​Xəzər insanları “udur”: batmamaq üçün nə etməli?

​Xəzər insanları “udur”: batmamaq üçün nə etməli?
SOSİAL
00:53 27.06.2026
160
Hər il yay mövsümünün gəlişi ilə Xəzər dənizində bədbəxt hadisələrin və boğulma hallarının sayı kəskin şəkildə artır. İsti hava şəraitində sərinləmək üçün çimərliklərə axışan yüzlərlə insan təəssüf ki, bəzən suyun gizli təhlükələrini unudur. Son günlərin acı statistikası hər gün neçə-neçə ailəyə böyük kədər "bəxş edir” və mövzunun nə dərəcədə aktual olduğunu bir daha ortaya qoyur.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən təhlükəsizlik eksperti Cavid Məmmədov dənizdə bədbəxt hadisələrin qarşısını almaq üçün ilk növbədə fərdi məsuliyyətin vacib olduğunu bildirib.

O qeyd edib ki, dənizə istirahətə gedən insanlar sağ qalmaq üçün müəyyən olunmuş qaydalara mütləq riayət etməlidirlər:

"İlk növbədə, vətəndaşlarımız yalnız xilasedicilərin fəaliyyət göstərdiyi və çimməyə rəsmi icazə verilən əraziləri seçməlidirlər. Xəzər üçün xarakterik olan "rip axınları”, yəni insanı geriyə, dənizə doğru çəkən güclü su axını zamanı panikaya düşmək olmaz. Belə vəziyyətdə sahilə doğru deyil, sahilə paralel şəkildə üzərək axından çıxmaq lazımdır. Güclü külək və dalğalı havalarda peşəkar üzgüçülər belə dənizə girməkdən çəkinməlidir. Digər tərəfdən, valideynlər azyaşlıları dəniz kənarında bir saniyə belə nəzarətsiz qoymamalıdırlar. Spirtli içki qəbul edib suya daxil olmaq isə birbaşa intihardır, çünki sərxoşluq insanın risk hissini tamamilə itirir və real təhlükəni vaxtında qiymətləndirməyə mane olur. Alkoqol mərkəzi sinir sistemini keyitdiyindən bədənin koordinasiyasını pozur, hərəkətləri ləngidir və ürək-damar sisteminə düşən ağırlığı kəskin şəkildə artırır. Xüsusilə isti havada spirtli içki qəbul edib soyuq suya qəfil daxil olmaq kəskin temperatur fərqi yaradır ki, bu da əzələlərdə ani qıcolmalara və damar daralması nəticəsində ürək dayanmasına səbəb olur. Son olaraq, sahildən çox uzaqlaşmamağa və çimərliklərdə quraşdırılmış xəbərdarlıq nişanlarını keçməməyə ciddi şəkildə riayət olunmalıdır”.

Ekspert bildirib ki, sadalanan bu sadə qaydalara əməl etmək hər bir vətəndaşın öz əlindədir və bu, insanı real ölüm təhlükəsindən xilas edə bilər.
OXŞAR XƏBƏRLƏR