaradacaq adı-sanı. Onun kim olduğunu nəinki beynəlxalq tibb aləmində, heç Vyananın xəstəxanalarında belə bilən yoxdur. Bununla belə, Ziqmundun ən gözəl keyfiyyətlərindən biri - bədbinliyə qapılmamaq, uğursuzluğun özündən belə nəticə çıxarıb onu elmi şəkildə izah etməklə əlaqədar idi. Hər bir çətinliyin haradasa dərinliklərdə gizlənmiş səbəbi olur. Bu səbəbi axtarıb üzə çıxartdın, vəssalam, bütün məsələlər asanca həll olunacaq. Evrika? Yox, tələsmək olmaz. Hələ «Evrika» çığırmağın vaxtı deyil.Vyana klinikasında işləyən zaman məşhur həkim Meynert Ziqmundun qeyri-ənənəvi müalicə metodlarından, məsələn, onun gecə-gündüz ilanbalıqlarını, xüsusilə dişi ilanbalığını kəsib-doğrayıb haradasa içərilərdə, dərinliklərdə onların cinsi orqanlarını axtarmasından əsəbiləşsə də, bu gəncin elmi axtarışlarına, belə israrlı olmasına hörmətlə yanaşır və ona mane olmurdu. Elə bu səbəbdən Meynertin təqdimatı ilə Freyd 1885-ci ildə Parisə, dünyaşöhrətli nevroloq Jan Şarkonun yanında təcrübə keçməyə göndərildi. Şarko o dövr üçün yeni olan metodlarla mühazirələr oxuyur və bununla əlaqədar ətrafına böyük auditoriya toplaya bilirdi. Mühazirə oxuyarkən o, səhnəyə xəstələrini, əsasən, isteriyadan əziyyət çəkən qadınları çıxarır, sonra mühazirəni yarımçıq qoyub, dediklərinə əyani sübut olaraq hipnoz vasitəsilə xəstəni düşdüyü ağır isterik vəziyyətdən çıxarırdı. Əvvəllər belə xəstələrin bədəninə şər qüvvələrin daxil olduğu güman edilir və bu gümandan çıxış edərək isterik vəziyyətə düşən qadınları ruhanilər təqib edib odda yandırır, ən yaxşı halda isə cəmiyyətdən qovub meşələrdə, dağlarda yaşamağa məcbur edirdilər. Daim qara kostyumda, hündür, dolubədənli, saçlarını həmişə səliqə ilə arxaya verən qalınqaşlı Şarko isə sakitcə, təmkinlə isteriyanın yalnız xəstəlik, əsəb pozuntusu olduğunu bildirirdi. Sonra da buna sübut kimi səhnədəki xəstəni isterik haldan hipnozla çıxarırdı.Düzdür! Amma bu halların əsasında, kökündə nə isə dayanmalıdır axı? Öz-özünə heç kimin bədəni əsməz, heç kim səbəbsiz həyəcanlanmaz, davranışına, hərəkətlərinə nəzarətini itirməz. Freyd Şarkonun seanslarından, kliniki xarakter daşıyan tamaşalarından heyranlıq duysa da, bu yolla getmək, elmi axtarışlarını bu istiqamətdə inkişaf etdirmək istəmirdi.Bəzi ezoterik alimlər, artıq psixoanaliz elm kimi bütün dünyaya yayıldığı zaman, iddia edirdilər ki, Freyd Fransaya yalnız Şarkonun hipnoz seanslarına tamaşa etməyə getməmişdi. Parisdə toplaşan hansısa qüvvələrdən gizli biliklərini əmanət olaraq ona vermişdi. Bəlkə də bu versiyanın ağlabatan motivləri yox deyil. Bununla belə, bütün bu müddəalar həddən artıq mübahisəli olduğundan, onların üzərində dayanmağı lazım bilmirik.1886-ci ilin yazında Freyd Vyanaya qayıtdı. Hələ pul yox idi. Ad-san da qazanmamışdı. Amma əminlik vardı. «Axı mənim nəyim Şarkodan əskikdir? Nəyə görə mən onun şöhrətini, ondan da böyük hörməti qazana