Xızının bəzi yaşayış məntəqələrindəki 40-a yaxın fərdi yaşayış evində dərin çatlar əmələ gəlib.ANS TV-nin məlumatına görə, bura Xızı şəhəri, Bəşir Səfəroğlu, Vüsaqi, Mikayıl Müşfiq, Zəngəzur küçələri, eləcə də rayonun Tıxlı və Baxışlı kəndlərində yerləşən evlər daxildir. Sakinlər deyir ki, son bir ildə evlərində çatlar yaranmağa və dərinləşməyə başlayıb.Kənd sakini Sitarə Muradovanın sözlərinə görə, hər şey göz qabağındadı: “Körpə uşaqlıyam, imkanım yoxdur, yaşamaq mümkün deyil. Qışa kimi tezləşdirib tiksələr yaxşı olar. Evdəki çatlar məhz yağışlardan sonra əmələ gəlib”.Təkcə sürüşməyə meylli Xızı qəsəbəsində evi bərbad vəziyyətdə olan daha 20 ailə onlara yeni mənzil tikilməsini gözləyir. Rayon rəsmiləri isə evlərdə çatların əmələ gəlməsini ərazidə təbii texnogen proseslərin çox cərəyan etməsilə əlaqələndirir. Bu ilki quraqlıqsa, vəziyyəti daha da pisləşdirib. Amma rayon rəhbərliyi evləri qəzalı hala düşən sakinlərlə bağlı tədbirlər görür.Xızı rayon icra hakimiyyətinin şöbə müdiri Namiq Quliyev deyir ki, vətəndaşların müraciətilə bağlı 25 fərdi yaşayış evinə baxış keçirildi. Bu evlərdən 21-nin qəzalı olması təsdiqini tapdı. Hazırda aktlaşdırılıb və FHN-ə təqdim olunub. FHN tərəfindən NK qarşısında maliyyə vəsaitinin ayrılması ilə bağlı məsələ qaldırılıb.Daha 14 evin qəzalı vəziyyətilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib və müvafiq araşdırmalara başlanılıb.Namiq Quliyev qeyd edir ki, evlərə baxış keçirilib, hazırda torpaqdan nümunələr görülüb. Əgər təsdiqini tapsa ki, bu evlər tikinti norma və qaydalarının pozulması ilə bağlı deyil, həmin evlərə də köməklik göstəriləcək.Qurumun nümayəndəsi bildirdi ki, rayonda əvvəlki illərdə də təbii proseslərlə bağlı oxşar vəziyyət yaşanıb. Evləri qəzalı 25 sakin üçün FHN tərəfindən yeni evlər inşa olunub və yaxın zamanlarda təqdim olunacaq.