Xocalılar dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət etdilər

Bütün Xəbərlər
11:36 22.02.2011
1909

Xocalı sakinləri Xocalı soyqırımının 19-cu ildönümü münasibətilə dünya dövlətlərinə, BMT-yə, Avropa Şurasına və ATƏT-ə müraciət ediblər. “Biz - 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində erməni millətçiləri tərəfindən törədilmiş soyqırımının möcüzə nəticəsində sağ qalmış şahidləri Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, eyni zamanda, dünyanın bütün mütərəqqi ictimaiyyətinə növbəti dəfə böyük ümidlərlə müraciət edir, Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi zərurətini bir daha sivilizasiyalı beynəlxalq aləmin nəzərinə çatdırırıq”, - deyə müraciətdə bildirilir. 

Müraciət müəllifləri bəyan edirlər ki, İrandan Azərbaycana köçmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə Dağlıq Qarabağda abidə ucaltmış ermənilərin millətçi və ekstremist dairələri tarixi Azərbaycan torpaqları hesabına xəyali “böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədi ilə son iki əsrdə xarici havadarlarının köməyi ilə Azərbaycana qarşı işğalçılıq siyasətini ardıcıl şəkildə həyata keçirib, bu məkrli məqsədə çatmaq üçün zaman-zaman çoxsaylı terror aksiyaları və kütləvi qırğınlar, deportasiya və soyqırımı kimi bəşəri cinayətlər törədiblər: “Çoxsaylı tarixi sənədlər şahidlik edir ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Qafqazda öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan yüz minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş və dədə-baba torpaqlarından didərgin salınıb. 1988-1989-cu illərdə Ermənistanda öz tarixi-etnik torpaqlarında yaşayan 250 mindən artıq azərbaycanlı son nəfərinə kimi deportasiya edilib, bu qanlı aksiya zamanı yüzlərlə günahsız insan – qocalar, qadınlar, uşaqlar vəhşicəsinə qətlə yetirilib. Nəticədə Ermənistan erməni millətçilərinin illərlə arzusunda olduqları monoetnik dövlətə çevrilib”.

Müraciətdə bildirilir ki, 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları yenidən baş qaldırıb, bu məqsədlə Dağlıq Qarabağda heç bir tarixi, siyasi, etnik əsası olmayan erməni separatizminə rəvac verilib. Artıq 20 ilə yaxındır ki, Azərbaycan torpaqlarının 20 faizi, o cümlədən Dağlıq Qarabağ inzibati-ərazi bölgüsünə daxil olmayan və 1990-cı illərin əvvəllərinədək bütünlüklə, azərbaycanlıların yaşamış olduqları 7 rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır: “1 milyondan artıq azərbaycanlı öz əzəli yurdlarından vəhşicəsinə qovulub, on minlərlə adam qətlə yetirilib və şikəst edilib. İndiyədək erməni girovluğundan 1400-ə yaxın azərbaycanlı azad edilsə də, Ermənistanın və Dağlıq Qarabağın həbs düşərgələrində ağlasığmaz təhqir və işgəncələrdən əziyyət çəkən 4 mindən artıq Azərbaycan vətəndaşının taleyi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır. İşğal zonasında yüzlərlə şəhər və kənd, minlərlə ictimai-mədəni tikili, təhsil və səhiyyə müəssisələri, tarixi- mədəniyyət abidələri, muzeylər, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar yerlə-yeksan edilərək, misli görünməmiş vandalizmə məruz qalıb. İyirminci əsrin 90-cı illərinin əvvəllərində Qarabağın Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban və s. kimi azərbaycanlılar yaşayan kəndlərində erməni silahlılarının törətdikləri kütləvi qırğınlar, Bakıda və digər şəhərlərimizdə həyata keçirilmiş qanlı terror aksiyaları, nəhayət, Xocalı soyqırımı “məzlum və əzabkeş erməni” vicdanında əbədi qara ləkə kimi yaşayacaq tarixi cinayətlərdir”.