bilmərəm?». Bax, elə bu əminliklə özünə bir neçə otaqdan ibarət özəl klinika açdı. Bundan daha vacib addım, nəhayət, otuz yaşında evlənməsi oldu. Otuz yaşına qədər, bütün bioqrafların yazdığına görə, onun barmağı bir qadına belə dəyməmişdi. İnsan psixologiyasını və fiziologiyasını öyrənən bir alim üçün öz təcrübəsində birdən-birə yeni bir sahə açıldı - seksual həzz. Yalnız ailə çərçivəsində. Marta onun həyatında yeganə qadın oldu. Doğrudur, belə bir fərziyyə də var ki, o vaxtaşırı Martanın bacısı Minni ilə də intim əlaqədə olurdu. Bunu, əsasən, Minninin daha gözəl olması və söhbətlərdə Freydin Martanı tez-tez Minni ilə səhv salması faktı ilə bağlayırlar. Lakin başqa dəlillər, özü də sayca daha artıq olan dəlillər göstərir ki, Freydin həyatda Martadan başqa qadını olmayıb. Onlar evlənəndən sonra Marta onun üçün səkkiz il ərzində altı uşaq dünyaya gətirib və bununla da onların cinsi əlaqələrinə son qoyulub. Çünki ailədə altıdan artıq uşağın olmasını nə Marta, nə də Ziqmund istəyirdi. Bunun qarşısını almaqdan ötrü müəyyən müddət dərmanların atılmasının sonradan qadın üçün fəsadlar yaradacağını Freyd gözəl anlayırdı. Odur ki, həblərin daha qəbul olunmaması qərara alındı. Bundan daha amansız qərar ərlə-arvadın bir-biri ilə yataq əlaqəsində olmağa son qoymaqla əlaqədar idi. Freydin dostlarından birinə yazdığı məktubda deyirdi: «42 yaşım oldu. Seksual həvəs artıq mənim üçün bundan sonra əhəmiyyətini itirdi».Həyatda itirdi. Elmdə isə başlayırdı. Fransadan qayıdandan sonra Freyd dostlarının, ilk növbədə, İozef Breyerin köməkliyi ilə xəstələr qəbul etməyə başladı. O, təkcə qadınların deyil, kişilərin nə səbəbdən isterik hallara düşməsi ilə maraqlanırdı. Əgər hansısa əsəb xəstəliyinin kökünü tapmaq istəyirsənsə, həmin adamın uşaqlıq yaddaşında ilişib-qalmış və illər keçdikcə unudulmuş hadisəni tapıb üzə çıxarsan, müalicəni asanlıqla apara biləcəksən. Bax, indi çığırmaq olar: «Evrika!».Bununla əlaqədar 1887-ci ildə Vyana psixoloqlar konqresində insan psixikasında sıxışdırılıb-gizlənmiş seksual meyillərin isterik hallarla özünü büruzə verməsi barədə məruzə ilə çıxış etdi və demək olar ki, özünü bu qədər mütəxəssisin qarşısında biabır etdi. Ona gülür, lağa qoyurdular.- Ey, şəhvət düşkünü, bizə nağıl danışma, kürsüdən aşağı düş ...Freyd sabahkı qələbələrini görürdü. Odur ki, heç nəyə baxmadan, bir addım belə geriyə çəkilmədən Breyer ilə birgə tapdıqları metodu təkmilləşdirir, bu yöndə apardığı axtarışlarını dönmədən davam etdirirdi.Metod isə bundan ibarətdir: xəstəliyin kökünə gedib çıxmaq üçün xəstəyə tam sərbəstlik vermək, ondan gərginliyi almaq, onu sustaltmaq və istədiyini, o anda yadına düşəni dilinə gətirmək və bununla da kök bildiyi hadisəyə gedib çıxmaq. Psixoanalitik seansda iştirak edən adam yarıyuxulu vəziyyətdə hər şeyi, hətta ən doğma adamına demədiyi, hətta özünə belə bu barədə düşünməyi qadağan etdiyi