Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında ər arvadını bıçaqla qətlə yetirib
Rayon prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə xəstəxananın foyesində olub.
Hacıqabul sakini, əvvəllər məhkum olunmuş 46 yaşlı İslam Əhmədov həyat yoldaşı, 51 yaşlı Bacıxanım Əhmədovanı 4 bıçaq zərbəsi ilə qətlə yetirib.
Hacıqabul rayon Prokurorluğunun böyük müstəntiqi Vüqar Məlikov deyib ki, İslam Əhmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, xəstəxanada baş tibb bacısı işləyən Bacıxanım Əhmədovaya çox saylı bıçaq xəsarəti yetirərək, qəsdən öldürüb. Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Bacıxanım Əhmədova ürək aortasının kəsilmiş yarası, döş qəfəsinin arxa hissəsindən, sol qoltuğunun altından və bazu nahiyəsindən aldığı bıçaq yaralarından hadisə yerində ölüb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Bacıxanım Əhmədovanın iş yoldaşları bildirib ki, onun həyat yoldaşı tüfeyli həyat tərzi yaşayıb. Bu səbəbdən Bacıxanım Əhmədova məhkəməyə boşanma ərizəsi ilə müraciət edib. Ehtimal olunur ki, qətl də elə bu zəmində baş verib.