Xətai sakinləri təhlükə altındadır: Evlərinə bitişik bina tikilir - FOTOLAR + VİDEO

Xətai sakinləri təhlükə altındadır: Evlərinə bitişik bina tikilir - FOTOLAR + VİDEO
Bütün Xəbərlər
15:24 06.10.2015
3211

Paytaxtda aparılan inşaat işlərində tikinti normalarına və təhlükəsizlik qaydalarına riayət olunmaması artıq heç kəsə sirr deyil.

Bu mənfi tendensiya xüsusilə də hündürmərtəbəli binaların tikinti zamanı yaşanır. Özlərinə “arxa” tapan tikinti şirkətləri binaları biri-birinə hədsiz yaxın məsafədə inşa edir, digər binanın mənzillərini gün işığından, təmiz havadan məhrum edirlər. Üstəlik, binaların yaxınlığında aparılan inşaat işləri ətrafdakı tikililər üçün təhlükə mənbəyinə çevrilir.

Eyni vəziyyətlə Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yaşayan binanın sakinləri hazırda üz-üzədir. Sakinlər indiyədək bir çox əlaqədar qurumlara müraciət etsələr də, başlarının üstünü almış təhlükə ilə heç kim maraqlanmayıb. Demək olar ki, binaya bitişik aparılan tikinti işlərinin əhatə dairəsi isə getdikcə genişlənir. Binanın həm yanında, həm də tam qarşısında hündürmərtəbəli yeni binaların tikintisi aparılır. Bu isə bina sakinlərinin günəş işığından məhrum edilməsi və mənzillərə hava axınının sərbəst daxil olmasının qarşısının alınması deməkdir. İnşaat işləri binaya çox yaxın məsafədə aparıldığından sakinlər binanın tərpəndiyini müşahidə edirlər.

Təhlükənin getdikcə artdığını görən sakinlər yaranmış vəziyyətlə bağlı rəsmi qurumlara müraciət ediblər. Müraciətdə deyilir:

“Biz, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yaşayan binanın sakinləri real təhlükə qarşısındayıq. Hazırda yaşadığımız binada bir neçə il təhlükəsiz, rahat şəraitdə yaşamışıq. Amma artıq rahatlığımız pozulub, həyatımız üçün böyük təhlükə yaranıb. Səbəbsə binamızın yanında 12 mərtəbəli binanın tikintisinə başlanmasıdır. Binaları inşa edən MMC rəhbərliyi isə bizə məhəl qoymur. İnşaat aparılan ərazidə qazıntı işləri zamanı yeraltı suların üzə çıxdığını hamı görürdü. Belə bir təhlükəli vəziyyət ola-ola tikintini yenə davam etdirdilər. Bizim bina ilə yeni tikilməkdə olan binalar arasında məsafə də çox az qoyulub – təxminən 12 metr. Halbuki, ali qanunverici orqan olan Milli Məclisin təsdiqlədiyi “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsində binaların tikintisi zamanı ara məsafələrin hansı uzunluqda olması öz əksini tapıb. Qanuna görə, binalar arasındakı məsafə mərtəbələrin hündürlüyünün 3 qatı qədər olmalıdır. Amma inşa edilən binaların tikintisində heç bir normaya riayət edilmir. Binamız faktiki yeni binaların mühasirəsinə “düşüb”. Keçib getmək üçün yol belə qalmayıb. İşbazlar paytaxt sakinlərinin istirahət hüququnu da əllərindən alır, təmiz havasını, günəş şüasını da. Tikinti binamıza hədsiz yaxın məsafədə aparıldığından binamız titrəyir. Gecələr titrəyişlərdən rahat yata bilmirik. Sanki, hər an binamız uçulub dağılacaq. Ərazidə ağır tonnajlı texnikanın işləməsi bəzi mənzillərdə çatlar əmələ gətirib, divara vurulmuş kafellər uçub tökülüb. İşlər hətta gecələr də dayanmır. Səs-küy və titrəyişlər sakinlərin rahatlığını pozub, səhhətində problem olanların narahatlığı daha da artıb”.

Qeyd edək ki, bina tikintisi ilə bağlı icazəni Bakı şəhər İcra Hakimiyyəti verir. Bunun üçün müəyyən normativlər var. Amma fakt odur ki, bu normativlərə məhəl qoyan yoxdur.

Sakinlər AZXEBER.COM-a şikayət məktublarını göndəriblər. Həmin fotoları təqdim edirik.

OXŞAR XƏBƏRLƏR