hadisələri, məqamları, xəyalından nə vaxtsa keçənləri, adi vaxtda unutduqlarını bir-bir açıb danışırdı. Danışıqda məntiqi əlaqənin olmasına qətiyyən ehtiyac yoxdur. Əksinə, məntiq istənilən nöqtəyə gedib çatmağa mane olur.Ziqmund Freydin bəşər tarixində ən böyük kəşfi təhtəlşüurdur. Təhtəlşüur bizim şüurumuzdan aşağıda yerləşən sonsuz, dibi, ucu-bucağı görünməyən bir aləmdir. Bizim bütün hərəkətlərimizin, xarakterimizin, davranışımızın, hətta taleyimizin kökü bu aləmdə gizlənib və onunla şərtlənir. Təhtəlşüurun aparıcı qüvvəsi isə libido, insanın seksual meyilləridir. Bu, biz düşündüyümüzdən daha nəhəng qüvvədir. Seksual meyil insan davranışının magistral xəttidir. Bundan istəsən belə kənara çıxa bilməzsən.- Bax, o kişini görürsən? İndi o neyləyir?- Yəqin, kimisə gözləyir, gözlədiyi adam gəlib-çıxmadığından əsəbiləşir. Ona görə də bir yerdə dayanmır, gəzişir, əllərini tez-tez cibinə salır...- Bu, ilk baxışda belədir, əslində, hansısa qadınla cinsi əlaqəyə girir.- Axı orada qadın yoxdur?- Qadın onun təhtəlşüurundadır. Cib isə qadının cinsi üzvü, intim dəliyidir. O kişi əllərini tez-tez cibinə salmaqla istədiyi qadınla cinsi əlaqəni əvəzlənmiş şəkildə ifadə edir.- Ha-ha-ha... Onda belə çıxır ki, kişinin əvəzlənmiş cinsi üzvü onun əlidir.- Təkcə əl yox. Eyni zamanda onun boynuna taxdığı qalstuku, bundan başqa əlində tutduğu əsası, yaxud ilan və ya xiyar, ola bilsin, su krantı, ya çəkic, ya da hava şarı...- Qalstuku, ilanı, xiyarı başa düşdük, uzunluğu nəzərdə tutursunuz. Bəs su krantının, çəkicin, hələ üstəlik, hava şarının kişinin kişiliyinə nə aidiyyəti var?- Çox sadə. Krantdan su gəlir, çəkic ritmik şəkildə nəyisə döyəcləyir, hava şarı dolub yuxarı qalxır. Bütün bunlar kişinin cinsi alətinə məxsus funksiyaların başqa şəkildə ifadəsidir. Əksinə, mağara, qutu, su şüşəsi, stəkan, banka qadına xas görüntülərdir.Freydin Avstriyada apardığı psixoanalitik seansların səsi-sorağı bütün dünyaya yayılır. Onun yanına bütün dünyadan, əsasən də özünə yeni məşğuliyyətlər axtaran varlı adamlar Vyanaya axın-axın gəlməkdə idi. Gündə 12-14 saat işləmək lazım gəlirdi. Freyd seansları həddən artıq baha qiymətə aparırdı. Onun dediyinə görə, xəstənin öz müalicəsinə çoxlu pul ödəməsi psixoanalitik effekt verir və müalicəni tezləşdirir. Bunu sübut etmək üçün nümunə olaraq bir nəfəri seçib onu havayı müalicə edir və nəticə əldə olunmayanda hamıya elan verib bildirirdi: «Gördünüzmü, mənim seansa baha qiymət qoymağım səbəbsiz deyil». 