Futbol üzrə Unibank Premyer Liqasının XIV turunun oyunlarına noyabrın 25-də keçirilmiş 3 oyunla start verilib.
Ilk oyun günündə meydan sahibləri qələbəyə həsrət qalıblar.
Lakin qonaqlardan yalnız “Xəzər Lənkəran” üçün nəticə əlverişsiz olub. Lider Zaqatalada “Simurq”la qarşılaşmanın ilk yarısında 2:0 hesabı ilə önə keçsə də, fasilədən sonra üstünlüyünü qoruya bilməyib. Lənkəran komandasının ilk qolunun müəllifi Katalin Doman qırmızı vərəqə alarkən, 1:2 hesabı ilə geridə olan meydan sahibləri tezliklə bərabərlik qolunu da vurublar. Ardıcıl 3-cü matçında qələbəyə həsrət qalan “Xəzər Lənkəran” liderliyini qorusa da, noyabrın 26-da “Neftçi” və ya “İnter”in qələbələri təqdirində mövqeyini itirə bilər.
Ötən tur əsas futbolçuları və baş məşqçi Əsgər Abdullayev olmadan “Bakı”ya 0:5 hesabı ilə uduzmuş “Turan” bu dəfə Gəncədə yeni baş məşqçi Mirbağır İsayevin rəhbərliyi altında ilk oyununa çıxan “Kəpəz”dən xal almağı bacarıb. Tovuz klubu bərabərlik qolunu son dəqiqədə vurub.
Qalib gələn yeganə komanda isə “Rəvan” olub. Paytaxt klubu Sumqayıt şəhərində eyniadlı komandanı minimal hesabla yenib.
14:00. “Qarabağ” (Ağdam) – “Neftçi” (Bakı) Hakimlər: Anar Salmanov, Elman Musayev, Rahil Ramazanov, Rəhim Həsənov AFFA nümayəndələri: Şaiq Həmidov Hakim-inspektor: Füzuli Nəcəfov Ağdam, Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
13:30. “Bakı” – “Qəbələ” Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, İnqilab Məmmədov AFFA nümayəndələri: Oqtay Abdullayev Hakim-inspektor: Kərim Ağayev “Bakı” futbol klubunun təlim-məşq bazasının stadionu.