Rusiyanın keçmiş Müdafiə naziri Pavel Qraçov bu gün Moskvadakı Vişnevski adına kliniki hospitalda dünyasını dəyişib. Merkez.az-ın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, ölüm faktını hospitaldan təsdiqləyiblər. Səhiyyə müəssisəsinin nümayəndəsi bildirib ki, Pavel Qraçov yerli vaxtla saat 14.40-da (Bakı vaxtı ilə 15.40) vəfat edib.
Keçmiş nazir hospitala sentyabrın 12-də yerləşdirilib və o vaxtdan ağır vəziyyətdə reanimasiya şöbəsində qalıb.
Pavel Qraçov 1992-1996-cı illərdə Rusiyanın müdafiə naziri işləyib. Xoocalı soyqırımını törədən rus generallar arasında onu da adı çəkilir. Bundan başqa, birinci Çeçenistan müharibəsi (1994-1996-cı illər) də onun adı ilə bağlıdır. Sonralar Pavel Qraçov Popov adına Omsk Radio zavodu baş direktorunun müşavirlər qrupunun rəhbəri işləyib.
Pavel Qraçovun Xocalı soyqırımı, eləcə də Şuşa və Laçının işğalında iştirakını rəsmi Bakı da təsdiqləyir. Bu ilin mayında Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Pavel Qraçovun Dağlıq Qarabağ münaqişəsindəki rolu barədə bunları demişdi: “Erməni separatçıları Şuşa və Laçını Rusiyanın keçmiş Müdafiə naziri Pavel Qraçovun dəstəyi ilə işğal ediblər. Şuşanın işğalında ilk yerdə erməni separatçıları durur, ancaq Pavel Qraçov Rusiyaya məxsus olan 366-cı alayının zabit heyətini 100 faiz erməniləşdirib”. Əli Həsənovun sözlərinə görə, Pavel Qraçovun anasının erməni olduğu da heç kimə sirr deyil: “Mayın 8-də Şuşanın işğalı vaxtı Qraçov Rusiyanın müdafiə naziri vəzifəsini icra edib, həmin il mayın 17-də Boris Yeltsin Pavel Qraçovu Rusiyanın müdafiə naziri təyin edib. 1992-ci il mayın 18-də Qraçovun dəstəyi ilə Laçın erməni separatçıları tərəfindən işğal olunub. Qraçov həmin vaxt dövlətə xəyanət edən azərbaycanlılardan, xüsusən Rəhim Qazıyevdən istifadə edib”.