1896-cı ildən sonra şöhrət pulqarışıq Freydin həyatına daxil olurdu. Onu Amerikaya dəvət edirdilər. O vaxt üçün fantastik məbləğ olmasına baxmayaraq, Freyd 10 min dollara razılıq verməmişdi. O daha böyük məbləğ tələb edirdi. Deyəsən, vaxtilə - 1885-ci ildə, hələ Freydi heç kim tanımayanda Meynertin onun haqqında dedikləri doğru çıxırdı.Gəlin fransız yazıçısı və filosofu Jan Pol Sartrın Freyd haqqında yazdığı kinoromanından bir dialoqu xatırlayaq.Meynert: Buna qədər siz xəstələri hipnozla sağaltmaq istəyirdiniz. Bilirsiniz niyə? Çünki yoxsul alim olmaq sizi qorxudurdu. Siz şarlatanlığa və pula üstünlük verdiniz.Freyd. Pula? Professor, bu sözləri deməzdən əvvəl siz əvvəl özünüzə, sonra da mənə baxın.Meynert. Doğrudur, mənim atam varlı adam olub. Amma bunun mənim həkimliyimə heç bir dəxli yoxdur. Həkimlik pul qazanmaq üçün deyil. Siz isə əksinə düşünürsünüz. Siz təbabəti şouya çevirmək fikrindəsiniz. Darıxmayın, məqsədinizə çatacaqsınız. Siz milyonçu alim kimi öləcəksiniz. Çünki bizim yaşadığımız dünyada qalmaqala, şouya yaxşı pul verirlər.Freydt. Siz məni təhqir edirsiniz, cənab professor! Mən vicdanlı həkiməm.Meynert. Vicdanlı həkim xəstələrin müalicəsi ilə məşğul olar.Freyd. Mənim işim yalnız bundan ibarətdir?Meynert. Əlbəttə, əlbəttə. Özü də necə? Hipnozla. «Əmr edirəm, hamı yuxuya getsin! Yatın! İflic, şikəst olanlar ayağa qalxsın! Ad-dım-la marş! Sağ sol! Sağ sol!». Siz doktor yox, diktator olacaqsınız. Məlumunuz olsun ki, öz xəstəliyinə bağlı olan insanlar olur. Heç bilirsiniz, nevroz nədir? Var olmanın bir vasitəsi. Deməli, siz bu adamları öldürəcəksiniz. Deməli, gələcəkdə indikindən daha pis olacaqsınız. İndi şarlatansınız, gələcəkdə isə cinayətkar olacaqsınız. Seçmək lazım gəlsəydi, mən ruhi xəstəliyə yüz dəfə, min dəfə üstünlük verərdim, nəinki sizin qulunuz olmağa. Yazıq, zavallı xəstələr.Təxminən, on-on beş ildən sonra Meynertin sözləri gerçəkləşdi. Amma onun dediklərindən fərqli olaraq, xəstələr özlərini yazıq bilmirdilər. Əksinə, saatlarla öz dərdlərindən, unutduqları həyat səhnələrindən seansı aparan həkimə danışmağa hazır idilər. Freyd isə 45 dəqiqədən artıq seansın uzanmasına qəti yol vermirdi. Bunun fəsadlarını həmkarı Yozef Breyerin başına gələn hadisədə şahidi olmuşdu. Anna O. adlı gənc xanım Breyerin uzun-uzadı seanslarında onu özünə cəlb etməyə başlamışdı. Məsələnin ciddi şəkil aldığını görəndə, Breyer seansları yarımçıq qoyub öz həyat yoldaşının yanına qayıtmalı olur. Bunu görən Anna O. daha ağır hallara düşür. Freyd dostunu əvəz edərək onunla məşğul olmaq qərarına gəlir:- Xanım, sizə nə olub?- Oy, əziz doktor, bunu yalnız sizə deyə bilərəm. Mən hamiləyəm.- Kimdən?- Necə kimdən, sizin dostunuz Breyerdən...Freyd əminliklə bildirirdi ki, Breyerlə bu qadının arasında heç nə olmayıb. Bütün bu halları Anna O. özündən uydurur. Bunlar onun xəyalıdır, onun fikirlərinin nəticəsidir.- Doktor, sizə elə gəlmir ki, bir qədər şişirdirsiniz? Heç fikirdən, xəyaldan da uşağa qalmaq olar?