Xocalı sakinləri dünya dövlətləri və beyənlxalq təşkilatların diqqətinə çatdırırlar ki, XX əsrin ən dəhşətli faciələri hesab olunan Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakətləri sırasına 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımı da əlavə olunub: “1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus olan və o dövrdə Dağlıq Qarabağın Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə yeddi min nəfərə qədər azərbaycanlı əhalinin yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər (hücum zamanı şəhərdə 3 minə yaxın adam qalmışdı). Həmin vaxta qədər Xocalı şəhəri artıq dörd aydan çox idi ki, tam mühasirə vəziyyətində saxlanılır, əhali tibbi xidmət və ərzaq sarıdan ciddi əziyyət çəkirdi. Şəhərdə çoxlu sayda xəstələr, yaralılar, qocalar, qadınlar və uşaqlar var idi. Həmin gecə Xocalı şəhəri yerlə-yeksan edildi. Əliyalın dinc mülki əhali kütləvi qətliama məruz qaldı - uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv edildi. Erməni millətçiləri XX əsrin sonlarında sivilizasiyalı bəşəriyyət üçün üzqaralığı olan növbəti tarixi cinayəti - Xocalı soyqırımını törətdilər. Bu vəhşi aksiyada məqsəd şəhərin bütün əhalisini məhv etmək idi. Ancaq sırf təsadüflər nəticəsində xeyli Xocalı sakini tarixə şahidlik etmək üçün sağ qaldı. Xocalı soyqırımı nəticəsində 613 nəfər məhv edildi, 1275 nəfər dinc sakin girov götürüldü. Onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyil. Faciə nəticəsində 1000-dən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri ahıl qoca idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlanlar və qızlardır. Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulub, başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib”.

“Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan bu cür qəddarlıq və vəhşilik insan tərəfindən həyata keçirilib, XX əsrin sonunda, dünyanın gözü qarşısında baş verib! Ancaq dünya bilib agah olmalıdır: təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş bu tarixi cinayətin təşkilatçısı özünü bütün dünyaya “əzabkeş və məzlum” millət obrazında təqdim edən davakar erməni millətçiliyidir”, - müraciətdə bildirilir.

Sənəddə o da deyilir ki, artıq 19 ildir ki, məcburi köçkünlük həyatı yaşayan xocalılılar dünyanın bütün sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara ürək ağrısı ilə, eyni zamanda, böyük ümidlərlə müraciət edirlər: “İnanırıq ki, nüfuzlu beynəlxalq təşkilatlar olan BMT, AŞ və ATƏT, sülhsevər qüdrətli ölkələr beynəlxalq hüquqa və bəşəri dəyərlərə məhəl qoymayan təcavüzkar bir dövləti - Ermənistanı haqq-ədalət prinsipləri ilə yaşamağa və qonşu dövlətlərlə sivil münasibətlər qurmağa məcbur edəcək! İşğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin bu günədək icra edilməməsi, ilk növbədə, həmin təşkilatın nüfuzuna ciddi zərbə və beynəlxalq aləmə meydan oxumaqdır. Biz münaqişənin nizama salınmasında Azərbaycan dövlətinin haqlı və ədalətli mövqeyini, eyni zamanda, aparıcı dünya dövlətlərinin və beynəlxalq təşkilatların sülhyaratma səylərini dəstəkləməklə, Ermənistanın beynəlxalq hüququn təməl prinsiplərinə zidd olan təcavüzkar siyasi xəttini təkcə regionda deyil, bütün dünyada sülh və əmin-amanlıq üçün ciddi təhlükə hesab edirik. Bu, labüd gerçəkliyə mütərəqqi beynəlxalq ictimaiyyət laqeyd qalmamalıdır”.

Xocalı əhalisi əminliyini ifadə edir ki, dünya birliyi tərəfindən ədalətli və obyektiv mövqe nümayiş etdiriləcək, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə birmənalı qiymət verilərək ölkəmizin ərazi bütövlüyü təmin olunacaq, bir milyondan artıq qaçqın və məcburi köçkün öz dədə-baba yurdlarına qayıdacaq.

Müraciət Xocalı məcburi köçkünlərinin Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində keçirilən ümumi toplantısında qəbul olunub.

 

OXŞAR XƏBƏRLƏR