Əfsələddin Ağalarov
Bayram günləri hərdən ürəyim nənəmin bişirdiyi yarpaq dolmasından istəyir. Yadımdadır, bu dolmaların içində gah ət olurdu, gah da yox. Bəlkə də həmin dolmaları mənim üçün doğma edən elə içindəki ətlər olub. Ye ki yeyəsən. Hərdən o qədər acgözlük edirdim ki, çəngəli kənara qoyub çılpaq əllə dolmalara hücum edirdim. Burnumun ucunu göynədən kərə yağının iyi və barmaqlarımın arasından özünə cızma-qara edib qoluma qədər süzülən dolmanın suyu hələ də ağlımın ən gözəl köşəsindədir.
Bayramların bizim ölkədə qeyd olunması da elə nənəmin hazırladığı dolmalara bənzəyir. İnsana elə gəlir ki, sanki bizim insanlar gizlin-gizlin, qorxa-qorxa bayramı qeyd edirlər. Bakının mərkəzi küçələrində gəzintiyə çıxdığın zaman ətrafda bayramı işarə edən hansısa bir əşyavi dəlilə rast gələ bilmirsən. Bu ölkədə bayramın varlığını yalnız “Facebook”dakı dostların hansısa şəkillərə səni “tag” etməsindən və ya mobil telefona gələn bayram mesajlarından hiss edirsən.
Əslində, bizim işlərimizin demək olar ki, hamısı ala-yarımçıq olur. Yəni tam olaraq bu günə qədər Azərbaycanda hansısa bayramın keçirildiyini hiss etmək heç kəsə qismət olmuyub.
Bayramlar bizim üçün istirahət günlərindən başqa bir şey ifadə etmir. Sanki yalnız buna görə bayramların tez gəlməsini istəyirik. Qaçıb istirahətə getmək üçün. Ramazan bayramında belə oruc tutmayanlar özlərini bayram ab-havasında aparırlar. Sanki bu bayramda hər gün oruc tutub, vaxtı-vaxtında oruclarını açıblar. Sanki bu bayramda, içkidən kənar gəzib “Xırdalan”ın dadına baxmayıblar. Sanki nəfslərinə qalib gəlib söyüş söyməyib, kimisə təhqir etməyiblər. Hətta rüşvət belə almayıblar. Tər-təmiz bayramın haqqını vermək üçün istirahətə yollanırlar. Deməli, burada, bizim təbliğat maşınları düzgün işləmir. Yəni televiziyalarımız xalqı maarifləndirməyin yerinə, içki reklamlarını yayımlamaqla məşğul olur.
Dövr o dövr idi ki, Azərbaycan tamaşaçıları yerli kanallardan dad deyib, Türkiyə kanallarına kütləvi şəkildə üz tuturdu. Həmin dövrlərdə Bakıdakı binaların üzərində mamır kimi çoxalan peyk antenləri “Türk dizi”lərinə baxmağımız üçün bizlərə əvəzsiz yardımçı rolunu oynayırdı.
Yadımdadır, həmin dövrlərdən başlayaraq, Ramazanla bağlı çoxsaylı verilişlər bizim təfəkkürümüzdə İslam sevgisini yaratmağa başladı. İnsanlarımız dini verilişlərə, dini seriallara baxa-baxa bayramların fəlsəfəsini anlamağa başladılar. Bu gün də həmin kanalların yayımladıqları verilişlər bizlərə bayramın nə olduğunu vizual şəkildə nəql edir. Ancaq təəssüflər olsun ki, dövlətin büdcəsindən hər il milyonlar yığan azsaylı televiziyalarımız Ramazanla bağlı hansısa bir maraqlı layihə etmədilər.
Bu yaxınlarda deputat Fazil Mustafa da bu məsələ ilə bağlı Azərbaycan televiziyalarına qarşı od püskürdü. Deputat yalnız ANS-i çıxmaq şərti ilə, digər televiziyları Allaha inadkarlıq etməkdə ittiham etmişdi. Doğrusu, bu açıqlama çox xoşuma gəldi. Ən azından parlamentdə 125 nəfərdən biri başını göyə qaldırıb, bu gerçəkliyi dilə gətirməyi başardı.
Ümidimiz Allaha. İnşallah, əlimizdəki “Xırdalan”ları yerə qoyub, bayram günlərini böyük coşqu ilə qeyd edərik.
Bayramınız mübarək!