- O, uşağa qalmayıb. Hamiləlik simptomlarını yaşayır. Mən onu bu simtomplardan, yəni nevrozdan sağaldacağam.Doğrudan da, bir neçə seansdan sonra Anna O. hamiləlik simtomplarından azad oldu. Bu, Freydin psixoanalitik təcrübəsindən altı ən mühum hadisədən biri sayılır. Daha bir hadisə «Canavar-insan» adı ilə məşhurdur.Budur, artıq gənclik dövrünü adlayan bir kişi seans aparılan taxtın üzərində uzanıb nə vaxtsa gördüyü yuxunu danışır. Freyd onun başı üzərində oturub dinləyir:- Dörd yaşım olanda yuxu görmüşdüm. Çarpayımın ayaq tərəfində pəncərə qəflətən çırpılıb açılır. Bayırda sakit qış gecəsidir. Görürəm, ağaçların budaqlarında canavarlar oturub. Göydən gip-girdə ay asılıb. Canavarların sayı yeddi, yox altı idi. Hərəkətsiz oturmuşdular budaqların üstündə. Rəngləri isə ağdır. Ağ, qalın quyruqlu canavarların hamısı nədənsə qulaqlarını şəkləyiblər. Vahimələnirəm. Mənə elə gəlir, onlar məni yeyəçək. Qışqırıb yuxudan ayılmaq istəyirəm. Ay! Kömək edin!- Sakit ol… sa-kit! - Freyd amiranə səslə xəstəsini sakitləşdirir. - Əvvəllər də canavar görmüsən?-Məndən bir neçə yaş böyük bacımın şəkilli kitabı vardı. Onun mənə acığı tutanda, bu kitabdakı canavar şəkli ilə məni qorxudardu. Şəkildə canavar ayaqüstə dayanmışdı. Deyəsən, «Qırmızıpapaq» nağılı idi.- «Qırmızıpapaq». Çox yaxşı. Bəs canavar haqda daha hansı nağılı bilirdin?- Babam danışmışdı mənə. Bir dərzi oturub tikiş tikir. Birdən pəncərə açılır, onun üstünə canavar tullanır. Dərzi qayçıyla canavarın quyruğunu kəsir. Canavar qorxub pəncərədən qaçır. Axşam dərzi meşəylə işdən evə qayıdanda bir sürü canavar onu təqib etməyə başlayır. Dərzi ağaca dırmaşır. Ondan intiqamını almaq istəyən quyruğukəsik canavar arxa pəncələri üstə qalxıb, o biri canavarları da bir-bir ağaca qaldırır. Dərzi birdən qışqırır: tutun onu quyruğundan. Quyruqsuz canavar bunu eşitcək, qorxusundan qaçır. Onun üstünə çıxan canavarlar da yerə yıxılıb qaçır.- Daha hansı nağıl yadında qalıb?- Canavar və altı çəpiş.- Bəlkə yeddi?- Biri sandıqda gizlənmişdi.- Seans bitdi, - deyə Freyd əlini dizlərinə vurub ayağa qalxır. Xəstə də qalxıb taxta oturur, nigaran baxışlarını otaqda düşünə-düşünə gəzişən həkimə dikir. Həkim tələsmədən, hələ də dərin düşüncələrindən ayrılmadan xəstəyə deyir:- Gəlin əvvəl aydınlaşdıraq, görək niyə canavarlar ağacın budaqlarında hərəkətsiz oturublar. Özü də qulaqlarını şəkləyib baxırlar? Olubmu, siz də onlar kimi susub gizlicə, diqqətlə nəyəsə baxasınız?Xəstə nədənsə utanan kimi başını aşağı salır. Həkim onun nə barədə düşündüyündən duyuq düşür, susub sualına cavab gözləyir.- Mən uşaq vaxtı o səhnəni... atamla anamın yataqda sevişdiyini görəndə, sakit, nəfəsimi dərmədən baxırdım.- Deməli, siz yuxuda öz yerinizi canavarlarla dəyişmisiniz. Yəni sizin qorxu mənbəyiniz atanızdır. Dərzi - sizi sünnət edən dəllək, quyruğukəsik canavar isə özünüzsünüz. Siz axtalanmaqdan qorxursunuz.Ziqmund Freyd uşaqlıqda beynində ilişib- qalan bu psixoloji hadisəni üzə çıxararaq səbəbsiz həyəcanlardan, nevrotik hallardan xəstəni müalicə edirdi. Amma yuxuda canavarları görən xəstə ömrünün sonuna qədər psixoanalitik tərəfindən ona verilən xasiyyətnamə ilə yaşamalı olurdu. Hətta Freydin ölümündən sonra da bu xəstəni «Canavar-adam» adı ilə tanıyırdılar. Deməli, xəstə öz həyatını yox, Freydin onun problemlərinə verdiyi xarakteristikanı yaşayırdı. Bu, müəyyən mənada Meynertin vaxtilə öz köməkçisinə dediyi sözlərin təsdiqinə çevrilirdi: «Siz nevroz xəstəliyindən əziyyət çəkənləri hakimiyyətiniz altına alacaqsınız».Tez-tez belə bir sual səsləndirirlər: «Xəstəliklərin səbəbi haradan gəlir?». Yəqin, bu sual iki yüz, üç yüz il bundan əvvəl verilsəydi, cavabı ya «təbiətdən», ya da «irsən keçmə» olacaqdı ki, bu da kökündə elə təbiətdən gəlmə deməkdir. Təbiət xəstələndirir və təbiət özü də müalicə edir. Təbiətdə xəstəlik yarada biləcək səbəblər nə qədərdirsə, xəstəliyi müalicə edəcək imkanlar ondan yüz dəfələrlə çoxdur. Belədirsə, onda başqa bir qənaətə gəlməyə də bizim əsasımız var. Əgər müalicəni cəmiyyət, yaxud cəmiyyətdə hakim mövqeyə can atan hər hansı bir qrup öz üzərinə götürürsə, deməli, xəstəliyin yaranma səbəbi də həmin o cəmiyyətin və ya o cəmiyyətdə hakim mövqe tutan qrupun üzərinə düşür.Bəs görəsən, kişilərdə siqar çəkmək nəyin əvəzlənmiş ifadəsidir? Suala psixoanaliz təlimindən çıxış edərək cavab vermək ilk baxışda asan olsa da, bununla əlaqədar konkret heç nə deyilmir. Məsələ ondadır ki, Freyd haqqında belə söz gəzirdi: o, həyatda iki şeydən asılıdır - kiçik qızı Annadan və siqardan. Anna Freyd atasının davamçısı idi, atasından sonra Beynəlxalq Psixoanaliz Mərkəzinə rəhbərlik etdi. Bundan savayı Anna qoca atasını bir an da olsa gözdən qoymur, ona uşaq kimi qayğı göstərirdi. Faşistlər 34-cü ildə Avstraliyada hakimiyyətə gələrkən oradan yəhudilərin çoxu qaça bilsə də, Freyd Vyanada qalır. Anna onun yanından bir addım da kənara çəkilmirdi. Yalnız 1938-ci ildə əvvəllər Freydin xəstəsi olmuş Yunanıstan şahzadəsi Mari Bonopart 20 min funt-sterlinq verməklə həkimini faşistlərin əhatəsindən azad edə bildi. Freyd 1938-ci ildə Londona köçdü.Bəs siqar onun həyatına necə təsir göstərmişdi. O, gənc yaşlarından çəkməyə başlamış və bu vərdişindən ömrünün axırına qədər aralana bilməmişdi. Hətta özü deyirdi ki, siqarın tüstüsü, dumanı ətrafımı bürüməsə, işləyə bilmirəm. Müasirləri onu barmaqları arasında siqarsız təsəvvür etmirdilər. Çox vaxt mühazirələrə, mötəbər yığıncaqlara da siqarla daxil olurdu. Bununla əlaqədar nəzarətçilərin, gözətçilərin ona nəzakətlə etiraz etməsinə belə əhəmiyyət vermirdi. Nəhayət, 67 yaşlı professorun bu vərdişinə minnətdar olaraq ağız boşluğunda xərçəng xəstəliyi yarandı. Ağzında 30-a qədər əməliyyat aparıldı. Amma doktor Freyd siqara əvvəlkindən də artıq bağlanmışdı. Ağzı lazımınca açılmayanda o, sıxac vasitəsilə aralayıb siqarı dişləri arasına qoyurdu. Ziqmund Freyd 1939-cu ildə çənə xərçəngindən vəfat etdi.Maraq üçün onun özünə belə sual vermişdilər: «Doktor, siqar çəkmək nəyin ifadəsidir?». O da bir cümlə ilə buna izahsız cavab vermişdi: «Siqar çəkmək, sadəcə olaraq, siqar çəkmək deməkdir».
OXŞAR XƏBƏRLƏR